Real yanaşma: “Daha toy sevinc yox, stress yaradır” - Pulu haradan tapaq ?!

“Adamlar dəvətnaməni alan kimi əyləncə barədə yox, pul haqda düşünməli olurlar”

“Bilmirlər, pulu haradan tapsınlar. Belə olmaz. Üstəlik də toya gedənlərin əksəriyyətinin başı-beyni ağrıyır”



“İnsanlar toya ürəklə getməlidirlər. Amma buna imkan verilmir”.
Bu sözləri tanınmış sosioloq Əhməd Qəşəmoğlu Azərbaycan toyları barədə danışarkən deyib. O, həmçinin əlavə edib ki, toyların qiyməti çox bahadır:

“Əvvəllər bir nəfər toya 50 manat yazdıra bilirdi. İndi utanırlar. Bir nəfər ən azı 100 manat yazdırmalıdır.
Hər ailəyə ayda orta hesabla 5 dəvətnamənin gəldiyini təsəvvür etsək, evə daxil olan əməkhaqqı ilə qəribə bir ziddiyət yaranacaq.
Deməli, ailə ya bütün maaşını toya verməli, ya borca-xərcə girməli, rüşvətxorluq etməlidir. Nəticədə toya gedənlər üzdə gülsələr də, daxildə pərtlik keçirirlər”. 
 
İqtisadçı-ekspert Natiq Cəfərli  “Sherg.az”a açıqlamasında sosioloqun bu fikrinə şərik olub: 

“Biz yanaşmamızı dəyişməliyik. Çox qəribədir, bir çoxları toylara borc kimi yanaşır. Yəni “X” adam düşünür ki, əgər yüz adam onu toya dəvət edibsə, həmin fərdlərin hər biri onun övladının şad günündə iştirak etməlidir. Niyə? Çünki yüz manat qaytarılmalıdır. Bu, tamamilə səhv düşüncədir. Biz bir az obrazlı dillə desək, indiyə kimi “salınan” pullara “amnistiya” verməli, unutmalıyıq. Gənc nəsil isə toylarını fərqli formatda keçirməlidir. Yeməyə yox, əyləncəyə üstünlük vermək lazımdır”.

 İqtisadçının fikrincə, toylarda israfçılığa həddindən çox yol verilir:

 “Baxın, hər toyda on kiloqramlarla ərzaq çölə atılır. Əgər belədirsə, onları süfrəyə düzməyin nə mənası var?! İkincisi, müğənnilər heç bir vergi ödəməyərək yarım saata 2-3 min pul qazanmaq istəyirlər. 

Bu da “kölgə iqtisadiyyatı”na yol açır. Restoran sahibləri ofisiantları müqaviləsiz işlədirlər. Nəticədə onlarca gəncin hüquqları pozulur. Analoji halların qarşısını almaq lazımdır. Bu qədər israfçılığa yol vermək başa düşülən deyil. Yeganə çıxış yolu bayaq da dediyim kimi, münasibətin dəyişilməsidir. Biz də toylarımızı qardaş Türkiyədəki tək keçirə bilərik”. 

N. Cəfərli onu da vurğuladı ki, toyların keçirilmə formatı ictimai əsasa söykənməlidir: 

“Toylar insanda stress yaradır. Adamlar dəvətnaməni alan kimi əyləncə barədə yox, pul haqda düşünməli olurlar. Bilmirlər, pulu hardan tapsınlar. Belə olmaz. Üstəlik də toya gedənlərin əksəriyyətinin başı-beyni ağrıyır. Çox haray-həşirə nə ehtiyac var ki? Bəlkə də, ildə-ayda bir dəfə qohumunu görmək ümidilə toya gedən adam ifrat səs-küy ucbatından deyilən heç nəyi eşitmir. Belə istirahət kimə lazımdır?”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu