Ev istehsalı maskalar virusun yayılmasını 90 FAİZ AZALDIR

Bununla belə alimlər, üzü örtən vasitərlərdən düzgün istifadə edilməsində israr edir 
Şəmsiyyə Namazlı: "Ev şəraitində hazırlanan maskalar əgər kətan, pambıq parşalardan tikilibsə, daha çox etibarlıdır"

 Edinburq Universitetinin alimləri ev şəraitində hazırlanan qoruyucu maska və yaylıqların yeni növ koronavirusun yayılmasını önləyə biləcəyini elan ediblər. Alimlər cərrah maskası, respirator, üz nahiyəsini örtən yaylıqlar (həm yüngül, həm də qalın) və ev istehsalı maskalar üzərində test aparıblar. 

 Test aparılması üçün insanın nəfəs alıb-verdiyində və ya öskürək zamanı ağız boşluğundan çıxan dənəciklərin nə qədər məsafə qət etdiyi və hansı istiqamətdə yayıldığını müəyyənləşdirmək üçün komputer texnologiyasından istifadə edilib. Testlərin nəticələri bir xeyli ümidverici olub. Müəyyən edilib ki, ev istehsalı maskalar virusun  nəfəs vasitəsilə yayılmasını 100-də 90 faiz azaldır. Nəticələrə uyğun olaraq da ev şəraitində hazırlanan qoruyucu maskaların COVİD-19-un yayılmasının qarşısını aldığı qənaətinə gəlinib. Və evdə hazırlanan maskalar təhlükəsiz və faydalı hesab edilib. Amma bununla belə alimlər, üzü örtən vasitərlərdən düzgün istifadə edilməsində israr edir və bildirirlər ki, örtülər elə bağlanmalıdır ki, nəfəs alıb-verərkən ağız boşluğundan çıxan dənəciklər ətrafa sıçramasın.
      


 Xatırladaq ki, koronavirus təhlükəsinin ilk vaxtlarında apteklərdə tibbi maska çatışmazlığı yaşandığı zaman əhali arasında evdə qoruyucu maska tikənlər oldu. Hətta maskalar tikib pulsuz paylayanlar da vardı. Sosial şəbəkədə ev şəraitində maska hazırlanmasının üsulları göstərilir və problemdən çıxış yolu kimi insanların özlərinin maska hazırlaması təbliğ olunurdu. Bununla yanaşı ev şəraitində hazırlanan maskaların qoruyucu effektinin az olması fikirləri də səslənirdi və bu, daha çox qeyri-steril şəraitlə, həqiqi tibbi maskaların hansısa xüsusi materialdan hazırlanması ilə izah edilirdi. 

“Şərq”ə açıqlamasında tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı qeyd etdi ki, ev şəraitində hazırlanan maskaların bir sıra üstünlükləri var: 

- Apteklərdə satılan adi tibbi maskaların istifadə müddəti 2-3 saatdır. Sonra maskalar çıxarılıb atılmalıdır. Onları yumaq və təkrar istifadə etmək qətiyyən olmaz. Spirtləməyin də heç bir faydası yoxdur. Bu, sadəcə, özünü aldatma olar. Çünki bu tibbi maskalar birdəfəlik istifadə üçün nəzərdə tutulub. Çünki onlar sintetik materialdan hazırlanır və istifadə zamanı tərləmə yaradır. Məhz maskanın nəmlənməsi virusa yoluxma risqini artırır. Filtrli maskalar fərqlidir. Filtrli olduğundan iç tərəfdə havanın dəyişməsi prosesi gedir, hava axını olduğundan tərləmə baş vermir. Amma bu maskalardan da düzgün istifadə edilməlidir. Onlar çıxarılarkən mütləq iç üzü üstə qoyulmalıdır ki, havadakı virus və ya mikroblar iç tərəfə düşməsin.  Sadə tibbi maskalar isə dediyim kimi birdəfəlik istifadə üçün nəzərdə tutulub. Onların hazırlanmasında istifadə olunan material həkimlərin geyindiyi kombinezonların materialındandır. Kombinezonlar da əyindən çıxarıldıqdan sonra utilizasiya edilir və təkrar istifadəsinə icazə verilmir. Ev şəraitində hazırlanan maskalar isə əgər kətan, pambıq parşalardan tikilibsə, daha çox etibarlıdır. Kətan, pambıq maskalarda nəfəsalma asandı. Kətan parça içəri hava buraxdığı üçün tərləmə baş vermir və virusa yoluxma risqi də azalır. Təbii parçadan olduğu üçün, onları 40 dərəcədə yuyub ütüləyib təkrar istifadə etmək çox asandır. Yəni, uzunmüddətlidir. Qaynatmağa da ehtiyac yoxdur. Demirik, maskalar virusdan tam qoruyur, hər halda nə qədər, neçı faiz qoruyacaqsa, o da qənimətdi. 


Ş.Namazlı ictimai yerlərdə insanların maskasız gəzməsi və sosial məsafə qaydalarına riayət etməmələrinin təhlükəli olduğunu dedi: 

- Küçədə, avtobuslarda maskasız insanları çox görürük. Hətta elə tibb müəssisələri var, əməkdaşlar maska taxmır, sosial məsafəni qorumurlar. Bu, təhlükəlidir. Tibb məssisəsində qaydalara əməl olunmursa, vətəndaşlardan bunu necə tələb etmək olar?! Kiməsə irad bildirəndə də elə baxırlar, sanki ağır bir söz işlətmisən. Halbuki qoruyucu maskalardan istifadə insanın həım özünü, həm də ətrafdakıları qoruması üçün vacibdir.                                                                                                 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu