Koronavirusla bağlı yeni laboratoriya işə başlayıb


Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə bir çox yeni laboratoriyalar qurulub və istifadəyə verilib.

Sumqayıtda 1 saylı Şəhər Xəstəxanasının nəzdində fəaliyyət göstərən laboratoriya da onlardan biridir.

Oxu.az bildirir ki, yeni tipli laboratoriya aprel ayının sonlarında quraşdırılsa da, zərurət yarandığından mayın 8-dən fəaliyyətə başlayıb. Burada COVID-19 virusunun aşkarlanması üçün xüsusi testlər aparılır.

Laboratoriyanın müdiri Aqşin Hümbətov bildirib ki, müəssisə Almaniya istehsalı olan müasir texnologiyalarla tam təchiz olunub və burada ən kiçik ölçülü virusların təyini mümkündür.

Laboratoriya fəaliyyətə başlamazdan əvvəl Sumqayıt şəhərindən olan test nümunələrinin cavabını yalnız Bakıdan almaq mümkün idi. Hazırda isə laboratoriya Sumqayıtla yanaşı, Abşeron sakinləri üçün də xidmət göstərir. Laboratoriyada bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. İşçilər qapalı şəraitdə xüsusi qoruyucu vasitələrdən - kombinezon geyimlər, tibbi maska, tibbi eynək və əlcəkdən istifadə etməklə fəaliyyət göstərirlər.

Hazırda Azərbaycanda 20-dən çox koronavirus infeksiyasını aşkar edən laboratoriya fəaliyyət göstərir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu