Sosial yardımın verilmə müddəti 1 ilə endirilir – SƏBƏB?

“İcra hakimiyyəti  nümayəndələrinin  sosial yardımların təyin olunmasına müdaxiləsi halları ilə bağlı çox faktlar vardı”

“Ümid edirəm ki, prosesin təkmilləşdirilməsi vəsaitin təyinatı üzrə istifadəsinə zəmin yaradacaq”
 


Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılır.
Bununla bağlı məsələ "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir. Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sözgedən dəyişikliyi şərh edən bəzi ekspertlərə görə, ilk baxışdan neqativ təsir bağışlasa da,  sosial yardımın təyin olunması müddətinin azaldılması pozitiv haldır.  Bu dəyişiklik  insanlarda iqtisadi aktivliyin formalaşdırılması mahiyyətini daşıyır. 

İqtisadçı ekspert Fuad İbrahimov isə hesab edir ki, bu zaman  aztəminatlı şəxslərə fərdi şəkildə yanaşmaq lazımdır. Ekspertin sözlərinə görə, 1 il bitəndən sonra şəxsin işləmək üçün potensialı olmazsa və yaxud şəxsin gəliri ehtiyac meyarına uyğun gəlməzsə, onlar ünvanlı sosial yardım almaqda davam etməlidirlər. 



Hazırda sözügedən dəyişikliyin əhalinin xeyrinə və ziyanına olması ilə bağlı konkret fikir bildirməyin düzgün olmadığını vurğulayan ekspert deyib ki, hər şey icra mexanizmindən asılı olacaq: 

"Düşünürəm ki,  sosial yardımın təyin olunması müddətinin azaldılması şəffaflığın bərqərar olmasına yönəlik bir addımdır. Sosial yardım sisteminin təkmilləşdirilməsi ilk növbədə bu sahədə həqiqətən ehtiyacı olan insanlara müvafiq şəraitin yaradılmasına imkan verəcək.

İcra hakimiyyəti  nümayəndələrinin  sosial yardımların təyin olunmasına müdaxiləsi və bundan qərəzli şəkildə istifadə halları ilə bağlı çox faktlar vardı. Ümid edirəm ki, prosesin təkmilləşdirilməsi vəsaitin təyinatı üzrə istifadəsinə zəmin yaradacaq. 

Sosial yardıma ehtiyacı olan kateqoriyaya aid olmayan insanların imtiyazlara yiyələnməsi və həqiqətən yardıma ehtiyacı olan vətəndaşların müəyyənləşdirilməsi lazımdır. Vətəndaşlar bilməlidir ki, bu imtiyazlar həqiqətən də onlara verilib".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu