Feysbuk hesabı oğurlanan yazıçı: “Kitaba olan marağı mənə bağışlamadılar”

“Profilimdə xatirələrə baxırdım, 10 illik xatirə dəftərim idi.Bunun depressiyası  ilə kitab satmağa həvəsim qalmayıb”

“Neynirəm burda? Vətəni , torpağı, dostlarımı satmıram.Kitab satıram, niyə belə etsinlər?!”



Gənc yazar Kəramət Böyükçöl istər fərqli düşüncə tərzi, istərsə də əsərləri ilə tez-tez gündəmə gəlir.  Bunlarla yanaşı, yazarın bir il öncə başlatdığı səyyar kitab aksiyası da olduqca maraqla qarşılanıb.

K.Böyükçöl bu il də yeni nəşr olunan “Məni kim tapa bilər?” kitabının yenidən səyyar satışına başlayıb. Yazar kitab satışı ilə bağlı elanı, gündə nə qədər kitab satıb, nə qədər gəlir əldə etməsinə dair məlumatları öz Feysbuk hesabında paylaşırdı. Lakin bir neçə gün öncə  yazıçının profili ələ keçirildi. 

Bütün baş verənlərlə bağlı “Sherg.az” danışan yazıçı qeyd etdi ki, profilinin oğurlanması ilə əlaqədar iki gündür kitab satışını dayandırıb:

“Yeni kitabım -“Məni kim tapa bilər?”- işıq üzü gördü. Feysbuk profilimdən  satışa başladım, 5 gün müddətində oxucuların sayı artdı, gəlirdilər, alırdılar.  Beşinci gündə  dedim: “Məni kim tapa bilər?” Amma Feysbuk parolumu tapdılar, profilimi qırdılar.  Öz profilimə girə bilmədiyim üçün əvvəlki aktivliklə davam etmək olmur. Proqramistlər işləyir, polisə şikayət etmişəm.

Bilmirik necə olacaq? Həmin profili 10 ildən artıqdır ki, işlədirəm.  Yenisini də açmaq olar. Orda ətrafıma yığışanlar , həminki kimi mənlə dostluq edəcəklər. Böyük auditoriyam  var idi. Yenidən də profil açsam, qısa müddətdə həmin adamlar yığılacaq. 10 illik profildi, orda xatirələrə baxıram, 10 ildi neynəmişəm? Xatirə dəftəridir...

Çox  təəssüflənirəm, bunun depressiyası  ilə gedib kitab satmağa həvəsim qalmayıb. Ona görə iki gündür getmirdim, heç nə paylaşmıram. İndi adamlar zəng  edir ki, kitab almağa gəlirik. Kitabları çantama yığdım gedirəm, amma profilim yoxdu deyə informasiya verə bilmirəm. Orada auditoriyam geniş idi, tirubunam sayılırdı. 

Yazıçı profilinin oğurlanma səbəbi  ilə bağlı ehtimallarından da söz açıb:

Başı aşağı yazıçı da deyiləm, prinsipial siyasi mübarizə aparmasam da, qələm adamı kimi cəmiyyətdə baş verən hadisələrə münasibət bildirmişəm. Onun bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə  görmüşdüm.  Səyyar kitab aksiyası dövründə,  kitablar üçün mesajlar gəlirdi,  başım necə qarışmışdısa, telofunu dost dediyim bir adama verdim.

Ondan sonra profil ələ keçirildi. Bütün proqramistlər deyir ki, “ Bəs “e-mail”inə mesaj gəlib onda neynəmisən?” Cavab verirəm ki, dostuma vermişəm. Dostum da nabələd deyil, işi biləndir, təcrübəlidir. Proqramistlər söyləyir ki, planlı şəkildə olub, başqa cür mümkün deyil.

Yazıçıyam elə səviyyədə gücü olan adamın mənlə nə işi var? Bu beş günlük satış müddətində kitaba xeyli maraq yarada  bilmişdik. Amma kitaba olan marağı mənə bağışlamadılar. Neynirəm burda? Vətəni , torpağı, dostlarımı satmıram.Kitab satıram, niyə belə etsinlər?!”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu