34 çocuğumuz erməni terrorunun qurbanıdır

Hələ neçə-neçə uşaqlar təmas xəttinin yaxınlığında güllə səsləri eşidir

Yaxşı olar ki, müharibə uşaqlarının psixoloji reabilitasiyası üçün də belə mərkəzlər yaradılsın və uşaqlar, həmçinin onların valideynləri orada reabilitasiya kursu keçsinlər


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə hazırladığı “Uşaqlar gələcəyimizdir” məqaləsində erməni terrorunun qurbanı olan Azərbaycan uşaqlarının sayını açıqlayıb.  

H.Hüseynova qeyd edib ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb. Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır. Ermənistan “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətdir, ancaq təəssüflər olsun ki, Konvensiya ilə öz üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur.

“Təmiz Dünya” Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında real faktların beynəlxalq təşkilatların diqqətinə mütəmadi çatdırılması ilə yanaşı həyata keçirilməsi mütləq olan işlərdən danışdı: 

- Bu danılmaz faktdır ki, Ermənistan terrorçu, separatçı dövlət kimi Azərbaycan torpaqlarını işğal altında saxlamaqla yanaşı, atəşkəs dövründə dinc əhaliyə, uşaqlara qarşı terror aktlarını davam etdirir. 34 uşağın terror qurbanı olması faciəli rəqəmlərdir və erməni terrorizminin alçaq xislətini göstərir. Bəli, dinc əhaliyə qarşı terror aktları beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Bu da məlumdur ki, beynəlxalq təşkilatlar bu faktlara göz yumur. Necə ki, işğal faktı tanınsa da, beynəlxalq təşkilatlar işğalçının geri oturdulması, işğal altında olan torpaqların azad edilməsini tələb edə bilmirlər, eləcə də dinc əhaliyə, həmçinin uşaqlara qarşı terror aktlarının da qarşısını almaqda acizdirlər.

Sadəcə, Azərbaycan dövləti, vətəndaşlarımız – hər birimiz bacardığımız qədər bu faktları ictimailəşdirməli, beynəlxalq tədbirlərdə bu faktları səsləndirməli, faktların tarixi sənəd kimi rəsmiləşdirilməsinə çalışmalıyıq. Bunlar gələcək üçün lazımdır. Qoy dünya erməni terrorunun alçaq xislətinə bələd olsun. Bu, bizim hər birimizin beynəlxalq səviyyədə görəcəyimiz işdir.

Amma ölkə daxilində görməli olduğumuz bir o qədər də vacib işlər var. Nədən ibarətdir bu? Biz sərhədyanı bölgələrdə yaşayan, hər gün təhlükə ilə üz-üzə dayanan uşaqların gələcəyini düşünməliyik. Cəbhə xəttinə yaxın, sərhədyanı bölgələrdə yaşayan uşaqlar qorxu altında, həyəcan, stres içində böyüyürlər. Müharibə dövrünü yaşamış insanların psixikasında gərginlik olması, davranışlarında aqressivlik təbii haldır. Problem bundadır ki, bu gərginlik, aqressivlik  genetik yolla gələcək nəslə ötürülür.

Üstəlik o uşaqlar da gərgin şəraitdə, stres altında yaşayırlarsa, onların psixikasında mənfi təzahürlərin özünü göstərməsi gözləniləndir. Biz nə etməliyik? Bəyanat verməklə işi bitmiş hesab etmək olmaz. Çalışmalıyıq ki, uşaqların psixi gərginliyinin qarşısı alınsın. Bunun üçün də həmin bölgələrdə yaşayan uşaqlar, həmçinin müharibədən əziyyət çəkmiş ailələrlə bağlı xüsusi psixoloji reabilitasiya proqramları işlənməlidir və bu təbəqədən olan insanlar bu proqramlara cəlb edilməlidir. İnkişaf proqramları da tərtib edilməlidir.

Məlumdur ki, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi bölgələrdə “Gün ərzi” mərkəzləri yaradıb. Bu mərkəzlərdə valideynini itirmiş, valideyn himayəsindən məhrum uşaqlara xidmət göstərilir. Yaxşı olar ki, müharibə uşaqlarının psixoloji reabilitasiyası üçün də belə mərkəzlər yaradılsın və uşaqlar, həmçinin onların valideynləri orada reabilitasiya kursu keçsinlər. Çünki müharibənin yaraları ağır olur.

Söhbət təkcə fiziki yaralardan deyil, mənəvi yaralardan gedir. Çalışmalıyıq ki, uşaqlarımızın ruhi sarsıntılarının, streslərinin qarşısını alaq. Hələ bizim körpələr çox məhkəmdir ki, atəşkəs dövrünün müharibəsinə dözürlər. Amma bu hal onların gələcəyini təhdid edir. Bu gün psixoloji sarsıntı içində, güllə, mərmi sədaları və partlayışları, qəfil ölüm stresi altında yaşayan uşaqların psixikasında hansı dəyişikliklər ola biləcəyini təxmin etməliyik. Və qarşısını almağa çalışmalıyıq. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu