Azərbaycanda sabiq prokurorla bağlı cinayət işi məhkəməyə göndərildi - RƏSMİ


Prokurorluq orqanlarının adından sui-istifadə edərək vətəndaşı aldatmaqla rüşvət verməyə təhrik etmiş şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, əvvəllər Bakı şəhər prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru işləmiş Samir Nəsirovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla S.Nəsirovun Bakı şəhər sakinləri Kənan Nəsrullayev və Nurlan Abbasovla qabaqcadan əlbir olaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını guya Baş Prokurorluqda işləyən tanışları vasitəsilə rüşvət müqabilində həll edəcəyini yalandan vəd verərək, təqsirləndirilən şəxslərin qohumu Tofiq Məmişovu aldatmasına, sonuncunu rüşvət verməyə təhrik edərək, həmin məqsədlər üçün 27 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətlərinə görə S.Nəsirov Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri, K.Nəsrullayev və N.Abbasov isə 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara qarşı həmin maddələrdə nəzərdə tutulan ittiham irəli sürülüb.
İş üzrə istintaq yekunlaşdırılmaqla, 31 may 2020-ci il tarixdə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu