Düşmənə mesaj: "... Ya da son sözü Azərbaycan ordusu deməli olacaq ! ”

“Odur ki, proseslərin bundan sonrakı gedişatının məsuliyyəti  birbaşa Ermənistan rəhbərliyinin üzərinə düşəcək”



“Dövlət başçısının “Qobu Park 3” məcburi köçkünlər üçün yaşayış kompleksinin açılışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirləri və ortaya qoyduğu qətiyyətli mövqeyini, düşmənə mesajını birmənalı olaraq yüksək qiymətləndirirəm”. 

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı vurğuladığı fikirlər əslində nəinki Azərbaycan üçün, eyni zamanda işğalçı Ermənistan üçün də “Yol xəritəsi” sayılır: 

“Çünki cənab Prezident sözügedən çıxışında açıq mətnlə qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi yalnız “mərhələli həll” prinsipi əsasında çözülməli və birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad edilməlidir. Bu həll variantı əslində Ermənistanın özü üçün də kifayət qədər məqbul variantdır. Lakin işğalçı zehniyyətə köklənən və “status-kvo”nun qorunub saxlanmasında maraqlı olan Ermənistan rəhbərliyi bütün mümkün vasitələrlə, bəhanələrlə münaqişənin “mərhələli həll” variantından yayınmağa və hər vəchlə sülh danışıqları prosesini uzatmağa çalışır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu həll variantı hazırda danışıqlar masasının üzərində olsa da, düşmən tərəf müzakirələrə ciddi yanaşmır və eyni zamanda da öz xalqını aldatmağa çalışır. Bəli, Paşinyan danışıqlar prosesinin məsuliyyətindən qaçır və erməni ictimai rəyini aldadır. Əlbəttə, onu bu cür qeyri-ciddi siyasətçi obrazında çıxış etməyə məcbur edən bir sıra obyektiv-subyektiv səbəblər də var. Həmin səbəblər sırf Ermənistanın daxili-xarici siyasətindən qaynaqlanan səbəblərdir”. 



Siyasi şərhçi bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra erməni xalqına verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib: 

“Eyni zamanda onun naşı siyasətinin nəticəsində hazırda Ermənistanın həm Qərblə, həm də Rusiya ilə çox ciddi problemləri əmələ gəlib. Populist çıxışlardan başqa əlindən bir iş gəlməyən Nikol Paşinyan isə belə bir mürəkkəb vəziyyətdə manevr etməyə, erməni ictimaiyyətinin diqqətini sosial-iqtisadi problemlərdən yayındırmağa və Qarabağ məsələsi ilə bağlı “spekulyasiya”lar etməyə üstünlük verir. Sözün açığı, Paşinyan kimi qeyri-ciddi və qeyri-peşəkar bir  tərəf-müqabillə ciddi danışıqlar aparmaq və konkret nəticələr əldə etmək, sülhə nail olmaq çox çətindir. Ancaq Ermənistanın da bundan başqa seçim imkanı yoxdur. Ermənistan ya konstruktivlik nümayiş etdirib Azərbaycanla real sülh danışıqları aparmalı və işğalçı siyasətə son qoymalıdır, yadaki əks təqdirdə rəsmi Bakı diplomatik danışıqlardan geri çəkiləcək və son sözü Azərbaycan ordusu deməli olacaq. Cənab Prezident  də “Qobu Park 3”-dəki çıxışında diqqəti məhz bu məqama yönəldərək həm erməni ictimaiyyətini, həm də vasitəçiləri bir daha xəbərdar etdi ki, münaqişə yalnız mərhələli şəkildə və ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər. Bu kifayət qədər açıq və qətiyyətli mesaj və xəbərdarlıqdır. Odur ki, proseslərin bundan sonrakı gedişatının məsuliyyəti  birbaşa Ermənistan rəhbərliyinin üzərinə düşəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu