"Azərbycan tarixi" kimi strateji fənnin dərs saatlarının azalması gələcəkdə ciddi fəsadlar yaradacaq" - Kamran Əsədov

 Ali məktəblərdə  Azərbaycan tarixinin tədrisi 90 saatdan 45 saata qədər azaldılıb. 
 Təhsil nazirliyi tərəfindən ali təhsil ocaqlarına gələn təlimatda qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fəninin tədrisi 45 saat müəyyənləşdirilib ki, bunun 30 saatı mühazirə, 15 saatı seminardır.  Fakültələrdə tədris oluncaq "Azərbaycan tarixi” fənninin qədim,  orta əsrlər, yeni tarix dövrləri çıxarılıb. Fənin adı  "Azərbaycanın müstəqil dövlətçilik tarixi” kimi təqdim olunur. 

Tarixçi alim Kamran Əsədov isə Sherg.az-a deyib ki, qədim tarixə malik olan Azərbaycanın tarixi keçmişi bir-birini izləyən və tamamlayan, dinamik şəkildə biri digərini əvəz edən fakt və hadisələrlə zəngindir.

Bu fakt və hadisələr Azərbaycan xalqının tarixi yaddaşında ən xarakterik abidələr kimi qalmaqdadır: "Bu gün tarix özünün müasirliyi ilə yeni həyat quranlar, gələcəyin perspektivlərini yaradanlar üçün bünövrə rolunu oynayır. Azərbaycanda insanların tarixi yaddaşının, milli mentalitetinin formalaşmasına təsir göstərir. Həm tarixi müstəvidə, həm də müasir zamanda sosial, iqtisadi, mədəni inkişaf baxımından  müqayisə və təhlillər aparmağa imkan yaranır.  Bu mənada Təhsil Nazirliyi ali təhsil  müəssisələrində Azərbaycan tarixinə ayrılan dərs saatlarının həcmini azaltmaqla böyük yalnışlığa yol verir.  "Azərbaycan tarixi" fənni üçün dərs saatları müəyyənləşdirilərkən tələbələrin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idrak, hissi, psixomotor) əhatə olunması diqqət mərkəzində saxlanılmalıdır". 
K. Əsədov hesab edir ki, müəyyənləşdiriləcək dərs saatlarının həcmi Azərbaycan tarixinə dair deklarativ biliklərlə yanaşı, tələbələrə prosedural və kontekstual biliklərin verilməsini də nəzərdə tutulmalıdır. Bununla tələbələrin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatçılığa, qrafik və cədvəllər hazırlamağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaradılmalıdır: "Lakin Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş dərs saatlarının həcmi qeyd olunanların həyata keçirilməsinə imkan verməyəcək. 
Azərbaycan tarixi ölkəmizin ərazisində uzaq və yaxın keçmişdə yaşamış insanların həyatını, onların həyatında baş verən hadisələri, həmin hadisələrin səbəb və nəticələrini öyrənən elmdir. Onun bir fənn kimi ali məktəblərində öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan tarixinin ali məktəblərdə tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa xidmət edir. Eyni zamanda öz soykökünə,  adət-ənənələrinə,  milli mənəvi dəyərlərinə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə  töhfə verir. 
Azərbaycan tarixi fənni tələbələrdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək mənəvi keyfiyyətlərin, mühakimə yürütmək, qoyulmuş problemə fərqli baxış nümayiş etdirmək, öz nöqteyi-nəzərini əsaslandırmaq, hüquqlarını qorumaq, başqalarının hüquqlarına hörmətlə yanaşmaq, dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq bacarığının formalaşmasında mühüm bir vasitədir.  
Bu fənnin tədrisi nəticəsində ali təhsil səviyyəsində Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, dövlətçilik ənənələri, Azərbaycan xalqının, onun milli, sosial, əxlaqi-mənəvi dəyərlərinin təşəkkülü və formalaşması, geosiyasi məkanda mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına təsiri, Azərbaycanın məruz qaldığı təcavüzlər və onlara qarşı mübarizə, müasir dünyada mövqeyi, ölkənin ümumi inkişafı, tarixi şəxsiyyətləri, maddi və mənəvi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur.
 Tələbələrdə tarixi hadisələri təhlil etmək və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq və sistemləşdirib təqdim etmək, tarixi mənbələrlə işləmək bacarıqları formalaşdırılır, onlara vətənpərvərlik, milli iftixar hissləri aşılanır.
Hesab edirəm ki, dərs saatları ilə bağlı məsələyə yenidən baxmaq lazımdır. Bu azalmalar, özüdə ki, "Azərbycan tarixi" kimi strateji fənnin dərs saatlarının azalması gələcəkdə ciddi fəsadları yaradacaqdır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu