Prezident gənclərə böyük etimad göstərir

“Bu gün onlara geniş imkanlar yaradılır. Nazir, icra başçısı kimi mühüm vəzifələrə təyin olunurlar”


“Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün onlara geniş imkanlar yaradılır. Nazir, icra başçısı kimi mühüm vəzifələrə təyin olunurlar. Bu isə onu göstərir ki, cənab Prezident tərəfindən gənclərə böyük etimad var” Bunu “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Siyasi şərhçi bildirib ki, DOST mərkəzləri cənab Prezident tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinə də bilavasitə xidmət edir: 

“DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Uğurların əsasında geniş və qlobal miqyasda fəaliyyət göstərməyi bacaran, keçmişlə gələcəyin analizini sistemli şəkildə apara bilən, siyasi savada və müxtəlif xarici dil biliklərinə malik olan dinamik, milli-mənəvi dəyərlərə sadiq gənclərin olması çox vacibdir. Gənclərlə çoxsaylı görüşlər keçirən ölkə başçısı həmişə onları bilik əldə etməyə, peşəkar olmağa və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməyə səsləyir. Bu etimada sadiq olan biz gənclər bilik, peşəkarlıq, yenilik, müasirlik kimi ən yüksək meyarlara cavab verməyə çalışırıq. Eyni zamanda, gənclər sadəcə xoş günlərdə deyil, çətin günlərdə də cənab Prezidentin yanındadır. Ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasi kursun layiqli davamçısı İlham Əliyev cənablarına sadiqik. Bizə göstərilən etimadın fərqindəyik və bu etimada dərin sədaqətlə bağlıyıq”.

 Ş.Həsənovanın sözlərinə görə, gənclər müstəqil Azərbaycanın ilk qığılcımları, sinəsində vətənpərvərlik hissi olan bir nəsildir: “Dövlət idarəçiliyində savad və peşəkarlıqla bərabər bu xüsusiyyətlər də olduqca əhəmiyyətlidir. Axı səngərdə döyüşən zaman əsgərə ən son məqamda savadı yox, məhz canından keçməyə hazır olacaq cəsarəti lazım olur. Bu baxımdan hər bir gənc kadrın qəlbində böyük Azərbaycan sevgisinin olması əsas şərtlərdəndir. Bununla yanaşı, bir faktı da unutmaq olmaz ki, Azərbaycan mühafizəkar, böyük-kiçik məsələsinə önəm verən bir cəmiyyətdir. Gənclər bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır. Çünki bizim də dövlət idarəçiliyində böyüklərimizin təcrübəsindən öyrənəcəyimiz çox şey var. Göründüyü kimi bu mərkəzlərin xidmət məqsədindən əlavə başqa faydaları da çoxdur. O mənada ki, burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Bu da əhalinin məşğulluğunun artırılması işinə xidmət edəcək. Bütün dünyada durğunluğun hökm sürdüyü bir zaman kəsiyində əhalinin məşğulluğunun artırılması yenə dövlətin prioritet istiqamətlərindən biridir. Bundan əlavə, nəzərə alsaq ki bu mərkəzlərdən 5-i Bakıda, 26-sı isə regionlarda olacaq o zaman düşünürəm ki, bu mərkəzlər bilavasitə region əhalisinin, gənclərinin məşğulluğunun artırılmasına da töhfə verəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu