Türkiyənin “Milliyet” qəzeti 28 May - Respublika Günündən yazır


28 May - Respublika Günü ilə əlaqədar Türkiyənin nüfuzlu “Milliyet” qəzetində analitik məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin qələmə aldığı “Azərbaycan Respublikası 102 yaşında” sərlövhəli məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və müasir Azərbaycan dövləti barədə müfəssəl məlumatlar yer alıb.

Məqalədə XX əsrin əvvəllərində beynəlxalq aləmdəki mürəkkəb ictimai-siyasi proseslərə, o cümlədən erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətlərə və Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına toxunulur. Diqqətə çatdırılır ki, Azərbaycan xalqının azadlıq ideyalarını yüksək dəyərləndirən görkəmli ziyalılar dövlət müstəqilliyimizi elan edib və respublikamızın qurulması üçün böyük səylər göstəriblər. Nəticədə demokratik təsisatlar yaradılıb, parlament qurulub, ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilib, milli ordu və universitet yaradılıb.

Müəllif yazır ki, cümhuriyyətimizin quruluşundan 75 il sonra siyasi hakimiyyətə gələn müasir dövlətimizin memarı ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının, eləcə də müstəqilliyimiz üçün tarixi missiya həyata keçirən ziyalılarımızın arzu və istəklərinin, həmçinin atributlarımızın yaşamasını təmin etməklə “Bir dəfə yüksələn bayraq bir daha enməz!” şüarının tarixi həqiqət olduğunu təsdiq edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu