İran parlamentinin yeni sədri “Sepah”ın komandirlərindən biri olub - Politolq şərh verdi 

 İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilib. Parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. Onun sədrliyə namizədliyi irəli sürüldükdən sonra açıq səsvermə keçirilib.

Səsvermədə iştirak edən 264 Məclis üzvündən 230-u Qalibafın lehinə səs verib. Səsvermədə namizədlikləri irəli sürülən digər namizədlər - Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümər Qalibafın xeyli gerisində qalıblar. Ancaq onlara da vəzifə tapılıb. Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümər yeni spikerin 1-ci və 2-ci müavinləri vəzifəsinə təyin ediliblər. 
Parlamentin keçmiş spikeri Əli Larincani də işsiz qalmayıb. İranın ali dini lideri Ayətullah Xamenei Əli Larincanini özünə müşavir və Məsləhət Şurasının üzvü təyin edib. Əli Larincani və onun müxtəlif dövlət vəzifələrində yer alan ailə üzvləri İranda məşhurdular. Əli Larincani vaxtilə prezidentliyə də iddia idi. Larincani müxtəlif zaman kəsiyində gah mühafizəkar, gah da şərti adı islahatçılar olan qanadın təmsilçisi kimi çıxış edib. Ancaq əgər ali dini lideri Əli Larincani özünə müşavir təyin edibsə, demək keçmiş spiker yenidən mühafizəkar baxışlara qayıdıb. 

Bəs parlamentin yeni spikeri kimdir?

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, Məhəmmədbağır Qalibaf vaxtilə “Sepah” təşkilatının komandirlərindən biri olub. O 2000-2005-ci illərdə İranın polis komandanı, 2005-2017-ci illərdə isə Tehranın meri vəzifəsində çalışıb:



“O, Tehranın meri vəzifəsində çalışarkən ismi müxtəlif qalmaqallarda hallansa da, hər dəfəsində təhlükədən qurtula bilib. Məhəmmədbağır Qalibaf iki dəfə prezident seçkisində iştirak edib. O 2013-cü ildə  “Ədalət və İnkişaf” seçki koalisiyasından prezident seçkilərində iştirak edərək 6 milyon çox səs toplamaqla ikinci olub.  İndi isə Məhəmmədbağır Qalibaf mühafizəkarların tanınmış nümayəndəsi kimi parlamentin sədri seçilib. Son parlament seçkisində mühafizəkar millət vəkillərinin sayı artıb.
Xameneyi rəsmi internet səhifəsində işinə başlayan yeni Məclisə bu şəkildə mesaj da göndərib: “Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdəki səhlənkarlıq, eləcə də sağlam olmayan etnik, regional və tayfa mənsubiyyəti əsasında qütbləşmə ən ciddi təhlükədir”.

“İranın ali dini liderini bu cür mesaj yayınlamağa nə məcbur edib?”sualına gəlincə, politoloq qeyd edib ki, keçmiş parlamentdə bəzi hallarda qeyri-fars millət vəkilləri qruplar formalaşdırır və digər qruplarla ortaq hərəkət edir, müxtəlif açıqlamalar verirdilər:

“Məsələn, 2016-cı ildə İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası yaradıldı. Bu fraksiyadan 100-dən artıq millət vəkili yer almışdı. Bu fraksiyada yer alan millət vəkilləri müzakirələrdə türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini qaldırır və müxtəlif nazirlərin siyasətini tənqid edirdilər. Ancaq daha sonra həmin fraksiyanın fəaliyyəti faktiki dayandırıldı. Doğrudur, ayrı-ayrı millət vəkilləri Məclisdəki çıxışlarında mərkəzi hakimiyyətin və ayrı-ayrı nazirlərin bölgələrə diqqətsizliyini yenə tənqid edirdilər, ancaq bu artıq fraksiyadan kənar idi. 
Xameneyinin mesajının mənası aydındır. Ali dini lider Amerikanın sanksiyaları fonunda ölkəsində iqtisadi və sosial problemlər, o cümlədən koronavirusla mübarizənin davam etdiyi dönəmdə mərkəzi hakimiyyətin nəzarətindən kənar proseslərin təhlükəli olduğunu güman edir”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu