“Sosial şəbəkə və ya “virtual terror” platforması ? ! – Baş yazardan izah 

“Sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirmiş  “virtual terrorçuların” cəzalandırılması zamanın tələbinə çevrilib”

“Sosial şəbəkələrdəki “terror”un və təhqirin qarşısının alınması söz azadlığının məhdudlaşdırılması demək deyil”




ABŞ prezidenti Donald Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncam imzalayıb. Lakin “Facebook” şirkətinin yaradıcısı və sahibi Mark Zukerberg ölkədə sosial şəbəkələrin fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini dəstəkləmir. Onun fikrincə, bu, senzuraya gətirib çıxaracaq.

M.Zukerberg prezident Donald Trampın sosial şəbəkələr üzərində nəzarəti gücləndirəcək qanunu imzalaması barədə açıqlama verib: “Mənə onun məhz nə etmək istədiyini anlamaq lazımdır. Ümumilikdə hakimiyyətin hansısa platformanı nəzarətə götürmək qərarını düzgün reaksiya hesab etmirəm”.



Məsələni dəyərləndirən “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə “Sherg.az”a bildirib ki, bu günə qədər sosial şəbəkələr haqqında həm publisistik, həm də elmi yazılar olub, araşdırmalar aparılıb. Lakin çox az insan gözləyirdi ki, sosial şəbəkələr “virtual terror” platformasına çevriləcək.

Baş redaktor bildirib ki, sosial şəbəkələr yaradılarkən onların əsas funksiyası insanlar arasında ünsiyyət əlaqəsini daha da sıxlaşdırmaq idi. Amma zaman keçdikcə siyasətin, biznesin, psixoloji hücumların, hətta siyasi inqilabların sosial şəbəkələrə sirayət etməsi bu seqmentin mahiyyətini və funksiyasını tamamilə dəyişdi:

“Elə bu səbəbdəndir ki, artıq dünya ictimaiyyətində sosial şəbəkələrlə bağlı mənfi qənaət formalaşıb. Sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb. Bir sıra ölkələrdə sosial şəbəkələr ya qismən, ya da tamamilə qadağan edilib. Banqladeşdə "Facebook" 2010-cu ildə qadağan edilib. Səbəb isə dinsizliyin təşviqatıdır. Çində də sosial şəbəkə və dünyada populyar olan platformaların bir çoxu ya tam, ya da qismən bloklanıb. Çin hökumətinin qurduğu “Qızıl qalxan” sistemi kontentin filtrlənməsi ilə məşğuldur. “Google”, “Facebook”, “Twitter”, “YouTube”, “Instagram” kimi məşhur şəbəkələr Çində bloklanıb. “Qızıl qalxan”ın 2 milyona qədər əməkdaşı var. Hər gün milyonlarla müxtəlif
məzmunlu sorğular monitorinq edildikdən sonra internetə buraxılır. Misirdə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə bu ölkədə "Facebook"a giriş məhdudlaşdırılıb”. 

V.Rəhimzadə qeyd edib ki, sosial şəbəkələrdəki məlumatlara, paylaşımlara görə məsuliyyət məsələsi artıq ABŞ-da da gündəmə gəlib. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərman imzalayıb: 

“Donald Tramp tərəfindən imzalanan sənəd ABŞ-da xüsusən sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən qanunun 230-cu bəndini qüvvədən salacaq. Bu, internet şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edir.

Beləliklə, sözügedən bənd “Twitter” və “Facebook” şirkətlərini hər hansı bir paylaşıma görə böhtan və ya şərəf və ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyur.

Bununla yanaşı, sözügedən qanun sosial şəbəkə şirkətlərinə həmin paylaşımları redaktə etmək icazəsini tanıyır. Lakin həmin bənd qüvvədən düşdükdən sonra sosial şəbəkə şirkətlərinin toxunulmazlıqları da aradan qaldırılacaq və istər sosial şəbəkə şirkətləri, istərsə də sosial şəbəkə istifadəçiləri yazılan statuslara, postlara görə məsuliyyət daşıyacaqlar.”

Baş redaktor bildirib ki, artıq Azərbaycanda da sosial şəbəkələrdəki fəaliyyətə görə məsuliyyətə cəlb olunma qanunvericiliyi və prosedurları tətbiq edilməsinin vaxtı çatıb:

“Bu gün sosial şəbəkələrin və internetin başlanğıc götürdüyü ABŞ-da bu cür addımlar atılırsa niyə bu, Azərbaycanda da olmasın? Sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirmiş  “virtual terrorçuların” cəzalandırılması zamanın tələbinə çevrilib. Sosial şəbəkələrdəki “terror”un və təhqirin qarşısının alınması söz azadlığının məhdudlaşdırılması demək deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu