“Fədakar müəllimləri də düşünmək lazımdır” – Təhsil haqları ödənilməlidir !

“Ali məktəblərin yeganə gəlir mənbəyi olan təhsil haqlarının 83-85 faizi əmək haqlarına sərf olunur”

“Buna görə də tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar”


"Cəmiyyətdə pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil. Pandemiya Ali məktəblər qarşısında eyni zamanda 3 problem yaradıb. Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq, üçüncüsü çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq". 
Bu sözləri millət tələbələrin təhsil haqlarının ödənib- ödənməməsi ətrafında gedən müzakirələrə aydınlıq gətirən millət vəkili Etibar Əliyev deyib.
Distant təhsil ətrafında geniş imitasiyaların mövcud olduğunu vurğulayan millət vəkili hesab edir ki, bütün universitetlər və bütün tələbələrlə bağlı universal qərar qəbul etmək mümkün deyil: 

" Bütün dünyada belədir. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirdilər. Müşahidələrimiz göstərir ki, universitet var ki, günə 900 distant dərs təşkil edə bildi. Təhsil nazirliyi və müstəqil ekspertlər təhsilin bu növünü yetərincə yüksək səviyyədə təşkil edənləri və təşkil edə bilməyənləri aşkar etməlidirlər. Sual yaranır. Ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan təhsil haqlarının 83-85 faizi əmək haqlarına sərf olunur. Bu il dövlət sifarişli yerlər 16.000 nəfər artırılıb. Ödənişli təhsil alan tələbələr də təhsil nailiyyətlərinə görə təqaüd alırlar. Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar tələbələr üçün yüksək güzəştlərdir". 

Ali məktəb rəhbərlərinin pandemiyanın tələbələrin təhsilinə təsirini yumşaltmaq məqsədilə müxtəlif güzəştlər həyata keçirdiyini vurğulayan E. Əliyevin fikrincə, bununla yanaşı müəllimləri də düşünmək lazımdır: 

"Pandemiya dövründə ən böyük fədakarlığı həkimlər və müəllimlər etdilər. Lakin həkimlər illər ərzində gördüyü işi, müəllimlər isə heç vaxt görmədikləri yeni işi etdilər: Distant dərslər apardılar. Təhsilin bütün pillələrində çalışan müəllimlər bu dövr ərzində müxtəlif vasitələrlə dərs keçməyə çalışdılar. Əlbəttə ki, bilik qazanmaq istəyi olan tələbələrin böyük kəsimi bundan bəhrələndilər. Tələbələrin kursdan-kursa keçmələri məsələsində problem yaradılmamalıdır. Distant təhsilin təşkili ənənəvi təhsildən qat-qat çətindir. Buna görə də tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük də dövlətin üzərinə düşməməlidir. Onsuz da tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsinə imkanlar verilir.Dövlətin dəstəyi ilə vətəndaşın dəstəyi uzlaşmalı və vəhdət təşkil etməlidir. “Birlikdə güclüyük” paradiqması isə bunun fəlsəfəsini təşkil etməlidir. Onu da deyim ki, elə ali məktəblər var, plan yerləri 70-80 faiz dolub. Bunun özü də müəllimlərin əməkhaqqının ödənilməsində ciddi problemlər yaradırdı". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu