"Problemlər təkcə icra başçılarında deyil, arada vasitəçi olan adamları da araşdırmaq lazımdır" - ÇIXIŞ YOLU

 
 Son zamanlar Azərbaycanda korrupsiyaya bulaşan iri ranqlı məmurlar vəzifədən azad edilir, həbs olunurlar. Xüsusilə də əməllərinə görə ictimaiyyət arasında "kiçik padşahlar” adlandırılan icra başçılarına qarşı dövlət tərəfindən sərt iradənin şahidi oluruq.

Rüşvətxor, xalqın cibinə, dövlətin büdcəsinə girən icra başçılarının aqibətini hər kəs görür. Hesab edilir ki, atılan bu cür addımlar Azərbaycan dövlətinin inkişafına, yüksəlişinə gətirib çıxaran hallardır. Dövlət-vətəndaş arasında narazılıq yaradan bu şəxslərin həbs olunması sadə vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Eyni zamanda insanlar artıq məmurlarla bağlı narazılıqlarını ictimailəşdirməkdən çəkinmirlər. Hadisələr həm də bu kimi gizlinlərin aşkara çıxmasına şərait yaradır.
Sosial şəbəkələrdə, mətbuat səhifələrində yazılan şikayətlərdən belə aydın olur ki, bəzi icra başçıları bu qədər hadisələrə rəğmən hələ də qanunsuz əməllərindən əl çəkmirlər. İcra başçıları nə üçün baş verənlərdən nəticə çıxarmırlar?

Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə,  icra başçılarının təqdimatını Prezidentə verən şəxslər araşdırılmalıdır:

“Ümumiyyətlə, bu adamları anlamaq çox çətindir. Çünki cənab Prezident onlara çox böyük etimad göstərir. Amma təəssüflər olsun ki, o adamlar işə çıxan kimi xalqın “dərisini soymağa” başlayırlar. Açığı, bu təfəkkürü anlamaq çox çətindir. Bunun izahını tapa bilmirəm. Görünür bunların vicdanında, genində, qanında bir problem var. Bunu etmək üçün insan çağdaş dəyərlərdən xəbərsiz, anormal düşüncədə olmalıdır. Digər tərəfdən, maraqlıdır ki, bu cür adamların namizədliyini Prezidentə kim təqdim edir? Bilirik ki, Prezident ona təklif olunan namizədlərin arasından seçim edib vəzifəyə təyin edir. Bu adamların Prezidentin masasına qədər gedib çıxmasına vasitəçi olanları tapmaq lazımdır. Düşünürəm ki, problemlər təkcə icra başçılarında deyil. Arada vasitəçi olan adamları da araşdırmaq lazımdır. Çünki yəqin problem o vasitəçi olan adamdadır. Hər kəsə bir daha aydın olmalıdır ki, ölkəmizdə korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilinə qədər bu mübarizə davam edəcək və Azərbaycan Prezidentinin bu qətiyyəti daim xalqımızın hər bir vətənsevər fərdi tərəfindən sonadək dəstəklənəcək".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu