Meyitdən bu orqanlar icazəsiz götürüləcək

Meyitdən donor orqanların götürülməsi və transplantasiyası qaydası dəqiqləşir.
APA-nın məlumatına görə, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, şəxs sağlığında meyitinin, orqan və (və ya) toxumalarının transplantasiya məqsədi ilə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqanları istifadə oluna bilər. Şəxs sağlığında orqan donorluğu ilə bağlı məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra arvadının (ərinin), bu şəxs olmadıqda yetkinlik yaşına çatmış övladlarından və valideynlərindən birinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.

Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.

Qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün bu qanunda göstərilən qohumu olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsinə icazə verilə bilər. Bu halda transplantasiya üzrə koordinator tərəfindən məhkəmə-tibb eksperti məlumatlandırılır, orqan və toxumaların götürülməsi onun iştirakı ilə həyata keçirilir. Orqan və toxumaların götürülməsi bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya (meyitin yarılması) protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir.

Gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilər.

Layihəyə əsasən, yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxslər sağ ikən ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığın verilməsi və ya verilməməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edilmiş yazılı ərizədə ifadə edə bilərlər. Ərizə qeydiyyata alınmaq məqsədi ilə Koordinasiya Mərkəzinə göndərilir.

Şəxsin iradə ifadəsinin olması haqqında informasiya onun tibbi sənədlərinə daxil edilir.

Koordinasiya Mərkəzi şəxsin iradə ifadəsi barəsindəki ərizəsinin daxil olduğu gündən beş iş günü müddətində onu araşdırır və iradə ifadəsinin qeydiyyatı və ya qeydiyyatından imtina haqqında qərar qəbul edir.

Şəxsin iradə ifadəsinin qeydiyyatı haqqında müsbət qərar qəbul edildikdə bu barədə məlumatlar vahid informasiya bazasında ölümündən sonra donorluğa razılıq vermiş şəxslərin reyestrində yerləşdirilir.

Qəbul edilmiş qərar haqqında vətəndaşa müvafiq qərarın qəbul edildiyi tarixdən beş iş günündən çox olmayan müddətdə yazılı və ya elektron formada bildiriş göndərilir. Ərizənin qeydiyyata alınmasından imtina haqqında qərarın qəbul edildiyi halda, bildirişdə imtinanın səbəbləri göstərilir.

Şəxsin iradə ifadəsinin qeydiyyatından imtina üçün əsas iradə ifadəsini müəyyən edilmiş formada əks etdirən ərizənin təqdim edilməməsi və ya təqdim edilmiş ərizədə əksini tapmalı olan ətraflı məlumatların olmamasıdır.

Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığının olması və ya olmaması haqqında məlumat onun arzusu ilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və ya sürücülük vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilir.

Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığının olması və ya olmaması haqqında ərizənin forması, onda əks etdirilməli olan məlumatlar, reyestrin aparılmasını həyata keçirən orqana ərizənin təqdim edilməsi, ərizənin rəsmiləşdirilməsi və təsdiq olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsinə əsasən, sağ ikən ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq verməsi və ya verməməsi haqqında Koordinasiya Mərkəzinin vahid məlumat bazasında qeydiyyata alınmış iradə ifadə etmiş yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxslər istənilən vaxt iradə ifadəsini dəyişmək hüququna malikdir.

Həmçinin, layihədə donorun iradə ifadəsinin olması haqqında informasiyanın məxfiliyinin təmin edilir.

Belə ki, tibb müəssisəsi və Koordinasiya Mərkəzi şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq verməsi və ya verməməsi haqqında iradə ifadəsinin olması haqqında informasiyanın məxfiliyini təmin edir. Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq verməsi və ya verməməsi haqqında iradə ifadəsinin olmasına dair informasiyanın məxfiliyinin pozulmasına yol vermiş şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanun layihəsinə əsasən, meyitdən transplantasiya məqsədi ilə orqanların götürülməsi yalnız mütəxəssislərdən ibarət həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və ya baş-beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümünün) təsdiq edən qərar qəbul edildikdən və protokollaşdırıldıqdan, imzalanıb möhürləndikdən sonra tibb müəssisəsinin baş həkiminin icazəsi ilə həyata keçirilir.

Meyitin məhkəmə-tibb ekspertizası zərurəti olduqda ekspertiza məhkəmə-tibb ekspertinin iştirakı ilə donor orqanların götürülərkən və ya orqanlar götürüldükdən sonra həyata keçirilir.

Bioloji ölümün baş verməsini və ya baş beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümünün) təyin edən diaqnostik göstəricilərin standartları, həkim konsiliumunun tərkibi, donor orqanın götürülməsi prosesində məhkəmə-tibb ekspertinin iştirakı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bioloji ölüm və beyin ölümü faktının təyin edilməsi barədə qərar donor orqanının götürüldüyü tibb müəssisəsində 15 (on beş) il saxlanmalıdır.

Donorun ölüm aktının təsdiqində transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.

Həmçinin, ölümün qeydə alınmasından sonra və donor orqanların götürülməsi anınadək donor orqanların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi proseduralar - donorun kondisiyalaşdırılması həyata keçirilir, görülmüş tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada protokollaşdırılır.

Donorun kondisiyalaşdırılması, eləcə də xüsusi tibbi avadanlıqdan istifadə etməklə digər tədbirlər donorun olduğu tibb müəssisəsinin reanimasiya şöbəsinin donora cavabdeh həkimləri tərəfindən, zəruri olduqda digər tibb müəssisəsinin mütəxəssisləri cəlb edilməklə həyata keçirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu