ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edildi

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü ilə əlaqədar bəyannamə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini də təmin edib.

Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 29 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə 2020-ci ildə Azərbaycan Demokratik Respublikasının 102 illiyinin qeyd olunması ilə əlaqədar mayın 28-də Cənubi Karolinada və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd edildiyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Qubernator MakMaster imzaladığı bəyannamədə 2020-ci il 28 may tarixini Cənubi Karolina ştatında Azərbaycan Günü elan edib, Azərbaycan Respublikasına ən xoş arzularını çatdırır, ABŞ-da və dünyada yaşayan azərbaycanlıları bu bayramı qeyd etməyə dəvət edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu