CİDDİ ETİRAZ: “Vallah, elə toy olub ki, evə ac qayıtmışam” – Format dəyişsin ! 

“İnsanlar toya ürəklə getməlidirlər. Toya gedənlər üzdə gülsələr də, daxildə pərtlik keçirirlər”

“Belə toy olar? Niyə ev sahibi 55-60 növ yemək sifariş etməyə məcbur qalmalıdır ki, xərci də çox olsun?!”


Milli məclisin dünənki iclasında deputat Fazil Mustafa toyların müvəqqəti olaraq iki saat ərzində keçirilməsini təklif edib: 
“Toylar iki saat olsun. Adamlar 4 aydır toyunu təxirə salıb. 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar”.
 Sosioloq Əhməd Qəşəmoğlu isə “Sherg.az”a açıqlamasında parlamentari ilə razılaşmadığını deyib. O, toyların müddətinin yox, məzmunun dəyişməsini lazım bilir: 

“Toyların iki saat davam etməsi iclasa bənzəyər. Odur ki, müddəti qısaltmaq çıxış yolu deyil. Sadəcə, ssenari başqa cür olmalıdır. İnsanlar toya ürəklə getməlidirlər. Amma buna icazə verilmir. Çünki qiymətlər bahadır. Əvvəllər bir nəfər toya 50 manat yazdıra bilirdi. İndi utanırlar.

Bir nəfər ən azı 100 manat yazdırmalıdır. Hər ailəyə ayda orta hesabla 5 dəvətnamənin gəldiyini təsəvvür etsək, evə daxil olan əməkhaqqı ilə qəribə bir ziddiyət yaranacaq.

Deməli, ailə ya bütün maaşını toya verməli, ya borca-xərcə girməli, rüşvətxorluq etməlidir. Nəticədə toya gedənlər üzdə gülsələr də, daxildə pərtlik keçirirlər”. 



Sosioloqun fikrincə, biz Avropadan nümunə götürməliyik:

“Çox zaman süfrədə iki-üç gündən qalar yeməklər olur. Vallah, elə toy olub ki, evə ac qayıtmışam. Həm də saatlarla davam edən səs-küy bir çoxlarını narahat edir. Bunun üçün yaxşı olar ki, restoran ara kəsmə ilə iki yerə bölünsün-bir tərəfdə əylənənlər, bir tərəfdə isə istirahət edib, söhbətləşənlər olsun. İndiki toylar bizim cəmiyyətimizə çox ciddi zərbə vurur. Bunun qarşısını almaq lazımdır. Belə toy olar? Niyə ev sahibi 55-60 növ yemək sifariş etməyə məcbur qalmalıdır ki, xərci də çox olsun?! Dediyim kimi, format tamamilə dəyişilməli, radikal addımlar atılmalıdır. Nəinki Qərbdə, hətta qonşu Türkiyədə, İranda da toylar çox sadə keçir. Əgər Avropalaşmaq istəyiriksə, biz də bu təcrübədən istifadə etməliyik”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu