Mer dedi, amma mümkün olmayacaq

Bütün çimərliklərdə elektron sifarişlər üçün texniki imkanlar yoxdur

İyun ayında çimərliklərin fəaliyyətə başlayacağı gözlənilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə məlumat verərək bildirib ki, çimərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır. Qaydalara əsasən, insanlar gedəcəyi çimərliyi evdən çıxmamış, əvvəlcədən seçə biləcək.


Böyük çimərliklərdə administrasiyalar yaradılacaq. Rayon icra hakimiyyətinin rəsmiləri buna nəzarət edəcək. Bəzi çimərliklərdə sıxlıq yaranması ehtimalı nəzərə alınaraq elektron sistemdən istifadə edilməsi planlaşdırılır. Yəni, insanlar çimərliyə getmək üçün onlayn müraciət edəcək, əvvəlcədən yer “bron” edəcəklər. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə qeyd edib ki, çimərliklərlə bağlı metodiki göstərişlər hazırlanıb. Yaxın günlərdə bu qaydalar ictimaiyyətə açıqlanacaq.

Sual olunur; bir halda ki, yoluxma sayı artır, ikinci, hətta üçüncü dalğaların da baş verəcəyi ehtimalı var,  o zaman bu dəniz sevdasının səbəbi nə? Virus təhlükəsi sovuşanədək dənizdə çimməkdən imtina etmək olmazmı? Dənizdə çimilməsə, qiyamət qopası deyil ki! Məsələ, pandemiyanın azalmaması, əksinə, yoluxma sayının artmasındadı. İnsanlarımız niyə belə məsuliyyətsiz, səhlənkar davranır, cavab tapmaq çətindir. Çimərlikdə sosial məsafə necə qorunacaq? Hə, anlaşılandı, oturacaqlar arasında məsafə qoyulacaq. Tutalım, kafe və restoranlarda sıxlığa icazə verilməyəcək və sairə. Bəs dənizin ortasında üzənlər, üzə bilməyib də ləpədöyəndə atlanıb-düşənlər, qumsalda günəşlənənlər arasında sosial məsafəyə riayət edilməsi mümkün olacaqmı? Çimərlik kütləvi istirahət məkanıdır. Və məntiqi olaraq da belə yerdə yoluxma riski daha artıq ola bilər. 



İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında koronavirus təhlükəsinin hələ sovuşmadığını bildirdi: 

- Bir halda ki, cənab Prezident “virus təhlükəsi hələ bitməyib” deyir, mən Prezidentə inanıram. Belə olan halda çimərliklərin istifadəyə verilməsi, düşünürəm ki, vaxtından tez verilmiş qərardır. Son statistikaya görə, 240 min test aparılıb,  yoluxma sayı isə 3518-dir. Bu, onu göstərir ki, maksimum ehtiyatlı olmalıyıq. Çimərliklərdə karantin və təhlükəsizlik qaydalarına riayət etmək çətin olacaq. Park və bulvarlarda qrup halında gəzintilər məsləhət görülmür. Hərçənd müşahidə etmişəm ki, valideynlər parklarda qrup halında gəzişir, 5-6 nəfər sosial məsafə gözləmədən söhbət edir, yanlarında körpə, uşaq… Əhali anlamalı və qəbul etməlidir ki, virus təhlükəsi hələ də mövcuddur.

Nə qədər ki, virus təhlükəsinin bitdiyinə dair rəsmi açıqlama, elan verilməyib, ehtiyatlı davranmalıyıq. Təəssüf ki, bəzən insanların məsuliyyətsizliyinin və səhlənkarlığının şahidi oluruq. Çimərliklərin açılmasına gəlincə, bütün çimərliklərdə elektron sifarişlər üçün texniki imkanlar varmı? Tutalım, çətirləri bir-birindən aralı quraşdırdılar, bəs sonra?  Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətçiləri, ya da polis əməkdaşları səhərdən axşamadək sahildə gəzişib insanlara nəzarət edəcək, “bir-birinizdən aralı dayanın” çağırışı edəcək?

Bu, qeyri-mümkün görünür. Çimərliyi olan otellər, əyləncə mərkəzləri başqadır. Orda müştərilərin sayına diqqət edib, sıxlıq yaranmasının qarşısını almaq olar. Məhdud çərçivədə müştəri qəbuluna icazə vermək mümkündü.  Kütləvi çimərliklərdə bu qaydalara riayət etmək mümkün olmayacaq. Dənizin içində məsafəni qorumaq qeyri-mümkündü. Hətta gülməli hal alınar.

A.Allahverənov qeyd etdi ki, verilən qərarlarda mövcud reallıq nəzərə alınmalıdır: 

- Yay mövsümündə çimərliyə getməməklə alışdığımız bu istirahət növündən korluq çəkə bilərik, amma çimərliyə gedib yoluxmaq və başqalarını da yoluxdurmaqla öz həyatımızı, həmçinin doğmalarımızın, yaxınlarımızın həyatını risk altına atmış olacağıq. Məncə, koronavirus bizə həm də istəklərimizə sədd qoymağı öyrədir. Arzular, istəklər hüdudsuz olmamalıdır. İnsan cəmiyyətin üzvü olaraq tək özünü deyil, ətrafdakıları da düşünməlidir.                       

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu