"Türkiyəyə gedib özünü təsdiqlədənə qədər övladların təhsili bərbad olur" - Elməddin Cəfərov

"11-ci sinifdə, 6-sinifdə oxuyan oğullarımı  yenidən təhsili üçün ora aparmağım çətindir"

 Azərbaycanda tarix boyu kino sahəsinin müxtəlif janrları inkişaf etmiş, yeni-yeni filmlər, seriallar ərsəyə gəlib. Tək ötən əsr deyil, dövrümüzdə də vəziyyət belədir. Xüsusilə də 2000-ci illərin əvvəllərindən etibarən komediya janrında çəkilən filmlərin sayı xeyli artıb.

Bu sahədə fəaliyyət göstərən gənc aktyorlar, ssenaristlər, rejissorlar  yaddaşlarda silinməz izlər qoyan filmlərlə xalqı güldürməyi bacarıblar. Hətta televiziyada da komediyanın fərqli bir növü olan "stand-up"la tanış olduq. Yumor verilişlərində yeni nəsil aktyorları tanıyıb, onları izləməkdən zövq aldıq. Fərda Xudaverdiyev, Elməddin Cəfərov həmin komediya aktyorlarına bariz nümunədir.

"Sherg.az" həm pandemiya dövründəki məşğuliyyətlərini , həm də yaradıcılıq işlərinin necə davam etdiyini öyrənmək üçün tanınmış aktyor Elməddin Cəfərovlə əlaqə saxlayaraq həmsöhbət olub. 

Elməddin bəy, koronavius infeksiyasının dünyaya hakim olduğu bu kritik zamanları necə keçirirsiniz?

-Çox zərər vurdu, martın 22-dən çəkilişlərimiz dayandı. Evdə kitab oxudum, uşaqlarla daha çox ünsiyyətdə oldum.  İnşallah bir də nə  ölkəmizdə, nə də dünyada belə şey olar. Həmişə xalqıma, millətimə görə dua edirdim. 

- Xüsusi karantin rejiminin şərtləri yumşaldılandan sonra fəaliyyətinizə davam etdinizmi?

- Çəkilişlərə başlamışıq, amma iki ay fasilə verdiyimiz üçün yavaşlama olur. Yenidən işə başlayanda ləngimə yaranır.  İşləyən mühhəriki, söndürüb, yandırmaq söhbətidir. 

- Gənc aktyorların işlərini necə dəyərləndirirsiniz? Sizcə istedadlarını nümayiş etdirə bilirlərmi, işləri ilə xaricə çıxmaq mümkünmü?

-İstənilən halda bu gün  xarici auditoriyaya çıxmaq daha asandır.  Çünki virtual aləm, internet olduqca  əlverişlidir.  Biz başlamışdıq, "Tək səbir"dən, seriallarla, indi YouTuberlər olur.  İnstagram, YouTube üzərindən  daha rahatdı. O sistemi çox bilmirəm, içində də yoxam. Amma bizdə, Azərbaycanda da  YouTuberlər var. Sadəcə bir ölkəyə özünü tanıtmaq üçün, oranın sistemini bilməlisən. Tələbatının nəyə olduğunu öyrənib tanına bilərlər. Zaman və araşdırma tələb edir, buna da bəzən tənbəllik imkan vermir. Həm də  burda özünü təsdiqləməlisən, üzərində işləyib sevilməlisən ki, dünyaya açıla biləsən. Ümid edirəm, Allahın izni ilə alındıracaqlar. 

-Siz yeni başlayan zamanlar daha çətin olardı, hər halda..

-O vaxtı çəkiliş üçün məkan axtaranda "Birja" qəzeti var idi. Elanlara baxırdıq, görürdük ki, filan yerdə  iki otaqlı ev var, çəkiliş etmək olar. Şəkilini də görmürdük, iki cümlə yazılırdı ki, "İki otaqlı evi kirayəyə verirəm". Amma indi internet üzərindən, şəklini görürsən. İstənilən iş bu qədər asandır, tək çəkiliş üçün məkan axtarmaq deyil. Bizim vaxtımızda YouTube yox idi, reklamımız olmurdu. Ya televiziyada idin, ya da ki, yox. İndi instagramda izləyicilərinə,  böyük kütləyə video çəkib  paylaşaraq tanına bilərsən. Çox rahatdır, indi 50 istiqamət var, amma bizim dövrümüzdə bir idi. Gecə gündüz işləmək lazım gəlirdi.

-Əsasən seriallarınız uzunmüddət davam edir, bəs daimi sevənləriniz üçün bir zamandan sonra izləmək bezdirici  olmurmu?

- Biz də "Bacanaqlar" 10 il, "Qız atası" 7 il, "Qardaşlar", "Toydan sonra", "Leyli Məcnun" bir çox seriallarımız olub. Təbii ki, onların çoxunu bağlamışıq. Hazırda "Qız atası" və " Ailəmiz" serialı davam edir. Çox yemək adamı doyuzduranda dayandırırıq. Amma reytinq verəndə, kütləsi çox olanda, maraqla qarşılananda davam edirik. Bir serialın 10 il  davam etməyi, təkrar olunmağı demək deyil. Hər sezon və ya ildə iki dəfə mövzu, bəzən də qəhrəmanlar dəyişir.  Ona görə bezdirici olmağının qarşısını  xarici təcrübədən istifadə edərək  alırıq. İnşallah sentyabra yeni serial fikirləşərik.

-Türk aktyorlarla  ortaq filmləriniz oldu. Türkiyədə qalıcı olaraq işlər görmək kimi bir niyyətiniz varmı?

- Qətiyyən istəmirdim, ən arzulamadığım şey o idi.  Çünki düzənim pozulur, gedib sıfırdan  şərait qurmaq ruhuma uyğun deyil. Asan gələ bilər, amma orda özünü qəbul elətdirənə qədər övladların təhsili hamısı bərbad olur. 11-ci sinifdə, 6-sinifdə oxuyan oğullarımı  yenidən təhsil üçün ora aparmağım çətindir. Subay olsa idim hə, ailəli adam üçün deyil. Məncə valideyn bunları düşünməlidir.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu