Türkoloq alim: "Cümhuriyyətin qurucuları bizə müqəddəs bir ad - Azərbaycan Cümhuriyyətini əmanət qoyublar"

"Azərbaycan Cümhuriyyətinin qurucuları önündə dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı baş əyməli, onların xatirələrinə hörmət göstərməlidirlər".

Bunu "Sherg.az"a açıqlamasında AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, türkoloq alim Faiq Ələkbərli deyib.

Alim vurğulayıb ki, Cümhuriyyətin yaranması yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, eləcə də Şərq üçün böyük əhəmiyyət kəsb edib:

"Cümhuriyyətin qurulması millətin özünün ortaya qoyduğu milli ideyanın qanunauyğun sonluğu idi. 1918-ci il mayın 28-də Azərbaycan türkləri bir daha sübut etdilər ki, yeni dövrdə də demokratik cümhuriyyət qurmağa qadir və layiqdirlər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ideoloq M.Ə.Rəsulzadə istiqlala aparan Azərbaycan milli ideyasını hər şeydən əvvəl Qafqaz türkləri ilə İran türklərini birləşdirən vahid ulus olması anlamında irəli sürüb. Başqa sözlə, Rəsulzadənin irəli sürdüyü Azərbaycan milli ideyasının əsasını Dərbənddən Kəngər korfəzinə, Bakıdan İrəvanadək eyni adət-ənənəyə, əxlaqa, məişətə, dilə, ədəbiyyata sahib olan Azərbaycan türklərinin bütünlüyü təşkil edib. Rəsulzadə Azərbaycan türkçülüyünü, yaxud azərbaycançılığı birmənalı şəkildə "Rusiya Azərbaycanı"na və "İran Azərbaycanı"na qarşı qoyub. Rəsulzadənin ortaya atdığı "Azərbaycanizm"in mahiyyətində məhz türklçülük və azərbaycançılıq dayanırdı".

F.Ələkbərli qeyd edib ki, Cümhuriyyət dövründə ortaya qoyulmuş milli-demokratik əməllər, insan hüquq və azadlıqları azərbaycanılar üçün gerçək bir örnəkdir:

"Ən azı ona görə ki, cümhuriyyətin qurucuları Azərbaycan türklərinə, bütün azərbaycanlılara böyük və müqəddəs bir ad - Azərbaycan Cümhuriyyəti adını əmanət qoyublar! Biz hamımız bu adla fəxr etməliyik".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu