“Yoluxma hallarının artması məsuliyyətsizlikdən qaynaqlanır”

“Bizdən tələb olunan məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əllərimizi yumaqdır”



Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir. Lakin  xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.

Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməli, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Bu mənada ictimai nəzarət və ictimai qınaq vacib şərtdir.

Vətəndaşlarımız maksimum məsuliyyətli olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidir. 



TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da “Sherg.az”a açıqlamasında  bir həftə əvvəllə müqayisədə yoluxma sayının 2 dəfəyə yaxın artdığını deyib. İnfeksionistin sözlərinə görə, ötən aylarda sərt karantin rejiminin hesabına pandemiyanı nəzarətdə saxlamaq olurdu: 

"Karantin rejimi yumşalandan bu yana yoluxma sayı artan xətt üzrə hərəkət edir. Təbii ki, uzun müddət insanları da sərt karantin rejimində, evdə saxlamaq düzgün deyil. Sosial izolyasiya, şəxsi gigiyena və digər karantin  qaydalarına əməl etmək şərti ilə  Operativ Qərargahın karantin rejimini yumşaltması məqsədəuyğun idi. Bütün dünya ölkələrində bu proses icra olunur. Səlahiyyətli qurumlar öz tövsiyyələrini  verir, özünün və yaxınlarının sağlamlığına önəm verən insanlar da bu qaydalara əməl edir. Lakin bizim əhali arasında virusa inamsızlıq formalaşıb. Xüsusən də karantin rejimi yumşaldılması əksəriyyətdə  pandemiyanın yoxa çıxması təsəvvürünü yaratdı. Bu baxımdan ki, artıq  səbəbsiz olaraq, ehtiyac duyulmadığı təqdirdə belə  evdən çıxma halları geniş vüsət aldı.

Koronavirusla mübarizədə dövlət və aidiyyəti qurumlar səviyyəsində effektiv mübarizə tədbirləri həyata keçirilsə də, əhali səviyyəsində biz pandemiyaya uduzduq.

Vətəndaşların maska taxmaması, məsafə saxlamaması, dezinfeksiya vasitələrindən istifadə edilməməsi kimi hallar vəziyyətin gərginləşməsinə səbəb oldu. Yumşalma tədbirləri başlayan kimi yoluxanların sayının  artması da vətəndaşların məsuliyyətsizliyindən qaynaqlanır. Karantin qaydalarına əməl etməyən insanlar təkcə öz həyatlarını deyil, fərqində olmadan  əzizlərinin və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar". 

N. Mustafayevanın sözlərinə görə, əgər insanlar pandemiyaya qarşı mübarizəyə bu cür laqeyd yanaşmağa davam etsə, yoluxma sayının daha da artması və arzuolunmaz həddə yüksəlməsi qaçılmaz olacaq:

"Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik.  Bizdən tələb olunan isə məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əllərimizi yumaqdır. Tərəzinin digər gözündə həyat və sağlamlığın olduğunu nəzərə alsaq,  bu qaydalar elə də çətin deyil". 

Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə kampaniyaları və cərimələrin effektiv olması fonunda infeksionist ictimai qınaq və ictimai nəzarət mexanizminin tətbiqini zəruri hesab edir. Onun sözlərinə görə, koronavirusla mübarizə çərçivəsində Azərbaycanda yetəri qədər maarifləndirmə işi aparıldı. Rəsmilər, səlahiyyətli şəxslər və həkim – ekspertlər səviyyəsində özünütəcrid qaydalarına riayət olunmasının vacibliyinə dair tövsiyyələr verildi. Buna rəğmən hələdə COVİD-19-a bir oyun kimi baxanlar var: 

"Düşünürəm ki, belə insanlarla mübarizə aparmağın yeganə yolu ictimai qınaqdır. Biz bir çox məsələlərdə ictimai qınaq mexanizminin özünü doğrultduğunu və effektiv fayda verdiyini görmüşük. Fikrimcə, koronavirusla mübarizədə ictimai nəzarət mexanizminin həyata keçirilməsi insanların virusa yanaşmasını və davranışlarına müsbət mənada təsir edə bilər. Sosial izolyasiya və şəxsi gigiyena qaydalarına riayət etməyən, qoruyucu vasitələrdən istifadə etməyən  insanları çəkib göstərməklə  onların davranışlarını digərlərinə yanlış örnək kimi təqdim etmək olar. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Pandemiyanın bəşəriyyət və ölkəmiz üçün nə dərəcədə təhlükəli olduğunun ciddiyətinə varan insanlar pandemiya ilə mübarizədə  səlahiyyətli şəxslərə və həkimlərə kömək  etsələr bir daha çox insanın bu virusa inanmasına nail ola bilərik". 

N. Mustafayevanın sözlərinə görə, yoluxma sayı müəyyən həddi keçdiyi təqdirdə koronavirus daşıyıcılarını xəstəxanada yerləşdirmək mümkün olmayacaq:

"Digər ölkələrdə olduğu kimi Azərbaycan xəstəxanalarında da çarpayı və digər tibbi ləvazimatlar məhdud saydadır. Avropanın ən inkişaf etmiş ölkələri, hətta Amerika belə koronavirusa yoluxan xəstələr arasında seçim etmək məcburiyyətində qaldı. Qaydalara əməl olunmadığı, sanitar- epidemoloji vəziyyət kəskinləşəcəyi halda analoji vəziyyət Azərbaycanda da yaşana bilər. Koronavirusa yoluxma sayı pik həddə davam edəcəyi təqdirdə bu qaçılmaz olacaq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu