Jurnalistlər çoxdur, amma həqiqəti yazanlar azdır

Media kapitanları peşəkarlıq sirlərindən danışdı


İndi kimi dindirsən, deyir, jurnalistəm. Nə yaxşı işdir...Təkcə “jurnalistəm” deməklə bu peşənin nümayəndələrindən, özü də qələmi itilərindən birinə çevrilmək mümkündür... Müşahidələr göstərir ki, belələri çox olsa da, onların böyük əksəriyyəti sona kimi mətbuatda qala bilmirlər, necə deyərlər, qələmləri qırıılır. Səbəb isə qeyri-peşəkarlıqdadır...

  Əslində KİV-də, “IV hakimiyyət”, “Cəmiyyətin güzgüsü” adlarına layiq fəaliyyət göstərmək heç də asan deyil. Bu mənada jurnalistikanı unikal sahələrdən  biri hesab etmək olar. Çünki mediada təkcə nə nəzəriyyə ilə, nə də təcrübə ilə kifayətlənmək mümkündür. Başqa sözlə desək, professionallıq bu iki amilin vəhdətini tələb edir. 

“Heç vaxt yalan danışmayan qəzetlər var”

  Elə bu məqamda da medianın qabaqcıl nümayəndələri arasında iki cəbhə yaranır-nəzəriyyəçilər və praktiklər. Onların hər biri nəzəri biliklərlə sonradan qazanılan təcrübənin paralel inkişafını qəbul etsələr də, ümumi fikirlər orijinal və fərqlidir. Məsələn, BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli düşünür ki, mətbuatın ən ali məqsədi həqiqəti demək olmalıdır: “Əgər mən baş redaktor olsaydım, jurnalistika prinsiplərinə tam sadiq qalaraq dəqiq, qərəzsiz, tərəfsiz materiallar təqdim edərdim. Heç vaxt yalan danışmayan qəzetlər var. Məsələn, “Arqumentı i faktı” koronavirus pandemiyasında Bill Geytsin əli olduğunu yazırsa, mən buna inanmaya bilmərəm”. 

 Professorun fikrincə, qəzetçilik hələ uzun illər yaşayacaq. Bir şərtlə ki, kreativ, yeniliyə açıq olaq:

“Bəzən çap mediasının yaxın zamanda sıradan çıxacağını düşünürlər. Amma belə deyil. Sizə bir fakt deyim, məşhur “Vaşinqton post” qəzeti 6 il əvvəl elektron versiyaya keçəcəklərini elan etdi. Bu, alınmadı. Çünki elektron qəzet çap qəzeti qədər reklam bazarına daxil olub, gəlir gətirə bilmədi. Transmilli mətbu orqan olan “Vaşinqton post”un illik gəliri 9-12 milyarddır. Vurğuladığım rəqəm çox ciddi göstəricidir. Biz dünya təcrübəsindən istifadə etməliyik. Əgər mən baş redaktor olsam, bir neçə məqama xüsusi diqqət yetirərəm. Qəzetdə dərc olunan yazını ən maraqlı yerində saxlayar və oxuculara materialın davamının saytda olduğunu bildirərdim. Yaxud da əksinə. Nəticədə həm qəzet oxunardı, həm də sayt.  “Komsomolskaya pravda” bu təcrübədən istifadə edir. İkincisi, xəbər janrına xüsusi diqqət yetirərdim. Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən “Şərq” bu baxımdan çox səciyyəvidir. Onun geniş oxucu kütləsi yığması da birbaşa olaraq informasiya bolluğu ilə əlaqədardır”. 

“Dünya mətbuatını öyrənməklə jurnalist olmaq mümkün deyil”    

  “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə media mühitində uğur qazanmaqdan ötrü ən vacib məsələnin həvəs olduğu qənaətindədir:

“Mən jurnalistikada təcrübənin vacib olduğuna inanıram. Jurnalistika həkimlik deyil ki... Fikrimcə, jurnalistikada hər sahəni bitirən adam çalışa bilər. Təki, həvəs, maraq, geniş mütaliə, dil bilgisi və yazmaq qabiliyyəti olsun. Hər şey təcrübədən irəli gəlir. Mən jurnalistikada nəzəriyyəni qəbul etmirəm. Necə müəllim olacağım barədə düşünməmişəm. Amma istənilən praktikaya nəzəriyyədən daha çox yer verərdim. Dünya mətbuatını öyrənməklə jurnalist olmaq mümkün deyil”.    

“Öyrədilənlərin tətbiqi məsələsi bəzən unudulur”

BDU-nun Jurnalistika fakültəsində uzun illərdir böyük bir jurnalistika nəsli yetişir. Birinci kursa qəbul olan gənclər dörd il ərzində burada təhsil alırlar. Amma tədrisin keyfiyyətindən danışmaq asan deyil.

Çünki həmin tələbələrin bəziləri gələcəkdə nüfuzlu qurumların mətbuat xidmətlərində, tanınmış KİV-də çalışdıqları halda, bəziləri özlərinə iş tapa bilmirlər. Əgər müəllimlər, tədris olunan proqram eynidirsə, niyə bu cür ziddiyətli mənzərə üzə çıxır? Çatışmayan nədir? “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin bu barədə qənaəti maraqlıdır. O, tədrisdə problemin olmadığını deyir. Əsas məsələ kimi isə yaddaş problemini göstərir: "Əvvəla onu bildirim ki, məndə müəllimlik bacarığı azdır. Çox az müddət BDU-da, "Təfəkkür", "Xəzər" və "Qərb" universitetlərində dərs demişəm. Eyni proqramı təkrarlamağın mənim üçün çətin olduğunu görmüşəm. Amma həmişə vizual materiallara üstünlük vermişəm. Çünki belə olan halda deyilənlər daha yaxşı yadda qalır. Jurnalistlər üçün ən vacib məqam yaddaşdır. Bir çox hallarda faktların yanlış xatırlanması problemlərlə nəticələnir. Ona görə bütün mühazirələrdən, seminarlardan əvvəl insan yaddaşı haqqında məlumat verirəm”.

A.Əliyevin sözlərinə görə, gənc jurnalistlərin bəzən özlərini istehsalatda göstərə bilməmələri heç də təsadüfi deyil. Buna səbəb şəraitin yaradılmaması və ya laqeydlikdir:

“Həmçinin, qeyd edim ki, tələbələr nəzəriyyədə öyrəndiklərini mütləq praktikada tətbiq etməlidirlər. Onlara bundan ötrü şərait yaradılmalıdır. Müşahidələrə əsasən universiteti bitirib işləməyə başlayan gəncin müəyyən çətinliklər çəkdiyini deyə bilərəm. Çünki öyrədilənlərin tətbiqi məsələsi bəzən unudulur. Bu isə yolverilməzdir. Obrazlı şəkildə desək, nəzəriyyədə avtomatın darağına güllə taxmaq öyrədilir, ondan necə istifadə edilməsi isə təcrübə məsələsidir".

“Tənqid dəqiq yoxlanılmış konkret faktlara söykənirdi”

   BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədlinin fikrincə, nəzəriyyə özül rolunu oynayır. Onun əsasında formalaşan isə təcrübədir. Əgər lazımi biliklər olmasa, praktika istənilən effekti verməyəcək:

“BDU-da işləyə-işləyə 1995-2000-ci illərdə həm də "Müxalifət" qəzetinin baş redaktoru olmuşam. Məndən əvvəl qəzetə tanınmış jurnalistlər - Ağamalı Sadiq Əfəndi və Süleyman Osmanoğlu rəhbərlik etmişdilər. Nəzəriyyə ilə praktikanın vəhdəti sayəsində o vaxtlar həmin nəşr ölkənin ən populyar qəzetlərindən biri idi.

Orada çox kəskin yazılar dərc olunurdu, amma heç birində etika normalarından kənaraçıxma halları yox idi. Tənqid dəqiq yoxlanılmış konkret faktlara söykənirdi. Məhkəmə çəkişmələrimiz olurdu, lakin hər dəfə biz qalib çıxırdıq. Həmin dövrdə "Müxalifət" gənc jurnalistlər üçün peşəkarlıq məktəbi rolunu oynayırdı. İndi müxtəlif yerlərdə çalışan tanınmış simaların çoxu məhz həmin məktəbin "məzun"larıdır. Qəzetin tərtibindən tutmuş satışına qədər hər şey elmi əsaslarla gerçəkləşdirilirdi. Mənim ən böyük xidmətim ədəbi dil normalarının göz bəbəyi kimi qorunması idi. Təəssüf ki, müəyyən səbəblər üzündən mən oradan ayrılmalı oldum. Bir müddətdən sonra iqtisadi sıxıntı ucbatından və bir sıra başqa amillərə görə qəzet bağlandı".

    Deyilənlərdən jurnalistikada nəzəriyyənin ya təcrübənin daha vacib olmasının, doğrudan da, müzakirəli məsələ olduğu ortaya çıxır. Deməli, jurnalist olmaq heç də asan deyil.

Bu, insandan xüsusi istedad, dilin incəliklərinə yiyələnmək, yüksək müşahidə qabiliyyəti, ünsiyyətciliklə yanaşı, həm də digər keyfiyyətləri tələb edir.

Peşəkar jurnalist yazı texnikasına bələd olmalı, ayrı-ayrı janrların səciyyəvi xüsusiyyətlərini bilməklə bərabər, KİV-in hüquqi tənzimlənməsindən tutmuş, xarici ölkələrin təcrübəsinə qədər bütün məqamlardan baş çıxarmalıdır. 

 Unutmaq olmaz ki, jurnalist cəmiyyətin danışan dili, görən gözü, eşidən qulağıdır. Bu mənada həmin peşənin layiqli nümayəndələri informasiya təminatını uğurla həyata keçirməklə kifayətlənməməli, eləcə də, “press” sözündən, sarı jiletlərdən sui-istifadə edənlərə qarşı kəskin mübarizə aparmalıdır. 

  Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin dediyi kimi, heç olmaz ki, doğru söz yerdə qala. Həqiqi jurnalistlər, bu ada layiq olanlar Həsən bəyin yuxarıdakı sitatını peşə doktorinası kimi qəbul etməli, medianın lüğəti mənasına (ingilis mənşəli söz olub, “orta”, “aralıq” deməkdir) xalqla hakimiyyət arasında körpü rolunu oynamalıdır. Çünki peşəkarlıq bunu tələb edir.  

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu