“Dövlət hər zaman gənclərə böyük dəstək göstərir”

“Dövlət rəhbərliyi daim gənclərimizə çağırışlar edir, onları ölkənin həyatında daha fəal iştiraka səsləyir”



Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir.
Bu fikirləri Prezident İlham Əliyev mayın 19-da 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.



Dövlət başçısının hərzaman ölkə gənclərini dəstəkləyib, onlara hərtərəfli qayğı göstərdiyini vurğulayan  siyasi şərhçi  Anar İmanov  “Sherg.az”a deyib ki, bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir: 

" Son zamanlar yüksək vəzifələr daha çox gənclərə həvalə olunur, onlar irəli çəkilir, onlara yüksək inam və etimad göstərilir. Misal üçün, son dəyişikliklər nəticəsində icra hakimiyyətlərində rəhbər vəzifələr daha çox gənclərə həvalə olunur. Son seçkilərdən sonra  Milli Məclisdə gənclər daha çox təmsil olunur. Azərbaycanın uğurlu gələcəyi məhz bugünkü gənclərdən asılıdır. Müasir çağırışlara daha çevik reaksiya verə bilən, yeni texnologiyaların idarəolunmasında fəal olan gənclərimiz gələcəkdə çox mühüm işlər görəcəklər. Hazırda da Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar və yaxın gələcəkdə daha da fəal iştirak edəcəklər".

Dövlətin hər zaman gənclərə böyük dəstək göstərdiyini vurğulayan siyasi şərhçi deyib ki, dövlət rəhbərliyi daim gənclərimizə çağırışlar edir, onları ölkənin həyatında daha fəal iştiraka səsləyir:

 "Əlbəttə ki, mühüm işlərin görülməsi üçün hər bir gənc öz üzərində işləyib, təhsilini artırmalıdır. Bu məsələdə də dövlətimiz gənclərə böyü dəstək göstərir. Təhsil sahəsində islahatlar həyata keçirilir, bir çox gəncə ölkədə bu məsələdə dəstək göstərilir. Bundan başqa dövlət xətti ilə gənclərimiz xaricdə təhsil alırlar. Bilkilərini, bacarıqlarını, təhsilini artırıb, sabah bu gənclər ölkəmizə dəstək olacaqlar, dövlətimizi daha da gücləndirəcəklər. Bu gün bütün dünyada gənc peşəkarlara daha çox ehtiyac var. Və bu gün Azərbaycanda gənclərin irəli çəkilməsində böyük işlər görülür. Fikirlərimi Prezident İlham Əliyevin sözləri ilə bitirmək istərdim: Gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu