İdarə edənlərlə, idarə olunanlar arasında asılılıq azalır - Raya Əliyeva yazır 

Günümüzdə siyasətin və həmçinin hüququn rəqəmsal texnologiyaların təsirinə məruz qaldığı aşkardır

Siyasət və hüquq arasındakı qarşılıqlı münasibətlərdə rəqəmsal texnologiyaların rolu... 


Cəmiyyətin və dövlətin stabil şəkildə idarəsinin, inkişafının təmini üçün hüquq və siyasət məfhumlarının rolu danılmazdır. Fərqli mənalar kəsb etmələrinə baxmayaraq, bu iki anlayışın dövrümüzdə həm beynəlxalq münasibətlər, həm də cəmiyyətin və dövlətin həyatında müştərək şəkildə fəaliyyət göstərməsinin və bir-birlərinə qarşılıqlı formada təsir etdiklərinin şahidiyik. Müasir dövrdə bu prosesin daha da sürətlənməsində əsrimizin əsas nailiyyətlərindən olan rəqəmsal texnologiyaların da rolu var. 

Keçən əsrin sonlarından başlanan texnoloji inqilab günümüzdə daha sürətlə inkişaf etməkdədir. XXI əsrdə texnoloji inkişafın üstünlüklərindən dövlətdaxili siyasi məsələlərdə, vətəndaş və icra aparatı arasındakı münasibətlərin nizamlanmasında istifadə olunmaqdadır. Ölkənin xüsusi xidmət orqanları bu texnologiyaların tətbiqində xüsusi şəkildə maraqlıdırlar.

Eyni zamanda beynəlxalq arenanın müstəqil aktorları olaraq çıxış edən dövlətlər də qarşılıqlı münasibətlərin formalaşdırılması, informasiya axını və dövlət maraqlarının təmini istiqamətində bu yeni müstəvilərin aktiv aktorları kimi özlərinə yer tutmaqdadırlar. Bu cür inkişafdan kənarda qalan dövlətlər isə texnoloji gerilik səbəbilə güclü ölkələrdən asılı vəziyyətə düşmək təhlükəsi qarşısında qalırlar. İnternet şəbəkəsinin genişlənməsi ilə informasiya daha sürətlə ötürülməyə başladı. 

Müasir informasiya texnologiyalarının dövlətlərarası və beynəlxalq münasibətlərdə baş verən siyasi proseslərin obyekt və subyektlərinin hüquqlarının təmini və qorunması istiqamətindəki təsirini müsbət və mənfi olmaqla iki formada qiymətləndirə bilərik. Fikrin daha dolğun şəkildə başa düşülməsi üçün hər iki formanın izahını verməyə çalışaq. 

Rəqəmsal texnologiyalar siyasət və hüquq arasında olan qarşılıqlı əlaqəyə müsbət yöndən təsir göstərir.  
Bu mülahizəyə iki istiqamətdən yanaşa bilərik;

a)Aşkarlığı artıraraq siyasi aktorların proseslərdə daha fəal iştirakına imkan verir. 

Rəqəmsal texnologiyaların inkişafı siyasətin hüdudlarını genişləndirməklə yanaşı idarə edənlərlə-elita, idarə olunanlar - xalq arasındakı asılılığı nisbətən azaltdı. Antidemokratik cəmiyyətlərdə mövcud olan situasiyaya uyğun olaraq insanların əllərindən alınmış sərbəst toplaşmaq hüququ texnologiyanın inkişafı ilə yenidən özlərinə qaytarılmış oldu. Müasir informasiya texnologiyalarının bir qolu olan sosial media platformalarında artıq insanlar istədikləri mövzu ətrafında fikir mübadiləsi aparmaq, eyni əqidəli həmfikirləri ilə qruplar yaratmaq və daha da irəliyə gedərək ortaq amallar ətrafında birləşərək addım atmaq qabiliyyətinə malikdirlər. Bunun nəticəsidir ki, günümüzdə liderlər tərəfindən xalqların iradəsini idarə etmək əvvəlki dövrlərə nisbətdə xeyli çətinləşib. 

Müasir informasiya texnologiyaları xalqlara öz fikir və düşüncələrini azad şəkildə bölüşə bilmək imkanı yaratmaqla, bir növ xalq üzərində olan siyasi hakimiyyətin təsir gücünü azaltmış oldu. Rəqəmsal texnologiyaların gətirdiyi üstünlüklərdən istifadə etməklə vətəndaşlar öz istəklərini dövlət qarşısında ifadə edə biləcəyi bir platforma qazandılar. Bu, qüsurlu demokratiyanın mövcud olduğu cəmiyyətlərdə daha böyük imkanlar yaradır.

Cəmiyyətin baxış bucağını genişləndirən müasir texnologiyalar və xüsusilə də onun bir qolu olan sosial şəbəkələr antidemokratik və insan hüquqlarının boğulduğu dövlətlərdə yaşayan və bu texnologiyaların istifadəçisi olan vətəndaşlara öz yaşadığı mühitlə virtual imkanlar sayəsində məlumatlı olduğu digər dövlətlərdə olan siyasi vəziyyəti müqayisə edərək ortada olan fərqləri aydın şəkildə görməyə imkan verir. Beləliklə, insanların sonrakı addımı başqa siyasi quruluşlarda olan demokratik meyillərin öz cəmiyyətlərinə tətbiqi istiqamətində olur. Fərd siyasi hüquqlarının mövcud idarəçi aparat tərəfindən təmin olunmasına nail olmağa çalışır. Nəticədə idarə olunanların əvvəlki qaydada idarə olunmaq istəmədiyi və idarə edənlərin əvvəlki formada idarə edə bilmədikləri bir situasiya yaranır. Bu isə sonda dövlət daxilində demokratik meyillərin güclənməsinə, islahatların aparılmasına və ən əsas da hüququn tək kağız üzərində deyil, eyni zamanda praktikada da öz əksini tapdığı idarəçilik aparatının bərqərar olmasına gətirib çıxarır.

Məsələn, İran kimi ciddi dini rejim şəraitində idarə olunan bir dövlətdə hətta müasir informasiya texnologiyalarının təzə inkişaf tapdığı bir dövrdə belə proseslərə təsir edə bilmək qabiliyyətinə malik olmasını bir sıra faktlarla aydın şəkildə sübut etmək mümkündür. Belə ki, 2009-cu ildə İranda baş vermiş seçkilərdən sonra seçki nəticələrindən narazı qalmış kütlə seçim hüquqlarının tam şəkildə təmin olunmadığı üçün etiraz çıxışlarına başlayıb0. Təbii ki, bu çıxışların meydana gəlməsində və formalaşmasında sosial medianın bir istiqaməti olan “twitter” sosial şəbəkəsinin rolu olub. Yerli informasiya vasitələri üzərində nəzarət olduğundan xarici aləmə xəbər nisbətən diqqətdən kənarda qalmış “twitter” sosial şəbəkəsi vasitəsilə sızır.

“Washington Times” da daxil olmaqla bir çox nüfuzlu media portalları 2009-cu ildə İranda baş vermiş çıxışlarda bu yeni texnologiyaların rolunun olmasını öz xəbərlərində təsdiq etmişdirlər. Hətta bəziləri daha da irəliyə gedərək prosesi “twitter inqilabı” olaraq da adlandırıblar. Lakin İranda baş vermiş bu hadisənin meydana gəlməsi və istiqamətlənməsində sosial medianın rolunu Ərəb baharına təsirilə müqayisə edərsək, İrandakı prosesləri “sosial media inqilabı” adlandırmağın mübaliğədən başqa bir şey olmadığını görərik.

Bəzi tədqiqatçıların fikirlərinin təsdiqi olaraq bildirməliyik ki, İrandakı çıxışlarda “twitter”in rolu ölkənin daxilindən çox xaricində prosesləri ictimailəşdirmək üçün olub. Çünki İranda qurulmuş ciddi dini rejim böyük xarici qüvvələrin daxilə inteqrasiyasını minimuma endirir. “Twitter” isə bu istəyi asanlaşdıraraq bir növ ölkəyə təzyiq göstərmək, qüsurlarını dünyaya yayaraq İranı informasiya blokadasına salmaq üçün zəmin yaradır. 

Hər bir dövlətin daxili siyasətinin mühüm elementlərindən olan seçki proseslərinin təşkili baxımından müasir rəqəmsal texnologiyaların yaratdığı üstünlüklər həqiqətən də təqdirəlayiqdir. Mövcud yeni vasitələr seçki prosesinin daha da şəffaflaşmasına, seçki öncəsi hazırlığın və kampaniyaların geniş miqyasda təşkilinə şərait yaratmaqla seçicilərin informasiya əldə etmək hüququnu dərindən təmin etmiş olur.

Halbuki, 10-15 il əvvələ qədər seçki proseslərinin təşkili kifayət qədər maddi və mənəvi güc tələb edən bir iş idi. Radio və televiziyalar üzərindən aparılan təbliğat kampaniyalarında namizədlər üçün nəzərdə tutulmuş vaxtın məhdud olması, hazırlanmış süjet və verilişlərin müəyyən bir vaxt intervalında efirdə olması səbəbi ilə daha az insana çatması, aparılan işin effektivliyini aşağı salırdı.

Nəticədə isə seçiciləri daha ətraflı məlumatlandıra bilmək üçün şəhər və rayonlarda xəbərdarlıq afişləri asmaq, məlumatlandırıcı iclaslar və ya görüşlər keçirmək kimi köməkçi yollara əl atmaq lazım gəlirdi. Bunlar isə həm maddi vəsait, həm də vaxt itkisi deməkdir. Eyni zamanda seçki təbliğatının baş tutduğu müddət ərzində və sonrasında estetik cəhətdən xoş olmayan görünüş yaranırdı. Seçicilərlə kommunikasiyanın məhdud olduğu  vaxtlarda bu tipli kampaniyalar bir növ məcburi xarakter daşıyırdı. Hazırda isə bu problemlər rəqəmsal texnologiyaların təşəkkülü fonunda demək olar ki, öz həllini tamamilə tapıb. Yazılı və virtual media, həmçinin internet və sosial şəbəkələr partiya və namizədlərə yeni imkanlar yaradır.

Həmçinin hazırda Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində müvafiq saytlar və şəbəkələr üzərindən seçkiləri canlı şəkildə izləmək mümkündür. Bu isə seçki saxtalaşdırılması və başqa hüquqa zidd halların qarşısını almaqla birgə, kimliyindən və statusundan asılı olmayaraq hər bir vətəndaşa seçki müşahidəçisi olmaq şansını yaradır. 

b)Dövlət strukturlarında şəffaflığı təmin edərək demokratik və hüquqi təmələ əsaslanan dövlət siyasət xəttinin və idarəçiliyinin formalaşdırılması üçün zəmin yaradır. 

Artıq dünyanın əksər ölkələrində dövlət orqanlarında olan korrupsiya hallarının qarşısını almaq üçün elektron hökumət formasından istifadə etməkdədirlər. Bir çox xidmətlərin onlayn şəkildə internet üzərindən əldə edilə bilməsi məmurla vətəndaş arasında olan birbaşa əlaqəni ən aşağı səviyyəyə endirməklə süründürməçilik, bürokratiya kimi halların qarşısını almış olur. Azərbaycan Respublikasında bu təcrübədən geniş şəkildə istifadə ölkə Prezidenti İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanına uyğun olaraq ölkə ərazisində “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə oldu. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət Agentliyinin tabeliyində olan bu qurum  dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirir. Prezidentin başçılığı ilə dövlət qurumlarının peşəkarlığının artırılması istiqamətində atılmış bu addımın yaratdığı şəffaf hüquqi mühit göz qabağındadır. 

Rəqəmsal texnologiyalar siyasət və hüquq arasında olan qarşılıqlı əlaqəyə mənfi yöndən təsir göstərir.
Siyasi proseslərdə subyektlərin manipulyasiya imkanlarını genişləndirərək cəmiyyətin və fərdlərin doğru informasiya əldə etmək hüququnun qarşısını alır. Burada subyekt rolunda siyasi partiyalar, iqtidar və ya dövlətlər çıxış edir. 

Başda siyasi liderlər olmaqla dövlət rəsmiləri və siyasi partiyalar müasir kommunikasiya vasitələrinin, xüsusilə sosial medianın gücündən xəbərdardırlar və bu gücdən ən səmərəli şəkildə istifadə etməyə çalışmaqdadırlar. Çünki bu müstəvilər üzərində formalaşdırılan imic onların xalq arasındakı nüfuzuna birbaşa təsir edir. Aparılmış tədqiqatlarda bu fikrin doğruluğu öz sübutunu tapıb. 

Türkiyənin  Erciyes Universitetinin elmi araşdırmalar birliyinin dəstəyi ilə bu ölkənin 26 vilayətindən olan 1200 seçici arasında aparılan araşdırmada respondentlərin 28.5 faizi özlərinə verilən “sosial mediada gördükləriniz sizin siyasi seçiminizə təsir edirmi” sualına “bəli” şəklində cavab bildiriblər.
Eyni zamanda müasir informasiya texnologiyaları və sosial media siyasi liderlərin və partiya rəhbərlərinin əlində xalqı öz tərəfinə çəkmək, bunun sayəsində öz iradəsini və iqtidarını xalqa qəbul etdirə bilmək və daim diqqət mərkəzində qalmaq üçün bir manipulyasiya aparatı rolunu oynayır. 

Rəcəb Tayyib Ərdoğan, Dövlət Baxçalı və Kamal Kılıçdaroğluna aid tvitter hesablarında aparılan kontent analiz (bütün paylaşımlarda ən çox istifadə olunan sözlərin tapılmasına istiqamətlənən politoloji araşdırma) nəticələri bu formadadır.

Rəcəb Tayyib Ərdoğan - biz, Türkiyə, deyil 
Kamal Kılıçdaroğlu - Türkiyə, biz 
Dövlət  Bağçalı - yaxşı, Allah, diləyirəm

Nəticələr hər üç lider tərəfindən yaxın mənalı sözlərin istifadə edildiyini göstərir. Lakin bu oxşarlıq heç də təsadüfə əsaslanmır, tam olaraq sosial media istifadəçilərinə qarşı psixoloji təsir göstərməyə xidmət edir. Bir növ “vətən”, “birlik”, “vahid amal” kimi xalqın həssas nöqtələrinə toxunaraq, onlarla duyğusal bağ qurmağa hesablanıb. Bu yolla da lider tərəfindən paylaşılan yazıları oxuyan istifadəçi özü də fərqində olmadan həmin siyasi partiya və ya liderə qarşı yaxınlıq hiss edir və nəticədə onların dəstəkçisinə çevrilir.

Müasir informasiya texnologiyaları seçki prosesinin demokratikləşməsinə, prosesin daha geniş miqyasda təşkilinə şərait yaratdığı kimi bəzi problemli halların da ortaya çıxmasına rəvac verir. 

Faktlara görə, 2016-cı ildə ABŞ-də baş tutmuş prezident seçkilərində “Cambridge Analytica” şirkəti tərəfindən 50 milyon “facebook” sosial şəbəkəsi istifadəçisinin məlumatlarında gizli şəkildə istifadə edilərək D.Trampın seçkilərdə qələbə qazanmasına xidmət edib. Şəxsi məlumatları ələ kəçirilən istifadəçilərə digər partiyaya qarşı onlarda aqressiya yaradacaq məlumatlar göndərilib və bu yolla da qeyri-leqal formada təbliğat işi aparılıb. 
Həmçinin Oksford Universitetinin “Graphica” analiz mərkəzi tərəfindən ABŞ Senatının kəşfiyyat komissiyasına təqdim edilən hesabatda Rusiyanın 2016-cı ildə ABŞ-da baş tutmuş prezident seçkilərinə müdaxilə etdiyi bildirilir. Müdaxilə “facebook”, “tvitter”, “instaqram”, “youtube” kimi sosial media vasitələrində D.Trampın lehinə qeyri-leqal təbliğat kampaniyası formasında həyata keçirilib. 

Müasir informasiya texnologiyalarının tətbiqi informasiya qəbulunu daha əlçatan edir və nəticədə qısa müddət ərzində məlumatların daha çox insan tərəfindən əldə olunmasına imkan verir. Ancaq problem ondadır ki, yayılan məlumatların heç də hamısı gerçəyə əsaslanmır. Bəzən virtual trafiklər üzərindən məqsədli şəkildə, qəsdən doğru faktlar gizlədilərək, qarşı tərəf haqqında əsassız fikirlər və böhtanlar yayılaraq onun hüquqları tapdalanmış olur. Bu kimi hallara tək dövlətin daxilində baş verən siyasi proseslərdə deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində dövlətlər arasında da rast gəlmək mümkündür. Rəqəmsal texnologiyaların yaratdığı üstünlüklər beynəlxalq siyasi arenada dövlətlər tərəfindən məharətlə istifadə edilməkdədir. Bu gün böyük və ya kiçik olmasından asılı olmayaraq bir çox dövlət bu vasitələrdən rəqiblərinə qarşı dezinformasiya yaymaq, kiçik mövzuları şişirdərək qarışıqlıq yaratmaq və ya öz əməllərinə dünya mediasında doğruluq donu geyindirərək  özünə müsbət imic qazanmaq üçün istifadə edilməkdədir.

Müxtəlif vaxtlarda dövlətimiz də bu cür qarayaxmaların hədəfinə çevrilib. Bədnam qonşumuz olan ermənilər “erməni soyqırımı adı altında” öz “həqiqətlərini” dünyaya çatdırmaq üçün müxtəlif filmlər, videoçarxlar çəkərək, məqalələr, kitablar yazaraq bunları KİV və sosial media üzərindən yayımlayırlar.

Bunları etməkdə məqsədləri dünya ictimaiyyətinə özlərini məzlum, köməksiz, əzilən xalq kimi qələmə verməkdir. Bu haqda dünyaca məşhur bir çox xəbər portallarında məlumatlar dərc olunub. “New York Times” da bunlar arasındadır. Öz hərəkətləri ilə ölkəmizi və türk qardaşlarımızı dünyaya qaniçən, barbar obrazında tanıtmağa, öz xəyallarında yaratdıqları “böyük Ermənistan” adı altında iddia etdikləri ərazilərə və Qarabağa sahib olmağa çalışırlar. Bunun nəticəsidir ki, dünyada ölkəmizə qarşı olan ədalətsizliyi ermənilərin haqlı şəkildə apardıqları azadlıq mübarizəsi kimi anlayan insanlar az deyil. 

 Dövlətimiz də ermənilərin yalan ittihamları qarşısında cavabsız qalmayıb. Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilmiş olan “Justice for Khojaly” layihəsi başda olmaqla dünyanın müxtəlif ölkələrində təbliğat kampaniyaları aparılmaqdadır. Heç kimə sirr deyil ki, 1994-cü ildə imzalanmış atəşkəs razılaşması ilə nisbətən dayandırılan silahlı münaqişə hazırda elektron maşınlar üzərindən informasiya savaşı formasında davam etməkdədir. 

XXI əsrdə insanlar tərəfindən internet şəbəkələri istifadəsinin qısa müddət ərzində bu cür geniş ərazi və kütləni əhatə etməsi bəzi dövlətlərdə idarə edən elitanın maraqları ilə səsləşməyən hallara səbəb olub. Bu isə öz növbəsində həmin dövlətlər tərəfindən müasir əsrdə belə, insan hüquqlarını kobudca pozan addımların atılması ilə nəticələnib. Düzdür, bu hallar bəzən ölkənin milli maraqlarının və ərazi bütövlüyünün təmini üçün ən son variant olaraq həyata keçirilə bilir. Lakin praktikada bu kimi vəziyyətlərə az sayda rast gəlmək olar. "Acces now" tərəfindən “The state of internet shutdown 2018” adı altında hazırlanmış hesabatda internetdən istifadəni qısa müddət ərzində olsa belə bloklamış ölkələrin siyahısı verilib və bu addımlarının səbəbi izah olunmağa çalışılıb.

Rəqəmlər ölkələrin əvvəlki illərə nisbətdə 2018-ci ildə bu addımı daha çox atdığını göstərir. Belə ki, dünya üzərində 2016-cı ildə 75, 2017-ci ildə 106 dəfə internet bloklandığı halda 2018-ci ildə bu rəqəm 196 ya çatıb. Siyahıya 134 dəfə olmaqla Hindistan rəhbərlik etməkdədir. Sonrakı yerləri Pakistan, Banqladeş, İraq, Yəmən və bir sıra ərəb ölkələri tutmaqdadır. Hansı ki, bu ölkələrin çoxu bloklanma barədə xalqa əvvəlcədən məlumat verməmiş və sonrasında mövcud addımla bağlı heç bir səbəb irəli sürməyib. Sanki insanların informasiya əldə etmək vasitələrini əllərindən almaqla onların hüquqlarını pozduqlarından xəbərsiz kimi davranırlar. Bu zaman belə bir sual ortaya çıxır. Necə olur ki, dünyanın xeyli yol qət etmiş olduğu bir əsrdə bu cür halların şahidi olmaq mümkündür. Siyahıya nəzər salsaq görərik ki, bloklamanı həyata kəçirən dövlətlər əsasən hüquqi cəhətdən kifayət qədər inkişaf etməmişdilər. Yaxın Şərq ölkələrində isə Ərəb baharının təsirilə dağılmış antidemokratik cəmiyyətlərin hüquqi təmələ əsaslanaraq qurulması bir neçə on il vaxt tələb edəcək.

Günümüzdə siyasətin və həmçinin hüququn rəqəmsal texnologiyaların təsirinə məruz qaldığı aşkardır. Ancaq bizə lazım olan bu təsirin müsbət tərəflərinin artırılması və mənfi tərəflərinin isə aradan qaldırılmasıdır. Təbii ki, bu istəyə nail olmaq vaxt tələb edir. Çünki əvvəla hüquq və süni intellekt arasında olan münasibətlər qanunauyğun şəkildə qurulmalı, kibercinayətkarlığın əsas müddəaları tam şəkildə müəyyənləşərək həm dövlətlərin əsas qanunlarında, həm də beynəlxalq münasibətlər sisteminin təcrübəsində öz yerini möhkəmləndirməlidir.

Raya Əliyeva, AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu