Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

 Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanımızın 28 May - Respublika Günü münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycanın hər sahədə dinamik inkişafı yalnız ölkə vətəndaşlarını deyil, bütün türk dünyasını sevindirir. Son zamanlar koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud şəraitdə bilavasitə Sizin təşəbbüsünüzlə həyata keçirilən qabaqlayıcı tədbirlər, eləcə də türkdilli dövlətlər arasında birliyi gücləndirmək naminə təşkil olunan beynəlxalq videokonfranslar hər birimizi fərəhləndirir.

Sizin məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan Respublikası türk dünyasının öndə irəliləyən mədəni mərkəzlərindən birinə çevrilmişdir. Təşəbbüsünüzlə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli ölkələrin mədəniyyətini təbliğ edən bir beynəlxalq təşkilat kimi hər zaman ortaq dəyərlərimizin qorunması və dünyada tanıdılması istiqamətində missiyasını davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək, müqəddəs Ramazan bayramı münasibətilə Sizi təbrik edir, Zati-alinizə cansağlığı, Azərbaycanın inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu