Kökü tapılmalıdır: “Uşaqlar dilənməyə vadar edilir”

Millət vəkili Fazil Mustafa ölkəmizdəki dilənçilərlə bağlı maraqlı təklif səsləndirib. Deputat qeyd edib ki, Azərbaycanda dilənçilər üçün sığınacaq yaradılmalıdır.

F.Mustafa bildirib ki, dilənçilər küçələrdən yığışdırılmalı və islah olunmalıdırlar:

“Dilənçilərin sığınacaqlara yerləşdirilməsi vacibdir. Sığınacaqlarda dilənçilərə gündə üç dəfə yemək verilsin”.

Deputatın təklifini müsbət dəyərləndirdiyini deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə dilənçilərin sığınacağa yerləşdirilməsi mümkündür:



“Amerikada “bomj”lar var idi. Bizi Amerikaya aparanda həmin “bomj”ların yaşayış tərzini göstərirdilər. Onlar küçələrdə dilənmirdilər, sadəcə küçələrdə otururdular. Həmin “bomj”lar üçün sığınacaq da var idi və hər gün onlara yemək verilirdi. Onları həftədə bir dəfə yığıb çimizdirməyə aparırdılar və paltarlarını yuyub özlərinə qaytarırdılar. Bizim dilənçilər isə kiminsə əli altında işləyirlər. Deputatın təklifi ilə razıyam, həqiqətən də küçələrimizdə dilənçilik yığışdırılmalıdır”. 

N.Cəfəroğlu bildirib ki, ölkəmizdə dilənçiliyin kökü tapılmalıdır. Polislər tərəfindən araşdırmalar aparılmalıdır:

“Küçələrdəki dilənçi uşaqlar özbaşına bunu etmirlər, kimsə uşaqları dilənçilik etməyə vadar edir. Bu insanları tapmaq lazımdır. Dilənçilər haradan gəliblər, kim tərəfindən dilənçilik etməyə məruz qalırlar? İçərişəhərdə bir neçə arvad var idi. Onların pensiyaları çatmırdı deyə, oturub dilənçilik edirlər. Heç olmasa belələrinə gündə bir dəfə isti yemək verilməlidir. Evi olmayan dilənçilər üçün isə sığınacaq yaradılmalıdır. 

Hesab edirəm ki, deputatın təklifi çox yaxşıdır. Amma əsas odur ki, dilənçiliyin kökünü tapsınlar. Çünki diləçilərin çoxu ayrı yerdən gəlib, burada dilənçilik edir. Onların çoxu kiminsə “əl”inin altında işləyir. Həmin adamları tapmaq lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu