"Azərbaycan xalqı qəhrəmanlıqla dolu zəngin keçmişi, tarixi, milli-mənəvi dəyərləri ilə fəx etməlidir"

“Bu gün 102 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev belə qiymətləndirmişdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi” ”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Azərbaycan xalqı qəhrəmanlıqla dolu zəngin keçmişi, tarixi, mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərləri ilə fəx etməlidir:

“Bu tarixi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi əhəmiyyət kəsb edən və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Daim ilklərə imza atan Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Qadınlara seçib-seçilmək hüququ verildi, bu mühüm addım bütün dünya demokratiyasına böyük töhfə oldu. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa edərək müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu”.

V.Rəhimzadə qeyd edib ki, bu qısa xronologiya Azərbaycanın müstəqillik tarixinin zəngin olmaqla yanaşı, böyük sınaqlardan şərəflə keçdiyini nümayiş etdirir:

“Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Cümhuriyyət tariximizin öyrənilməsi ulu öndər Heydər Əliyevin əsas çağırışlarından olub. Ulu öndərin gördüyü işlərin davamı olaraq son 16 ildən artıq dövrdə cənab Prezident İlham Əliyev milli dövlətçilik tariximizə diqqət və qayğısını davamlı addımları ilə təsdiqləyir”.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev hər il 28 May–Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Cümhuriyyət tarixinə yüksək qiymət verərək bildirir ki, Azərbaycan xalqı və dövləti AXC-nin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır, onların xatirəsini qəlbində yaşadır. Bu diqqət və qayğının tərkib hissəsi kimi 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsinin açılışını qeyd edə bilərik. Həmçinin cənab İlham Əliyevin göstərişi ilə Cümhuriyyət tariximizin araşdırılması məqsədilə ikicildlik ensiklopedik lügət hazırlanıb. 

V.Rəhimzdə bildirib ki, Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqlədir, əsl söz sahib olduğunu bəyan edir:

“İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır. Bu gün müstəqil Azərbaycana hansı sahədən diqqət yetirsək, böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin inkişaf modeli dünyada təqdir edilir, öyrənilməsinin vacibliyi vurğulanır. Ümumiyyətlə, 102 illik yolun uğurlarını qısa təhlil əsasında tam əhatə etmək mümkünsüzdür”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu