Gözü yolda qalan 7 min tələbə var

Türkiyədən Azərbaycana boylananların çoxu imkansızdır


Bu günlərdə sosial şəbəkədə Türkiyədə yaşayan azərbaycanlı tələbələrlə bağlı məyusedici məlumatlar yayılıb. Pandemiya səbəbindən qardaş ölkədə "girov" qalan gənclərimizin çıxılmaz vəziyyətdə, hətta bir tikə çörəyə möhtac olduqları iddia edilir. Sözügedən narazılıqlara keçməzdən əvvəl qeyd edək ki, Türkiyənin 81 vilayətində yerləşən 79 müxtəlif universitetdə 21 479 azərbaycanlı tələbə təhsil alır. Onlardan bir çoxu koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində iki ölkə arasında quru və hava əlaqəsi qeyri-müəyyən müddətədək dayandırılmamışdan əvvəl Vətənə dönə biliblər. Ancaq bununla belə, hələ də Türkiyədə  qalan xeyli sayda azərbaycanlı tələbə var. 
Türkiyədə yaşayan həmyerlimiz jurnalist Könül Şamilqızı şəxsi feysbuk hesabında qardaş ölkədə qalan tələbələrin çətin durumda olduğundan yazıb:
"Türkiyədə qalan tələbələrin artıq burada bir işi yoxdu - dərslər olmayacaq, yurdlardan çıxarılıblar, evləri boşaltmalıdırlar, işləri-gücləri, pulları, yeməkləri yoxdu. Bu uşaqlar Azərbaycana təxliyə edilməlidir.  Özü də ceyran belindəki bilet qiymətləriylə deyil, normal qiymətlərlə. Bunu eləmək  dövlətin borcudur. 
Yazıqdı bu gənclər, bu yaşlarında kiməsə ağız açmağa məcbur etməyin!
 Ögeday Nigar mənə Samsunda iki qız tələbənin çox çətin vəziyyətdə olduğunu yazıb. Danışdım o qızlardan biriylə - iki bacıdırlar. Körpə uşaqlardı. Bir evdə qalırlar, ailələrinin də  imkanı yoxdu.  Ölkəyə getmək istəyirlər, aparan yoxdu, qalıblar körpə canlarıyla bir sürü problemin ortasında. Sağ olsunlar, sözümüzü yerə salmayan dostlarımız var, onlar gücləri çatanı elədilər. Amma belə problem həll olunmur. Sentyabra qədər dərs də yoxdu Türkiyədə".
Sosial Araşdırmalar İctimai Birliyinin sədri  Qadir İbrahimli də öz səhifəsində  Türkiyədə qalan soydaşlarımızın taleyindən narahatlığını ifadə edib:   
"Azərbaycan hökumətindən dönə-dönə xahiş edirəm - Türkiyədə təhsil alan və ölkəyə qayıda bilməyən 7 min yeniyetmə-gəncin ölkəyə dönüşünü təcili təmin etsin. Onsuz da sentyabra qədər universitetlər bağlıdır - imtahanlar yalnız onlayn olacaq. 7 min tələbənin çoxu köməksiz vəziyyətdədir - karantin rejiminə görə yataqxanalardan çıxarılıblar, kirayə qalmağa isə pulları yoxdur".

Millət vəkili Fazil Mustafa isə "Şərq"ə açıqlamasında  deyib ki, tələbələrə yardım və onların ölkəyə qayıtması ilə bağlı məsələlərin hamısı Azərbaycan hökuməti tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, burada qabardılacaq məsələ Türkiyədə qalan tələbələrə maddi yardım göstərilməsi deyil:

"Onsuz da bu istiqamətdə səfirlik, konsulluq və digər qurumlar  tələbələrə yardım xarakterli addımlar atırlar.  Problemin tək həlli onların ölkəyə gəlişini təşkil etməkdir. Hava yolu ilə ölkəyə giriş mümkün olmadığı üçün tələbələrimiz orda çətin günlər yaşayır.  Düzdür, Türkiyədən dəfələrlə çarter reyslər təşkil olunub, təhsil alan tələbələrin xüsusi reyslər vasitəsilə ölkəyə gətirilməsi istiqamətində real addımlar atılıb. Lakin  söhbət Azərbaycanın çoxsaylı vətəndaşlarından getdiyi üçün  problem tam şəkildə öz həllini tapmayıb. Sözsüz ki, onların da  dönüşü  mərhələli şəkildə həyata keçiriləcək və onların təxliyəsi nəzərə alınacaq. Amma tələbələrimizin çətin  durumunu göz önünə alaraq hər nə qədər çətin olsa da , bir yolunu tapıb bir az daha sürətləndirmək lazımdır. Hava yolu ilə mümkün olmasa da, quru yolla onların ölkəyə gəlişini təmin edib ailələrinə təhvil vermək lazımdır. Amma bu zaman da Naxçıvandan Bakıya uçuşların dayandırılması problemi ortaya çıxır. Tələbələrimizin vəziyyətini başa düşürəm, ağır günlər yaşayırlar, lakin buna  görə dövləti də qınamaq düzgün deyil.  Aidiyyəti qurumlar əlindən gələni edir, amma onlar başqa ölkədə olduğu üçün hər ehtiyaclarını ödəməyə dövlətin əli çatmır.  

Karantin səbəbi ilə Türkiyədə qalan tələbələrin yad ölkədə çarəsiz qalması kimi təqdim edilməsinin əleyhinə olan Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramova görə, Türkiyə yad yox, qardaş ölkədir:

"Hər bir azərbaycanlı üçün Türkiyə ikinci Vətəndir. Eyni ilə də türkiyəlilər üçün Azərbaycan vətəndir. Orada təhsil aldığım üçün insanlarına bələdəm. Kifayət qədər qonaqpərvər və yardımsevərdirlər".
 Türkiyədə   təhsil alan əksər azərbaycanlı tələbələrin koronavirusla əlaqədar olaraq  Azərbaycana qayıtdığını vurğulayan Birlik sədri  deyib ki, dövlətin  bu yöndə səylərinə baxmayaraq karantin rejimini orada keçirən azərbaycanlılarımız da kifayət qədərdir: "Düzdür, orada təhsil alan 21 mindən artıq  tələbənin hamısı imkansız deyil. Aralarında imkanlı və orta təbəqənin nümayəndələri  də var və öz keçimlərini təmin edirlər. Təhsil müddətində tələbə yataqxanalarında  qalan tələbələrin isə  bir hissəsi artıq evlərinə qayıdıb. Orada qalan 7 min  tələbənin isə bir çoxunun valideyni ölkəyə qayıtmalarını istəməmişdi. Elə hesab etdilər ki, bir aydan sonra karantin bitəcək və dərslər yenidən açılacaq. Ona görə də ölkəyə qayıtmaq  əvəzinə yataqxanalardan çıxarıb kirayə evlərə yerləşdirdilər. Gənclər də bir müddət "part-time" işləyərək, minimum tələbatlarını ödəyə bildilər. Hazırda isə bu mümkün olmadığı üçün həmin tələbələr yemək və yaşamaq çətinlikləri olduqlarını bildirirlər. Pandemiya uzun çəkdiyi üçün Azərbaycanda da iş yerləri bağlı qaldı. Bu səbəbdən ailələr  övladlarını maddi cəhətdən təmin edə, ev kirayələrini göndərə bilmədilər. Karantin müddətində səfirlik oradakı tələbələrin bir hissəsinə  200 lirə dəyərində  maddi dəstək  etsə də, bu, yetərli olmadı. Bir şeyi də nəzərinizə çatdırım ki, qardaş ölkədə  karantin rejimi bizdəkindən qat-qat sərt oldu. Komendant saatları tətbiq olunduğu üçün gənclər özlərini azadlığı əlindən alınmış məhbus kimi hiss etməyə başladılar. Yəni bir tərəfdən maddi, digər tərəfdən mənəvi sıxıntılar onların  həyatını dözülməz vəziyyətə gətirib  çıxardı. Maddi sıxıntı, istədikləri kimi qidalana, rahat həyat yaşaya bilməmələri kimi problemlər üst-üstə yığıldı. Bir yandan da ailələrindən ötrü darıxırlar deyə bu durumdan çıxış yolunu Azərbaycana qayıtmaqda görürlər.  Lakin səfirliyimiz bu yöndə çox ləng işləyir. Daha doğrusu, tələbələrin sayı çox olduğundan Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova təkbaşına işin öhdəsindən gələ bilmir.  Hesab edirəm ki,  Azərbaycan dövləti başqa bir formada karantində qalan tələbələrə sahib çıxmalı, onların ölkəyə gətirilməsi prosesini sürətləndirməlidir. Bildiyim qədəri ilə çarter resylər konsulluğun, səfirliyin sifarişi ilə həyata   keçirilir. Odur ki,  çətinliklə üzləşən vətəndaşlarımız sosial şəbəkələrdə yardım istəmək əvəzinə diplomatik nümayəndəliklərə müraciət edərək özlərinin vəziyyətləri ilə bağlı məlumat versələr, ölkəyə qayıtmaq istəkləri ilə bağlı aidiyyəti şəxsləri məlumatlandırsalar daha yaxşı olar".  
Ç.Bayramovun sözlərinə görə, müraciətlər zamanı yaşanan sıxlığı aradan qaldırmaq üçün də Təhsil Nazirliyi  səfirlikdəki təmsilçilərinin sayını artırmalıdır. Ən azından hər şəhər üzrə  bir nəfər ayırıb bu işi ona  tapşırsınlar ki, ölkəyə qayıtmaq istəyən tələbələrin siyahısını   hazırlamaq asan olsun: "Məncə, Təhsil Müşavirliyi adlı bir qurum da yaradıla bilər. Bu şəxslərin səfirlik daxilində fəaliyyət göstərməsi onların səlahiyyətlərini məhdudlaşdırır. Belə bir qurumun fəaliyyətini təmin etmək dövlətimizin imkanları daxilindədir. 

Bu addımlar atılana qədər isə Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin rəhbərlərindən, eyni zamanda fəaliyyətini Azərbaycanda quran qardaş ölkənin şirkətlərindən  xahiş edirəm ki, karantində qalan tələbələrimizə kömək edib, onlara maddi dəstək göstərsinlər. Bu  günlər ötüb keçici, Türkiyə-Azərbaycan qardaşlığı  isə daimidir. Vaxt gələcək pandemiya səbəbindən çıxılmaz vəziyyətdə  qalan tələbələrimiz bu qardaşlığın, dostluğun  möhkəmləndirilməsində  mühüm rol oynayıb, öz töhfələrini verəcəklər". 

Qardaş ölkədə təhsil alan tarixçi, araşdırmaçı Dilqəm Əhməd isə Sherg.az-a tələbələrin diqqətdə saxlanıldığını deyib:

“Bizə deyiblər ki, səfirliyə və ya konsulluğa müraciət edin, qeydiyyatdan keçin. Mən ilk müraciət edənlərdən biri olduğum üçün martın 24-də vətənə qayıda bildim. Türkiyədə azərbaycanlıların sayı kifayət qədər çoxdur. İşləyənlər, təhsil alanlar, istirahatə gedənlər... Səfirlik tələbələrdən ötrü kampaniya  başladıb. Hər ay onlara yardım edilir. Amma analoji təşəbbüsü bütün azərbaycanlılar üçün keçirmək mümkün deyil. Çünki Türkiyədə nə qədər azərbaycanlının olduğu da dəqiq məlum deyil. Ona görə dövlət tələbələrə, xəstələrə xüsusi qayğı göstərir”. 
D.Əhmədin fikrincə, həmvətənlərimizin, o cümlədən tələbələrin vəziyyətinin daha çətinləşməməsi üçün iki variant var: “Birincisi, səfirlik tələbə və xəstələrə ayırdığı yardımın miqdarını artırmalıdır. Elə tələbə var ki, heç yardım almayıb. Bəzisi isə ikinci dəfə bu imkandan yararlanıb. Yəni məsələyə daha məsuliyyətlə yanaşmaq lazımdır. İkinci çıxış yolu isə çarter reyslərinin sayının artırılmasıdır. Həftədə 4-5 çarter reysi olsa, bəlkə, tələbələrimizin hamısı yaxın gələcəkdə ölkəyə gələ bilərlər. Hərçənd ki, bu da asan görünmür. Çünki bir təyyarə 190-200 sərnişin tutur”.   

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu