“Məqsəd danışıqları pozmaq, işğalçılığı davam etdirməkdir”

Elçin Əhmədov: “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hüquqazidd addımları onun təcavüzkar siyasətini göstərir”



“Beynəlxalq hüququn bütün fundamental prinsiplərini kobud şəkildə pozan Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyətlərlə cinayətkar rejimin guya “tanınması” görüntüsü yaradaraq Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi bütün vasitələrlə dünyaya çatdırmağa çalışır”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Professor bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə artıq neçənci dəfədir ki, qondarma “seçkilər” keçirilir: 

“Bu cür “seçkilər”in, eləcə də hazırda işğal altlnda olan Azərbaycanın tarixi mədəniyyət mərkəzi - Şuşa şəhərində Ermənistan rəhbərinin iştirakı ilə “andiçmə mərasimi”nin təşkil olunması təcavüzkarın ölkəmizə qarşı açıq-aşkar işğalçılıq siyasətini göstərir. Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə zidd olaraq, eləcə də digər beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək, beynəlxalq birliyin ona qarşı cəzasızlığından istifadə edərək Azərbaycanın işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil etməklə yanaşı, özünün digər qanunsuz hərəkətləri ilə də, yəni, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyəti ilə, xüsusilə məskunlaşdırma siyasətinin aparılması, demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi regionda sülhün bərqərar olmasına ciddi təhlükə yaradır. XX əsrin sonunda beynəlxalq hüququn bütün fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edən Ermənistan, 28 il əvvəl Xocalı soyqırımını törədib, tarixən Dağlıq Qarabağda və ətraf yeddi rayonda yaşamış azərbaycanlılar öz doğma yurdlarından məcburən köçkün düşüblər. Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Bu baxımdan, Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir”.

Elçin Əhmədov qeyd edib ki, bundan əlavə, münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Ermənistan tərəfindən yaradılan və hazırda onun nəzarətində olan Dağlıq Qarabağdakı cinayətkar və qondarma qurumun “tərəf” kimi iştirakının təmin olunmasını istəyir: 

“Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil “tərəf” kimi danışıqlarda iştirakı məsələsi nəinki 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan adıçəkilən bəyannaməni imzalamazdı. Bununla yanaşı, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsidir, danışıqlar da Ermənistan ilə Azərbaycan arasında aparılır və bu, beynəlxalq formatdır. Keçən dövr ərzində Ermənistan nəinki işğalçılıq siyasətindən əl çəkməmiş, əksinə, son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqlar prosesini pozmaq və işğalçılıq siyasətini davam etdirməkdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın nəzarətində olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkiləri” heç vaxt tanımayıb. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Sonuncu, qondarma “prezident və parlament seçkilərinin” keçirməsi isə münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar (NATO, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa parlamenti, İƏT, GUAM və s.) və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirilib və tanınmayıb. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”. Ermənistan danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışsa da,  2016-cı ilin Aprel döyüşləri onu da sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ ordusu” mövcud deyil. Orada yalnız Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub. Ona görə də, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız uydurmaları 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. Bunun davamı olaraq 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı dövlətimizin başçısı İlham Əliyev Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu vurğulayaraq bildirib ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərə qarşı Ermənistan tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını bildirən dövlətimizin başçısı qeyd edib ki, bu, əslində onların xislətidir və onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar, bu da heç kimə sirr deyil. Bununla yanaşı, dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqının və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını, torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayaraq deyib: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Azərbaycan nəyin bahasına olursa olsun işğal olunan torpaqlarını azad edəcək”.

E.Əhmədov həmçinin vurğulayıb ki, artıq uzun illərdir ki,  Ermənistanda faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması dövlət səviyyəsində təbliğ edilir: 

“Ermənistan mərkəzində, digər şəhərlərində, eləcə də bəzi xarici ölkələrdə onlara abidələr qoyulur. Küçələrə, meydanlara, təhsil müəssisələri və Müdafiə nazirliyinin hərbi hissələrinə, bir sıra strateji mərkəzlərə onların adı verilir, heykəllər ucaldılır. Bu istiqamətdə kitablar yazılır, filmlər çəkilir, Ermənistanda və erməni lobbisinin ianəsi hesabına bir sıra ölkələrdə təqdimatları keçirilir. Son illərdə Ermənistanın mərkəzində və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması məhz faşizmə olan rəğbətin bariz nümunəsidir. 2016-cı il mayın 28-də Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə şəhərin mərkəzində nasist Njdenin heykəli açıldı. Bununla yanaşı, Ermənilərin faşizm təbliğatı təkcə Ermənistanla məhdudlaşmır. 2013-cü ildə Ermənistanda çəkilmiş “Qaregin Njde” filmi bəzi ölkələrdə nümayiş etdirilmişdir. Ancaq bu “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında danılmaz faktlar xarici ölkələrin arxivlərində, həmçinin Rusiyanın özündə də kifayət qədərdir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə Azərbaycanın tarixi torpaqları olan Naxçıvan, Zəngəzur və Qarabağda Njde və digər erməni terrorçuları azərbaycanlı əhalini kütləvi şəkildə qırmaqla məşğul olmuşlar. Daha sonra isə İkinci Dünya müharibəsində almanların işğal etdikləri torpaqlarda milliyyətindən asılı olmayaraq əsirlərə qarşı amansız qəddarlıqları ilə fərqlənən, Üçüncü Reyxə xidmətləri ilə fəxr etdiklərini bildirən həmin generallara abidə ucaltmaqla Ermənistan hakimiyyəti anti-semitizm ideologiyasını həyata keçirərək, bu gün də irqçi neonasist ideologiyanı davam etdirir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında müsahibəsində vurğulayıb ki, Azərbaycan Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparır və bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, hazırda nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda daha da açıq şəkildə dövlət səviyyəsində etiraf edilir. Eyni zamanda, dövlət başçısı 2019-cu ildə Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışını bir daha xatırladaraq təəssüflə qeyd etdi ki, MDB məkanında, o cümlədən Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması və MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yol verilməməlidir”.

Professor bəyan edib ki, hazırda nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda son illərdə daha da açıq şəkildə dövlət səviyyəsində etiraf edilir: 

“Onu da qeyd etmək lazımdır ki, Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, bu ölkənin baş naziri Nikol Paşinyanın babası Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət edib. Bu faktlar onu təsdiq edir ki, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, çünki cinayətkar cəzasız qalanda bu addımları davam etdirməsinə imkan yaranır və onu şirnikləndirərək daha böyük cinayətlər törətməsinə rəvac verir. Ona görə də Ermənistan rəhbərliyinin nasizmin qəhrəmanlaşdırılması, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu