Anar Məmmədov: "Cari ildə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək"

"Azərbaycan bu gün sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır".

Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Anar Məmmədov deyib. 

Deputat bildirib ki, əhalinin sosial təminatı üzrə proqramların yüksək səmərəliliklə reallaşdığını  xüsusilə vurğulamaq lazımdır:

"Sosial sferada davamlı və uğurlu proqramları reallaşdırmaq üçün lazımi səviyyədə iqtisadi potensial olmalıdır. Azərbaycan bu sahədə bütün işləri ancaq daxili imkanları hesabına görür, kənardan yardım almır. Bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və Birinci Vitse prezident Mehriban xanım Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər".

Milli Məclisin üzvü bəyan edib ki, 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb:

"Bir çox proqramlar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. Hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərin artırılması da bunun əyani sübutdur".

A.Məmmədov bəyan edib ki, ölkə başçısı dəfələrlə bildirib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah halı və firavan yaşaması təşkil edir:

"Bu, müasir Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas xəttini təşkil edir. Dövlət başçısı verdiyi bütün qərarlarda ilk olaraq insanları düşünür. Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında Prezident İlham Əliyev çıxış edərkən deyib ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Qarşıya qoyulan hədəflərə görə, 2020-ci ildə məcburi köçkünlərə 7-8 min mənzilin verilməsi gözlənilir. Eyni zamanda buna nail olunsa, cari il ərzində Bakıda, Sumqayıtda və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Atılan addımlar  isə nəticədə Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir".

Deputat qeyd edib ki, cənab Prezident çıxışında həmçinin, torpaqlarımız işğaldan azad ediləndən sonra həmin torpaqlarda gözəl binalar, şəhərciklər tikəciləcəyini, ermənilər tərəfindən dağılmış şəhərlərimizin yenidən qurulacağını diqqətə çatdırdı:

"Bu isə bir daha Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan dövlətinin münaqişənin danışıqlar yolu ilə tezliklə həllində və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasında ən maraqlı tərəf olduğunu diqqətə çatdırır. Çünki Azərbaycan xalqı və dövləti heç zaman qəbul edə bilməz ki, əraziləri işğal altında qalsın".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu