Türkiyədə şəhərlərarası dəmir yol nəqliyyatı bərpa edilib


İki ay bağlı qaldıqdan sonra Türkiyə cümə axşamı şəhərlərarası qatarları işə salıb. Bununla ölkə tədricən normal həyata dönmək və tənəzzül təhlükəsi ilə üzləşən iqtisadiyyatını yenidən açmaq üçün koronavirus məhdudiyyətlərini yüngülləşdirməyə çalışır.

Virusla mübarizə üçün Türkiyə vətəndaşlarına həftə sonları evdə qalmağı tövsiyə etmiş, böyük şəhərlər arasında əksər səyahətləri dayandırmış, restoran və məktəbləri, ən əsas da sərhədlərini bağlamışdı.

Hökumət virusun yayılmasının azaldığını deyərək, avqust ayına qədər həyatı normal vəziyyətinə qaytarmaq üçün bəzi tədbirlər görməyə başlayıb.

Dəmir yol xidmətləri dayandırıldıqdan bəri ilk dəfə martın 28-də yerli vaxtla saat 4-də qatar Ankaradan İstanbula yola düşüb. Qatarlar gündə 16 dəfə səyahət edəcək, baxmayaraq ki, 20 yaşdan aşağı və 65 yaşdan yuxarı insanların səyahət etməsinə qadağa qoyulub.

Nəqliyyat naziri Adil Qaraismayıloğlu qatar biletlərinin qiymətinin artırılmayacağını, sərnişinlərin sayının yarıya endiriləcəyini və sərnişinlərdə virus olub-olmadığının yoxlanılacağını bildirib.

"COVID-19 simptomları aşkar edilən sərnişinlər qatarlardakı izolyasiya bölmələrinə aparılacaq və ilk uyğun stansiyada səhiyyə işçilərinə təhvil veriləcək" - deyə, nazir bildirib. (milli.az)

Paylaş

Bizi Facebookda izləyin
menu
menu