NONSENS ! - “Adına maaş kartı var, lakin özünün xəbəri yoxdur” - Qanun pozuntusu...

Hüquq müdafiəçisinin fikrincə, məsuliyyət daha çox işə götürənin öhdəsinə düşür

"Ola bilsin, işəgötürən əməkhaqqı kartını öz, yaxud yaxın adamlarının birinin adına açdırıb"



Ağstafa rayonu Xolkələfli kənd sakini Samir Mədədovun 190 manat birdəfəlik ödəmə üçün müraciətinə gələn cavabda onun adına əmək müqaviləsi olduğu bildirilib. Yəni  vətəndaş iki aydır, bir qurumun işçisidir, adına əmək haqqı kartı var. Amma onun özünün bundan xəbəri yoxdur.
 
 Samir Mədədov xüsusi karantin rejimindən əvvəl Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon məşğulluq mərkəzinə iş üçün müraciət edib. Sonra xüsusi karantin rejimi olduğu üçün müraciəti ilə maraqlana bilməyib. Demə, vətəndaş iki aydır Mənzil Kommunal İstismar İdarəsində işlə təmin edilib. 

Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon məşğulluq mərkəzindən  vətəndaşa bildirilib ki, iki aydır adının işdə olmasını bilməməsi onun öz günahıdır.  Hətta Mədədovun əlaqə nömrəsi vermədiyi də söylənilir. Vətəndaş isə bu iddianı qəbul etmir.

Ağstafa Mənzil Kommunal İstismar İdarəsinin rəisi Taleh Hüseynov deyib ki, vətəndaşın Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon məşğulluq mərkəzinə müraciətindən sonra DOST Mərkəzi vasitəsilə onun təyinatı məhz sözügedən idarəyə gəlib. Fəqət vətəndaş laqeydlik göstərərək müraciəti ilə maraqlanmayıb. Ona görə də Samir Mədədovun əməkhaqqı kartı iki ay bankda qalıb. May ayının 9-dan işləyir və günü yazılır. İşçi işlədiyi günlərin müqabilində də əmək haqqı alacaq.



Hüquq müdafiəçisi Əliməmməd Nuriyev "Sherg.az"a açıqlamasında  bu cür məsələlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini bildirdi: 

"İlk növbədə vətəndaş iş üçün müvafiq qaydada ərizə ilə müraciət etməlidir. Sonrakı mərhələlərdə əmək müqaviləsi tərəflər arasında qarşılıqlı razılaşma ilə imzalanmalıdır. Əməkhaqqı kartı isə heç vaxt ikinci şəxsdə qala bilməz. Həm də vətəndaş işə götürüldüyü halda mütləq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul adam kimi qeydiyyatdan keçməlidir. Bütün bunlar icra olunduğu halda, belə problemin ortaya çıxması müəmmalıdır. Necə ola bilər ki, vətəndaşın işlə təmin edilməsindən xəbəri olmasın? Görünür, tərəflərdən hansısa qanun pozuntusuna yol verib".

Hüquq müdafiəçisinin fikrincə, məsuliyyət daha çox işə götürənin öhdəsinə düşür:

"Ola bilsin, işəgötürən əməkhaqqı kartını öz, yaxud yaxın adamlarının birinin adına açdırıb. Dəqiq demək çətindir. Amma istənilən halda məlumatlı şəxs məsuliyyət daşıyır. İndiki halda məlumatlı şəxs isə işəgötürəndir. Dövlət Məşğulluq Xidmətini ittiham etmək olmaz. Bu qurum sadəcə vasitəçidir".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu