"Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” - İqtisadçı nikbindir


 Azərbaycan nefti ucuzlaşıb. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 35,13 dollar/barel təşkil edib. Bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 34,39 dollar/barel təşkil edib. Bu qiymət əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

Neftin qiymətinin ucuzlaşmasının səbəbləri  ilə bağlı “Sherg.az”a danışan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bildirib ki, 10 günə yaxındır dünya bazarında neftin qiymətinin 30-35 dollar arasında stabilləşməsi bərqərar olub. 

İqtisadçının sözlərinə görə, neft qiymətinin kiçik korreksiyalarla 36 dollara doğru da artması müşahidə olunub:

“Hazırda brent markalı neftin 34 dollar istiqamətində olması müşahidə olunur. Bu, bazarda vaxtaşırı baş tutan korreksiyalarla əlaqədardır. ABŞ-ın Enerji Administrasiyası ölkədəki həftəlik neft ehtiyatları ilə bağlı ənənəvi hesabatını açıqlayıb. Bu hesabat proqnozlarda deyildiyindən daha çox  ölkədə neft ehtiyatının toplanmasını göstərir. Nəticədə bu bazara təsir edir və qiymətlər bir qədər azalır. Ümumilikdə isə bazarda stabillikdir. Hazırda bazar dünya iqtisadiyyatının artım tempinə mütənasib olaraq adekvat qiymətini nümayiş etdirir”. 

İ.Şaban vurğulayıb ki, bundan sonra da qiymətlərin ucuzlaşması müşayət olunacaq. Çünki neftin qiymətinin ucuzlaşmasına əsas səbəb COVİD-19 pandemiyasıdır:

“Bu pandemiya dünya iqtisadiyyatını karantin rejiminə gətirib çıxardı. Karantin rejimi hərəkəti məhdudlaşdırdı. Hərəkətin məhdudlaşdırılması isə enerji daşıyıcılarına olan tələbatı azaltdı. Hazırda böyük istehlakçı ölkələri pandemiyanın təsirlərini ya yumuşaldır, ya da ondan çıxmağa doğru hərəkət edirlər. Düzdür, Latın Amerikasında əks proses gedir. Amma bu, dünyanın hamısı deyil. Bir tərəfdə yaxşılıqdır, digər tərəfdə isə pis vəziyyətdir. Lakin istənilən halda aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu