"Ali təhsilli adamlar da belə ismarıclara inanırlar" - Sosioloq “dini məktub”lardan danışdı

"Görünür, səbəb təkcə cahillik, savadsızlıq deyil. İnsanlarda bir qorxu, xof var"

 Bir də görürsən, qəfildən sosial şəbəkə hesablarımıza uzun-uzadı mesaj gəlir. Səbrlə oxuyuruq. Hər dəfə son cümlə təxminn belə olur: “Bunu digərlərinə göndərsən, arzun gerçəkləşəcək, əks halda isə bədbəxtlik səni gözləyir”. Yəni bu qədər asandır? Əgər, həqiqətən, taleyimiz, gələcəyimiz bu mesajlardan asılırdısa, deməli, robotlaşmışıq. Yaxşı ki, belə deyil...
 Dinşünas Elvüsal Məmmədov mətbuata açıqlamasında dinin bu cür halları dəstəkləmədiyini deyib: “Bu, müəyyən kütlələr arasında daha çox dini məlumatsızlığın doğurduğu bir haldır. İnsanlar xəbərin mənbəyini araşdırmadan dinə olan sadəlövh baxışları səbəbindən, bu cür mesajları paylaşmağa başlayırlar. Bəzən isə kimsə bu məlumatları paylaşmayanda onu qınamağa başlayırlar.
Onun fikrincə, dua belə, könüllü olmalıdır. Heç kimi buna zorlamaq olmaz: “Ümumiyyətlə insanın arzusunun qəbul olunub-olunmaması belə aşkar və populist davranışlarla ölçülən bir şey deyil. İnsan arzularının qəbulu Allah ilə bəndə arasında olan bir şeydir və o da müəyyən şərtlərlə əlaqəlidir. Bu cür mesajları alanlar başa düşməlidir ki, dində belə bir qayda yoxdur. Yəni dinimizdə bu kimi anlayış yoxdur ki, mən kiminsə üçün dua etmək öhdəliyi daşıyıram. Dua insanın daxilindən gələn, öz istəyi ilə baş verən bir şeydir. Yəni duanı məcburiyyət halına gətirmək doğru deyil”.

Sosioloq Lalə Mehralı isə bu barədə “Sherg.az”a danışarkən sözügedən “adət”in yeni olmadığını deyib:

“10-15 il əvvəl də bunu edirdilər. Vərəqlərə müxtəlif yazılar yazıb, onu çantalara qoyur, pəncərədən evin içinə atırdılar. Sözün əsl mənasında sürpriz olurdu. O vaxtlar da bu cür məktublara laqeyd yanaşırdım. İndi də inanmıram. İnsanların bu cür mesajlardan nə gözlədiyini də bilmirəm”. 
L. Mehralının fikrincə, həmin tendensiyaya konkret bir ad vermək çətindir: “Dediyim kimi, bilmirəm, niyə insanlar bunu edirlər. Hərdən mənə də oxşar mesajlar gəlir. Bir neçə dəfə göndərən adama mesajların lazımsız və mənasız olduğunu başa salmağa cəhd etdim. Nəticəsi olmadı. Anladım ki, kiməsə bunu başa salmaq çətindir. Nəhayət, etinazlıq göstərməyə məcbur qaldım. Axı həmin yazılarda sublimal mesajlar ötürülə bilər. Ya da fərqində olmadan viruslu linkə daxil olarıq. Nədi, nədi, savab qazanacayıq, günahlarımız bağışlanacaq və sair. Qəribədir ki, dünyagörüşlü, ali təhsilli adamlar da belə ismarıclara inanırlar. Görünür, səbəb təkcə cahillik, savadsızlıq deyil. İnsanlarda bir qorxu, xof var. Onlar hansısa bədbəxt hadisə ilə üzləşməmək üçün belə mesajları kor-koranə göndərirlər. Bəziləri də inanc mənbəyi kimi baxır. Hər halda məsələyə təsir edən məqamlar müxtəlif ola bilər. Əgər savadlı adam da bu cür mesajlara inanırsa, deməli, problemin kökləri daha dərindədir”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu