Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şərəfli səhifəsidir


Xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu-XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə mayın 26-da Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “28 May – Azərbaycan tarixinin şanlı səhifəsi” mövzusunda onlayn videokonfransda səsləndirilib.

Mərkəzin əməkdaşlarının və məktəblilərin iştirak etdiyi videokonfransda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan geniş bəhs edilib. Çıxışlarda Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə geniş nəzər salınıb, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğu vurğulanıb.

Bildirilib ki, 28 may hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində, işıqlı bir may günündə çoxdan gözlədiyi arzusuna qovuşub. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edilib. Bu tarixi gün hər bir Azərbaycan vətəndaşının yaddaşına əbədi həkk olunub və heç bir zaman unudulmur.

Videokonfransın sonunda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu