Mövlud Çavuşoğlu: Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır


Türkiyə və Azərbaycan ortaq məsələlərdə birlikdə hərəkət edirlər. Saxta “erməni məsələsində” də fəaliyyətimiz ortaqdır. Açıq şəkildə deyirik ki, bir millətin iki diasporu olmaz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada fəaliyyət göstərən “DİM” TV-nin efirində səsləndirib.

Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil edilmiş qondarma “seçkilər” və “andiçmə” ilə bağlı sualı cavablandıran nazir Mövlud Çavuşoğlu ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladaraq bildirib ki, Türkiyə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün böyük səylər göstərir. Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsini təxribat adlandıran nazir diqqətə çatdırıb ki, Türkiyə başda olmaqla heç bir dövlət və beynəlxalq təşkilat sözügedən “seçkiləri” tanımır. Türkiyə tarixin bütün dövrlərində olduğu kimi bundan sonra da Azərbaycanın yanında olacaq.

Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi ilə fikirlərini davam etdirən nazir iki qardaş ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrdən bəhs edərək diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və digər layihələr iki qardaş ölkənin regiondakı gücünü dəfələrlə artırıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu