Nazirliyin qərarı təqdir edildi: “Olduqca ədalətlidir”

“Dəyişikliyə əsasən şagird I yarım ildə hansı qiyməti alıbsa II yarim ildə və illikdə də ona həmin qiymət yazılır”

“Qiymətindən narazı olan şagirdlər üçün məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə etməklə keçiriləcək”


Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqlənib. Təhsil Nazirliyinin kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərar verib.
Qərar bu ilin oktyabrın 1-dək qüvvədədir. Yeni qərar Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması məsələlərini tənzimləyir.

Yeni qərarın təhsilimizə nə kimi yeniliklər gətirəcəyinə dair fikirlərini “Sherg.az”la bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, Təhsil Nazirliyi tərəfindən verilən qərara görə I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır. Amma II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir:

“Yəni şagird I yarım ildə hansı qiyməti alıbsa II yarim ildə və illikdə də ona həmin qiymət yazılır. Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər qiymətlər yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər.

Təbii ki, bu təkcə 2 qiymət alanlara aid deyil. Eyni zamanda hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər qiymətlər yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər”.

Ekspert bildirib ki, 3 martdan etibarən orta məkrəblərdə dərslər dayanıb və şagirdlərin müəyyən hissəsi tədris prosesindən kənarda qalıb, qəbul edilmiş qərar olduqc ədalətlidir:

“Şagirdlərin müvəfəqiyyət göstəricisi I yarım ildə daha yüksək olur. 
Qiymətindən narazı olan şagirdlər üçün məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə etməklə keçiriləcək, bu da olduqca ədalətlidir. Şagirdlərin biliyi müvafiq olaraq nəticələri 100 ballıq şkala ilə ölçüləcək ki, bu zaman onlar cavabları əsasında topladıqları bala uyğun qiymət alacaqlar. 

Pandemiya dövrü əlbəttə ki, təhsil sisteminə təsirsiz ötüşmədi. Təhsil Nazirliyi mövcud problemdən az zərərli çıxmaq üçün kifayət qədər ədalətli qərar çıxarıb. Nəzərə alsaq ki, hazırda tele dərslər, virtual məktəb layihəsi həyata keçirilir, şagirdlər üçün təhsilin əlçatanlılığı təmin olunub. Onlar üçün isə məktəbdaxili qiymətləndirmədəki güzəştlər daha da xoşməramlıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu