Elnur Eltürk ittihamlara CAVAB VERDİ 

“Vikipediya”dakı  məqalələrdə yanlış məlumatların olması gözləniləndir” 

“Ona görə də məqalə yazanda real faktlara söykənən mənbələrdən istifadə etmək lazımdır”



Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı feysbuk səhifəsində tarixi əhəmiyyətə malik status paylaşıb. O qeyd edib ki, Şuşa şəhərinin “Vikipediya” məlumatlarında müəyyən yanlışlıq var: “Vikipediya”da Şuşada 552 körpənin valideyni itirməsi faktı səhvdir. 

“Vikipediyada belə bir cümlə var- "1992-ci ildə Şuşa şəhəri tamamilə yandırılıb". Diaspor FM-in "Qarabağ:gerçək tarix" verilişində əsas mənbə kimi vikipediyadan yararlanmağa çalışırıq. Bu məlumatı necə istifadə etmək olar? Bu məlumatlar necə və harda təsdiqini tapır ki, vikipediyada yerləşdirilir. "Şuşada 552 körpə valideynlərini itirmişdir" kimi məlumat da tamamilə səhvdir və ciddi səhvdir. Gözümüzlə gördüyümüz, yaşadığımız tarixlə bağlı qeyri-dəqiq məlumatları kimlər və hansı məqsədlə yayır?”.

İttihamlara cavab verən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk “Sherg.az”a açıqlamasında vurğulayıb ki, bu gün “Vikipediya”nın Azərbaycan dil bölməsində 160 minə yaxın məqalə var. “Vikipediya” açıq ensiklopediya olduğu üçün istənilən şəxs, burada məqalə yarada və redaktə edə bilər:

“Amma bunu “Vikipediya”nın qaydaları çərçivəsində etməlidir. Məqalələrdə yanlış məlumatların olması gözləniləndir. “Vikipediya” yanlışlıqları redaktə etmək imkanını da yaradır. Ancaq hansısa məqaləni yazarkən xüsusilə, dəqiqləşdirilmiş və real faktlara söykənən mənbələrdən istifadə etmək lazımdır. Xüsusilə, tarixi mövzularda dəqiq faktlara istinad etmək mütləq vacibdir. Hansısa yanlış məlumat insanları çaşdıra bilər. Qeyd edim ki, Şuşa məqaləsi 2018-ci ildə “Vikipediya”nın Azərbaycan dil bölməsində “yaxşı məqalə” statusu almışdır. Məqalədə “1992-ci ildə Şuşa şəhəri tamamilə yandırılıb” sözü De Vaal, Tomas (2008). “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabına və "Şuşada 552 körpə valideynlərini itirmişdir" sözü isə şuşa.az saytına istinad olub. Məqalənin üzərində işləyən şəxs bu sözü istinadsız yaza bilməz. İki istinad verilib. Məqaləni redaktəni edən şəxs məlumatı bir neçə mənbədən istifadə etsə, yaxsı olar. Ümumiyyətlə, ciddi mövzular üzərində təcrübəli mütəxəssislərin çalışması məsləhətdir. Bu həm də yaradılan məqalənin peşəkar səviyyədə işlənməsinə yol açar. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında illərdir ki, ödənişsiz “Vikipediya” təlimləri keçirilir. Bu sahədə könüllü fəaliyyət göstərmək istəyənlər təlimlərdə iştirak edə bilərlər”.






Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu