Sərt xəbərdarlıq: “Daha hər kəsin tanışları arasında yoluxan var”

“Tibbi maska ilə gəzmək, sosial məsafə saxlamaq şərtdir”

“Məsuliyyətsizlik davam etsə birazdan hər ailədə bir daşıyıcı olacaq” 


Koronavirus pandemiyası insanların kabusu olmaqda davam edir. Əvvəllər vəziyyət yaxşılaşmağa doğru getsə də, xüsusi karantin rejimi yumşaldıqdan sonra əks tendensiyanı müşahidə etdik. Əfsuslar olsun ki, çoxları arxayınlaşdı və bu, arzuolunmaz nəticələrə yol açdı. Yoluxanların və dünyasını dəyişənlərin sayı getdikcə artmaqdadır. Bu, həyəcan siqnalını çalmaq üçün artıq vaxtın çatdığını göstərir. 

 Həkim, ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a açıqlamasında bildirdi ki, sevinməyə tələsmək lazım deyil:  

“Karantin qaydalarının yumşaldılması məcburi atılan addım idi. Amma əhali bunu səhv başa düşdü. Adamlar elə bildilər ki, daha hər şey bitdi. Xeyr, elə deyil. Heç kim koronavirusun nə vaxt bitəcəyini bilmir”.
 
O, insanları qaydalara əməl etməyə çağırdı: 

“Tibbi maska ilə gəzmək, sosial məsafə saxlamaq şərtdir. Demirəm, açıq havada maska taxaq. Amma qapalı yerlərdə zəruridir. Xroniki xəstəliyi olanlar daha diqqətli davranmalı, mümkün qədər ictimai yerlərdə olmamalıdırlar. Çünki onlar xüsusi risk qrupuna aiddirlər. Media necə davranmaqla bağlı çox dəqiq və aydın informasiyalar verir. Bircə qalır  insanların məsuliyyəti və ciddiyəti. İlk vaxtlar bəziləri deyirdilər ki, qohum-əqrəbada infeksiyaya yoluxan olmadığı üçün mən buna inanmıram. İndi görürük ki, daha hər kəsin tanışları arasında yoluxan var. Məsuliyyətsizlik davam etsə birazdan hər ailədə bir daşıyıcı olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu