Aİ Trampı ÜST-lə bağlı qərarına yenidən baxmağa çağırıb


Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri dayandırmasına münasibət bildirib.
APA-nın xəbərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bununla bağlı birgə bəyanat yayıb. 
"Dünya COVID-19 pandemiyasına qarşı mübarizəni davam etdirdiyi müddətdə hər kəsin əsas vəzifəsi insan həyatını xilas etmək, bu pandemiyanın yayılmasının qarşısını almaq və təsirlərini yumşaltmaqdır. Avropa İttifaqı  bu məsələdə ÜST-ə dəstəyini davam etdirir və artıq əlavə maliyyə yardımı da edib.
May ayının 19-da Ümumdünya Səhiyyə Assambleyasının toplantısında Aİ-nin konsensusla qəbul edilmiş qətnaməsində ÜST-ə üzv bütün dövlətlər koronavirus və xüsusilə də gələcəkdə qlobal sağlamlıq təhlükəsizliyinə hazırlığı gücləndirmək məqsədi ilə ən qısa və uyğun məqamda bu böhranla bağlı beynəlxalq səhiyyənin reaksiyasından götürülən nəticələri nəzərdən keçirmək üçün qərəzsiz, müstəqil və hərtərəfli qiymətləndirmə aparmaq barədə razılığa gəlib. 
Qlobal reaksiyamızı qiymətləndirmək zəruridir, çünki bu pandemiyadan, onun baş verməsi və ona verilən cavabdan öyrəniləcək dərslər var. Beynəlxalq səviyyədə kollektiv fəaliyyətimizin qiymətləndirilməsi yalnız səhiyyə təhlükəsizliyini gücləndirməyi hədəfləyən vacib bir prosesdir.
Qlobal əməkdaşlıq və həmrəylik dünyanın üzləşdiyi bu mübarizədə qalib gəlmək üçün yeganə təsirli və həyati vasitədir. ÜST pandemiyaya qarşı beynəlxalq reaksiyaya indi və gələcəkdə liderlik etməyə davam etməlidir. Bunun üçün hamının iştirakı və dəstəyi tələb olunur. Bu qlobal təhlükə qarşısında dərin əməkdaşlıq və ortaq həll yolları tapmağın zamanıdır. Beynəlxalq nəticələri zəiflədən addımların qarşısı alınmalıdır. Bu səbəbdən ABŞ-ı elan edilmiş qərara yenidən baxmağa çağırırıq", birgə bəyanatda qeyd olunur.
Qeyd edək ki, Prezident Donald Tramp mayın 29-da keçirdiyi mətbuat konfransında ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib və bu addımı ÜST-ün ilkin mərhələdə COVID-19-a qarşı mübarizədə kifayət qədər məsuliyyəli davranmaması ilə əlaqələndirib.

Xatırladaq ki, bir ay əvvəl Prezident Tramp ÜST-ə maliyyə yardımını dayandırıb. Mayın əvvələrində isə ÜST-ü Çinin  oyuncağı adlandıran ABŞ Prezidenti ÜST-də əsaslı islahatlar olmayacağı halda maliyyələşdirmənin dondurulmasının davamlı olacağını söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu