Belə getsə, yenidən iş yerləri bağlanacaq - "Şərq"in sorğusu acınacaqlı vəziyyəti ortaya çıxardı


Koronavirus  artıq  yuxularımıza da girir. Bilmirik, nə edək, hara gedək? Robinzon Kruzo kimi kimsəsiz bir adaya çəkilək? Buna da imkanımız yoxdur. Həm də çox qəribə bir düşmənlə üzbəüzük - heç yerdə görünməyən, amma hər yerdə olan. Deyəsən, yeganə çıxış yolu deyilənlərə əməl etməkdir.

Çünki vəziyyət pisləşir. Statistikaya inansaq, yoluxanların, vəfat edənlərin sayı hər gün daha da artır. Bir tərəfdən də, insanda şübhə yaradan məlumatlar yayılır. Vallah, adam lap başını itirir...Soydaşlarımız da fikirləri müxtəlifdir. “Sherg.az” saytı fərqli sahə nümayəndələri ilə  həmsöhbət olub:

“Gördüklərim qarşısında sözün əsl mənasında şok oldum”

 Şakir Ağayev, “Yeni zaman” qəzetinin baş redaktoru: “Dünən bir işlə bağlı şəhərə getmişdim. Gördüklərim qarşısında sözün əsl mənasında şok oldum. Heç bir faiz əhali tibbi maska taxmır, sosial məsafə saxlamır. Bildiyiniz kimi, dünən Beynəlxalq uşaqlar günü idi. Bütün valideynlər də övladlarının əlindın tutub küçədə gəzdirirdilər. Axı bu, yaxşılıq deyil. Bir hədiyyə ilə uşağı evdə də təbrik etmək olardı. Başa düşürəm, hava vacibdir. Amma bunun üçün avtobusa minib insanların ən çox olduğu yerə-bulvara getməyə ehtiyac yoxdur. Belə getsə, yenidən sərt karantin qaydaları tətbiq ediləcək, iş yerləri bağlanacaq. Əlbəttə, bu, əhaliyə sərf etmir. Elə isə gəlirlərindən məhrum olmamaq naminə qaydalara əməl etməlidirlər. Lap tutaq ki, qayda, qanun yoxdur. Bəs insanın daxili məsuliyyəti? Şəxsən mən hər yerə tibbi maska ilə gedirənm. Burda nə var ki? İntizamlı davranmaqla həm özümü, həm də cəmiyyəti qoruyuram. Hətta əməkdaşların da tədric olunmuş vəziyyətdə işləmələrinə icazə vermişəm. İndi hamı məsələnin ciddiliyini başa düşməli, bir-birinə güzəştə getməlidir”. 

“Gənclərimizin sağlamlığını xüsusi diqqətdə saxlamaq lazımdır”

 Almaz Həsrət, müəllim: “Dövlət bu sınaqdan minimum ziyanla çıxmağımızdan ötrü əlindən gələn hər şeyi edir. Amma nədənsə qayda və tövsiyələrə əməl etməyənlər də var. Şəxsən mən özümü qoruyuram. Gənclərimizin sağlamlığını xüsusi diqqətdə saxlamaq lazımdır. Çünki onlar bizim gələcəyimizdirlər. Mən təklif edirəm ki, bu il hər bir şagird öz oxuduğu məktəbdə imtahan versin. Əks halda onların sağlamlıqları üçün çox ciddi təhlükə yaranacaq”. 

“Pandemiyanın asteroloji əsası yoxdur”

 Səbuhi Rəhimli, “Qoroskop” jurnalının baş redaktoru, astroloq: “Açığı, mən koronavirusa inanmıram. Məncə, virus yoxdur, karantin var. Ən azından ona görə ki, verilən məlumatlar, deyilənlər tam və dəqiq deyil. Bu, insanda şübhə yaradır. Apreldə verdiyim bir müsahibədə demişdim ki, may ayının sonunda vəziyyət yaxşılaşacaq, iyunun ikinci yarısından etibarən isə əvvəlki həyatımıza qayıdacağıq. Düzdür, sərhədlər bağlı qala bilər. Lakin gündəlik fəaliyyətimizə təsir edəcək bir məhdudiyyət olmayacaq. Pandemiyanın asteroloji əsası yoxdur. Sadəcə onu deyim ki, həmişə müxtəlif xəbərlərlə insanları stress altında saxlamaq istəyirlər. Müxtəlif vaxtlarda dünyanın dağılması, bəşəriyyətin sonu, yerə asteroid düşməsi, su basması kimi xəbərlərin tirajlanması buna nümunədir. Mən ilin əvvəlində bu il kütləvi ölüm hallarının olmayacağını demişdim. İnanaq və ümid edək ki, elə də olacaq”.

“Nə qədər yaxşı qorunsaq, bir o qədər az olar”

Ayan Rzayeva, tələbə: “Çalışıram ki, adam çox olan yerlərə getməyim. Tibbi maska ilə gəzirəm. Bu, özümüzlə yanaşı, əzizlərimizin, yaxınlarımızın sağlamlığı üçün də vacibdir.  Nə qədər yaxşı qorunsaq, bir o qədər az olar”.



Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu