"Rəssam emosiyalarını fırça ilə ifadə edir, biz də kamera vasitəsilə..." - Dəniz Tacəddin

 "Heç vaxt görüntü xətrinə yaşamamışam. Mənim bir həyat devizim var: ailəni, dostluğu, işi bir-birinə qarışdırmaq olmaz"
"Lazımsız adamlara, mənasız işlərə vaxt ayırmıram. Həyatda ən qiymətli nemətin vaxt olduğunu başa düşürəm"
 
 

Hər dəfə bir həyat yaşayırlar. Həyat verdikləri obrazlarla bəzən böyük istək qazandıqları halda, bəzən də sevilmirlər. Amma yenə də bütün çətinliklərə rəğmən sevdikləri işdən əl çəkmir, yüzlərlə insanın qonağı olur, hətta ailə üzvlərinə çevrilirlər. Söhbər aktyorlardan, aktrisalardan gedir.

Bir də görürsən, bu incəsənət nümayəndələrini canlandırdıqları personajlarla xatırlayır, onların özlərinin də şəxsi həyatı olduqlarını unuduruq. Maraqlıdır ki, cəmi bir neçə ekran əsəri ilə çoxlarının qəlbini fəth edənlər də var. Belələrindən biri də “Eliza”, “Skripkaçı”, “Əli və Nino” kimi filmlərdə rol alan, müxtəlif seriallara çəkilən gənc və gözəl aktrisa Dəniz Tacəddindir. Karantin qaydalarını yumşalmasını fürsət bilib, Dəniz xanımla görüşdük, həmsöhbət olduq:



-Gənc olmağınıza baxmayaraq, kifayət qədər sevilir və tanınırsınız. Sizcə, bu uğurunuzun sirri nədədir?

-Həmişə özümü inkişaf etdirmək istəyirəm. Çalışıram ki, əvvəlki Dənizdən fərqli olum, necə deyərlər, yerimdə saymayım. Həm də həyat düsturum var. Daim prinsiplərinə sadiq qalıram. Fikrimcə, uğurumun kökündə bu dayanır. 

-Prinsipləriniz nələrdir?

-Öz üzərimdə çalışmaq. Yanlışlarımdan dərs çıxarır, atdığım bütün addımları analiz edirəm. Belə olanda növbəti dəfə eyni səhvi təkrarlamıram. Sanki özüm-özümü cilalayıram. 

-Rusiya istehsallı filmlərdə kifayət qədər çox çəkilmisiniz. Bəs Avropadan təklif gəlsə, münasibətiniz necə olar?



-Böyük məmnuniyyətlə qəbul edərəm. Əlbəttə, rejissor işində, ssenaridə müəyyən fərqliliklər ola bilər. Amma ssenarini bəyənsəm, konkret obrazı heç bir çətinik çəkmədən canlandıraram. Həm də ona görə ki, mən 2013-cü ildən “Aktyor agentli”yində işləyirəm. Bu agentliyin əsas məqsədi savadlı aktyorların, aktrisaların yetişməsidir. "Aktyor agentliyi"nin mənim inkişafımda və yetişməyimdə böyük rolu var. 

-Sizcə, Rusiya istehsallı filmlərlə yerli filmlər arasında əsas fərqlər nələrdir?

-İlk növbədə kəmiyyətdə. Kəmiyyət isə öz növbəsində digər amillərə də təsir edir. Belə ki, kəmiyyət çox olan yerdə keyfiyyət də çox olur. Həm də Rusiya Azərbaycandan dəfələrlə böyükdür. Orada film sahəsinə ayrılan diqqət, peşəkarlıq meyarları da başqa cürdür. Təsəvvür edin, hətta Hollivuddakı aktyor məktəbi belə, Rusiya təcrübəsinin əsasında yaranıb. 

-Siz həm də musiqi ilə məşğulsunuz. İki yaradıcı sahə arasında əsas fərqlər nələrdir?

-Musiqidə sən öz üzərində nə qədər çalışsan da, heç vaxt arzuladığın nəticəni qazanmayacaqsan. İstedadından, həvəsindən asılı olmayaraq yalnız kolleqaların arasında tanınacaqsan. Aktyorluq, aktrisalıq isə belə deyil. Sən kamera qarşısına çıxırsan. Bir anda milyonlarla insanın evinə qonaq olursan və tez tanınırsan. 



-Aktrisalığı  sizə bu qədər sevdirən nədir?

-Peşəm mənə özümü fərqli prizmalardan tanımağa yardım edir. Həm də ssenarini oxumağı çox sevirəm. Ssenarini o qədər maraqla oxuyuram ki, həmin anlarda ətrafdan tamamilə təcrid olunur, telefonumu söndürürəm. Sonra rejissora bir vərəqlik suallar hazırlayıram (gülür). Ümumiyyətlə, istənilən obrazın canlandırılmasında rejissorla aktyor, aktrisa eyni dərəcədə əziyyət çəkir. İkisi də işinin öhdəsindən layiqincə gəldiyi halda mükəmməl nəticə meydana çıxır. 

-Ssenarini oxuyarkən daha çox hansı nüanslara diqqət edirsiniz?



-İdeyaya və obrazın ötürdüyü mesaja. Əgər ideya mənə maraqlı gəlmirsə və ya personajın emosional dəyişkənliyinin olmadığını görürəmsə, təklifə mənfi cavab verirəm. Çünki heç bir filmdə pul xətrinə rol almamışam. İlk növbədə işimdən zövq almağı düşünmüşəm. 

-Bəziləri ancaq baş rolda oynamağa iddia edirlər...

-Hərənin bir yanaşması var. Əgər kimsə üçün prioritet məsələ budursa, nə gözəl. Lakin məni daha çox düşündürən obrazın “çəki”sidir. Personajı necə canlandırmağın çox mühüm amil olduğunu unutmamalıyıq. Məsələn Roma papası barədə çəkilən "Two Popes" filmində Entoni Hopkins baş, Conatan Prays isə ikinci dərəcəli roldadır. İkisi də çox istedadlı aktyorlardır. Onlar ötən il Oskar mükafatına namizəd idilər. Qəribədir, Hopkins baş rolu canlandırdığı halda, mükafat Praysa verildi. Çünki həmin aktyor rolunu elə canlandırmışdı ki, elədiyi səhvlərə baxmayaraq, tamaşaçıda ülvi məhəbbət hissi oyada bilmişdi. 



-Filmlərdə, seriallarda çox mənfi, amma tamaşaçının simpatiya bəslədiyi, onun taleyi üçün narahatlıq keçirdiyi qəhrəmanlara rast gəlirik. Sizcə, bu nə ilə bağlıdır?

-Ovqat məsələsidir. Belə ki, əgər tamaşaçı həmin aktyoru və aktrisanı bəyənirsə, deməli,  işini ürəkdən görür. O, öz ştrixlərini rola əlavə etməyi bacarır. Məsələ müsbət ya, mənfi personajda deyil. Məsələ həmin personajı nə qədər təbii, dinamik və parlaq canlandırmaqdadır. 

-Bir aktrisa kimi, sizə görə, müsbət və mənfi rollar arasında hansı fərqlər var? 


-Zənnimcə, mənfi obrazı canlandırmaq daha maraqlı və çətindir. Nədənsə bu sezona kimi ancaq müsbət rollara dəvət almışdım. İlk dəfə olaraq bu sezon  həmin ənənəyə son qoyuldu. Mənfi rola dəvət alanda çox sevindim. Müsbət rol insanı inkişaf  etdirmir. Aktyorun, aktrisanın fəaliyyəti məhdudlaşır, qəliblənir. Mənfi personajı canlandırdıqda isə imkan genişliyinə görə, həm də özünü daha yaxşı tanıya bilirsən.


-Dediniz ki, əksər hallarda müsbət rollara dəvər almısınız. Buna səbəb nədir?

-Xarakterimlə də bağlı ola bilər. Eyni zamanda rejissorlar çox vaxt dəyişiklik etməyi xoşlamırlar. Bir aktyoru, aktrisanı necə görürlərsə, elə də tanıyırlar. Halbuki bizim əsas xüsusiyyətimiz yeri gələndə, hər cür obrazı canlandıra bilməyimizdir. Düşünə bilən rejissorla işləmək mənə zövq verir. Sən rejissora süjetlə bağlı sual verirsənsə, o, mütləq mövqeyini əsaslandırmalıdır. Bir neçə dəfə olub ki, rejissorla razılaşmamış, öz təklifimi demişəm. Əgər rejissorun eqosu buna icazə verirsə və sənin dediyini təsəvvür etməyi bacarırsa, təkliflə razılaşır. Əks halda isə yox. Əlbəttə, istənilən variantda, yəni rejissor təkliflə razılaşsa da, razılaşmasa da filmə çəkilirəm. Axı bu, onun baxışıdır. Lakin kompromisə gedən rejissorları çox sevirəm. Çünki həmişə öz ideyam mənə daha xoş gəlir. 

-Rejissor olsaydınız, çəkəcəyiniz filmlərdə nələrə üstünlük verərdiniz?

-Avtobioqrafik, yəni kiminsə həyatına həsr olunan filmlər çəkərdim. Elə ekran əsəri olardı ki, tamaşaçı mütləq ondan nə isə öyrənsin. Nəzərə almaq lazımdır ki, istənilən yaradıcılıq məhsulu, o cümlədən də film insanı mənəvi cəhətdən zənginləşdirməlidir. Bu mənada çəkəcəyim filmlərdə insanın öz gücünə, nələrə qadir olduğuna dair mesaj ön planda dayanardı. 

-Azərbacan tamaşaçısı hansı filmlərə üstünlük verir?

-Bizdə komediyaya, özü də bayağı komediyaya maraq böyükdür. Bu, elə də yaxşı deyil. 

-Çıxış yolu da görünmür?

-Rejissorlar tamaşaçının istədiyini verməməlidir. Əksinə, medianın digər qolları kimi film və kinonun funksiyası da sağlam ictimai şüur yaratmaqdır. Başqa sözlə desək, auditoriyaya diktə etməlidir. Nə qədər beldən aşağı zarafatlar olar?! Mən dediyim kimi olsa, bir müddətdən sonra izləyicinin zövqü formalaşacaq. Fikrimi faktla əsaslandırım: əvvəllər Ukrayna camaatının zövqü o qədər inkişaf etməmişdi. Aleksandr Rodnyaskiy “1+1” kanalını təsis etdikdən sonra vəziyyət 180 dərəcə dəyişdi. Çünki o, hazırladığı proqramlar, təqdim etdiyi filmlərlə tamaşaçının düşüncəsini dəyişdi. Rodniyaskinin sözügedən təşəbbüsünə görə ukraynalıların zövqü indi tamam fərqlidir. 



-Komediya janrı niyə bu qədər çox sevilir?

-Əslində güldürmək ağlatmaqdan çətindir. İnsanların komediyanı sevməsi təsadüfi deyil. Çünki xoş əhval-ruhiyyə almaq, gülmək istəyirlər. Buna pis baxmıram. Komediya maraqlı janrdır. Sadəcə səviyyəsiz zarafatların qəti əleyhinəyəm. İstənilən media məhsulu insanın intellektinin inkişafına hesablanmalıdır. 

-Məşhur ingilis drammaturqu Uilyam Şekspir deyirdi ki, həyat bir teatr səhnəsidir. Hər kəs gəlir, rolunu oynayır və gedir...

-Razı deyiləm. Həyatı teatrla eyniləşdirmək olmaz. Birinci daha realdır və daha çox ciddiyət tələb edir. Teatrda etdiyin səhvləri həyatda edə  bilməzsən. Məşhur türk şairi Nazim Hikmətin dediyi kimi, yaşamaq zarafata gəlməz...

-Azərbaycanlı drammaturq Cəfər Cabbarlı “Oqtay Eloğlu” pyesində teatrın gerçək həyatdan çox uzaq olduğu, sünilik üzərində qurulduğu  ideyasını irəli sürür. Siz bu barədə nə düşünürsünüz?

-Teatrda da, kinoda da, televiziyada da çalışmışam. Düzdür, teatr da bir incəsənət növüdür, fəqət mənə ən xoş gələn kinodur. 



-Niyə?

-Çünki kameranı çox sevirəm. Əgər rəssam emosiyalarını fırça ilə ifadə edirsə, biz də kamera vasitəsilə buna nail oluruq. Özümü kamera ilə ifadə etmək məni xoşbəxt edir. 

-Danılmaz faktdır ki, yaradıcı insanların, o cümlədən də sizin işiniz çox yorucu olur. Asudə vaxtınızı necə keçirirsiniz?

-Filmlər izləyir, kitab oxuyur, dil öyrənirəm. İngilis və rus dillərini təmiz bilirəm. Fransızcaya da həvəsim çoxdur. Həm də meditasiya ilə məşğul oluram. Lazımsız adamlara, mənasız işlərə vaxt ayırmıram. Həyatda ən qiymətli nemətin vaxt olduğunu başa düşürəm. Fəlsəfəyə, psixologiyaya böyük həvəsim var. Bu, obrazları analiz etməkdə, onları canlandırmaqda mənə kömək edir. 

-Əfsuslar olsun ki, bəzi media nümayəndələri mədəniyyət adamlarının ictimaiyyət arasında tanındıqlarını nəzərə alıb, onların hesabına, hansı yolla olursa-olsun İP yığmağa çalışırlar. Hətta bəzən peşə etikasına da əməl etmirlər...

-Düzdür, belə hallar olur. Əslində mən də mediaya çox açıq deyiləm. İndi sizinlə bu qədər sərbəst danışmağımın səbəbi isə kollektivinizin peşəkarlığına olan inamdan, “Şərq”ə hörmətimdən irəli gəlir. Heç vaxt görüntü xətrinə yaşamamışam. Mənim bir həyat devizim var: ailəni, dostluğu, işi bir-birinə qarışdırmaq olmaz. Dediyiniz jurnalistlər oğurluqla məşğuldurlar. İnsanın şəxsi həyatına daxil olub, özəl informasiyaları oğurlayırlar. Odur ki, belələrinə şərait  yaratmıram. 



-İki aydan çoxdur, koronavirus pandemiyası bizə gün verib, işıq vermir. Siz “tətil”inizi necə keçirdiniz?

-Şükür ki, çəkilişlərə davam etdik. Biz dinamik həyat tərzinə öyrəşdiyimiz üçün dörd divar arasında qala bilməzdik. Bununla belə, həm də çoxdan bəri planını qurduğum işləri həyata keçirdim. Telefonumun “qeyd dəftərçə”sindəki siyahı xeyli azaldı (gülür).

-Koronavirusla bağlı film çəksə idiniz, adını nə qoyardınız?



-Bu barədə düşünməmişəm. Mən fərqli yol seçərdim. İndi hamı bu pandemiyadan danışır, onu müzakirə edir. Ona görə də bir az səbr edər, nəticə barədə, daha pozitiv notlar üzərində qurula bilən film çəkərdim. Həmin film beynəlxalq aləmdə böyük maraqla qarşılana bilər, təkcə ölkədə yox. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu