Təklif: "Cümhuriyyət qəhrəmanlarının irsi ayrı bir dərs kimi keçirilməlidir” 


“Cümhuriyyətimizi hələ də layiqli şəkildə təqdim edə bilmirik”

“Bu gün Azərbaycan Cümhuriyyətinin tarixi və nəticələri ilə geniş onlayn konfranslar keçirilməliydi"




"Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ərəfəsində bütün diqqət ona yönəlməliydi".

Bunu "Sherg.az"a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.

Tarixçi bildirib ki, biz Cümhuriyyətimizi hələ də layiqli şəkildə təqdim edə bilmirik:

"Unutmayaq ki, xarici ölkələrdə bu dövlətə xüsusi bir yanaşma var. Çünki zaman-zaman onun haqqında tarixçilər yazıblar. Eyni zamanda, unutmayaq ki, Cümhuriyyətin süqutundan sonra vətəndən didərgin olub xaricdə yaşayan qurucularımız bu dövlət haqqında kifayət qədər bilgi veriblər. Onlar ömürlərinin sonuna qədər mübarizə aparıblar. Kimisi erməni qatillərinin gülləsinin qurbanına çevrili. Kimisi ağır sosial durumda yaşayıb. Amma Vətən sevgisi onlar üçün həyati məsələ olub. Bu unsanlar iqtidarda olduqları müddətdə nə qədər istəsəydilər xarici banklara pul köçürə bilərdilər. Baxın, gündə bir məmurumuzu həbsə atılırlar. Onların evlərindən çıxan pullarla bir il Azərbaycanı dolandırmaq mümkündür. Bu pullar hamısı oğurluqdur. Amma Cümhuriyyət rəhbərlərinin xaricdə özlərinə ayaqqabı almağa pulları olmurdu. Məhəmməd Əmin Rəsulzadə soyuq qış günlərində ayağında cırıq ayaqqabı dolaşır, Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparırdı. Dünya ranqında hüquqi savadına görə seçilən Əlimərdan bəy Topçubaşi çörək almağa güclə pul tapırdı. O birilər də belə idi. Bundan böyük nümunə, Vətənə, Millətə, Dövlətə bu boyda sevgi kimlərdə ola bilər?".



Tarixçi bildirib ki, bu nümunəni gənclərə tövsiyyə etmək lazımdır:

"İndiki gənclik rüşvətxor məmurların həbsinə baxıb, onların oğurladıqlarını görəndə hansı nümunəyə yiyələnəcəklər? Bu mənada Azərbaycan Cümhuriyyətinin tarixinə, onun qəhrəmanlarının fəaliyyətinin təbliğinə bütün il boyu geniş yer vermək lazımdır. Biz bu tariximizi hələ də yaxşı bilmirik. Bəzən, bizi savadsız deputatlar, Vətən sevgisini şəxsi maraqlarından aşağı tutan məmurlar Cümhuriyyət qəhrəmanlarının, o cümlədən dünyada böyük hörmət edilən və siyasət aləmində nəhəng simalardan sayılan M.Ə.Rəsulzadənin üstünə gedir, ona təhqirlər yağdırırlar. Başa düşmürəm ki, onlar hansı millətin nümayəndələrdirlər? Gəncliyə hansı nümunəni təqdim edirlər. Unutmurlar ki, bir dövlətin başçısı bu dövlət uğrunda ailəsindən keçdi, şəxsi həyatından oldu. Sona qədər “Azərbaycan, Azərbaycan Azərbaycan!!!” dedi. Öləndə də bu sözləri təkrarladı. Mən hər dəfə Mirzə Bala Məmmədzadəni yada salanda gözlərim yaşarır. Soyuq qış günlərində əynində nimdaş pencək Azərbaycan tarixinin bütün dövrləri üzrə nə boyda araşdırmalar aparır. Bizim dövlətçi millət olduğumuzu bütün dünyaya göstərir. Bu insanın minə qədər məqaləsi var. Hər məqalə bir kitabdır. Bu məqalələr bizim dövlətçiliyimiz üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Onun yazdığı “Azərbaycan Türk Albaniyası” kitabını heç tələbələr tanımır. Əksinə, biz Albaniya haqqında daha çox ermənilərin, rusların, gürcülərin yazdıqlarını oxuyuruq. 1952-ci ildə o, bu əsəri yazdı. Amma bir tərəfi erməni olan Trever 1956-cı ildə Albaniya ilə bağlı kitab yazdı. Bizə Treverin yazdıqlarını öyrətdilər. Mən bu yaşımda Mirzə Bala Məmmədzadənin yazdığı kitabı oxudum. Nəyə görə, onun külliyyatı dərc olunub bizim tələbələrə təqdim olunmur?".

D.Əzimli qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qəhrəmanlarının  həyatları və irsləri bizim tələbələrə ayrı bir dərs kimi keçirilməlidir:

"Bundan böyük nümunə nə ola bilər? Biz o dövlətin tarixi dərslərini gənclərə öyrətməliyik... Ondan sonra baş verənləri anlatmalıyıq. Bildirməliyik ki, bu dövlətin süqutunda milli xəyanətkarlarımız böyük fəaliyyət göstərdilər. O xəyanətkarlar ki, hələ də onlara bizim tariximizdə geniş yer verirlər. Rusiya bolşeviklərinin əllərində alət olan bu xəyanətkarlar bu dövlətin süqutunda misilsiz xidmət göstərdilər. Sonra da onların özlərini məhv etdilər. Baxın, onlar özləri özlərinin qəbrini qazmışdılar. Amma öncə bizim taleyimizə qara günlər yazdılar. Bugünki gənclik bunları bilməlidir. Yoxsa, içimizdə olan bu günki xəyanətkarlar da sabah bizə eyni aqibəti yaşada bilərlər. Hələ içimizdə Rusiyaya, İrana, Avropaya əyilməkdə olan nə qədər məmurlarımız, deputatlarımız var. Biz yalnız özümüzə güvənməli və dövlətçiliyimizi gücləndirməliyik. Bütün bunlar müzakirə olunmaq üçün elmi konfranslar keçirilməlidir.
Eşitdiyimə görə, bəzi qurumlar bu istiqamətdə hansısa tədbirlər keçirəcək. Məsələn, ayın 28-də Azərbaycan Pedaqoji Universitetinin “Ümumi tarix və Tarixin Tədrisinizin Metodikası” kafedrası Universitet rəhbərliyinin iştirakı ilə beynəlxalq konfrans keçirəcək. Çox güman ki, bu onlayn konfransa mən də qoşulacam. Belə tədbirlər çox keçirilməlidir. Həm də dövlət səviyyəsində... Biz nə qədər ki, öz tarixi irsimizə sahib çıxa bilmirik, çətinliklərmiz olcaqdır. Gəncliyimiz xarici qüvvələrin təsiri altına düşəcəkdir. Onlar daima Avropa demokratiyasına vurğun olub, onun əsiri olacaqlar. Amma dünyada ən demokratik dövlət əsrin əvvəllərində sənin dövlətin idi. Bundan böyük nümunə... Buna görə də bu gün Azərbaycan Cümhuriyyətinin tarixi və nəticələri ilə geniş onlayn konfranslar keçirilməliydi".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu