Avtobuslarda kondisioner qadağası - SƏBƏBİ AÇIQLANDI

Karantin qaydalarının yumşaldılması və əksər iş yerlərinin bərpası Bakıda gediş-gəlişin artmasına səbəb olub. Hazırda səhər və axşam saatlarında marşrut avtobuslarında sıxlıq müşahidə olunur. Görəsən, mövcud vəziyyətlə bağlı avtobuslar arasında intervallar necə tənzimlənir?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev  bildirib ki, marşrut avtobusları arasındakı interval sərnişin sıxlığına görə tənzimlənir:
“Marşrut avtobusları arasındakı interval sərnişin axınına uyğun tənzimlənir. İnterval baxımından marşrut xətləri arasında müəyyən fərqlər var. Yəni, sərnişin çox olursa, interval azalır, az olursa uzanır. Məsələn, interval pik saatlarda 4 dəqiqə təyin edilibsə, bu rəqəm axşam və günorta saatlarında dəyişir. Bu qayda həmişə belə olub. Karantin qaydalarının yumşaldılması ilə bağlı daşıyıcılara müraciət etmişdik ki, həm intervallarda problem yaranmasın, həm də avtobuslar sayında azalma olmasın”.

Digər vacib məqam isə havaların istiləşməsi ilə bağlı kondisionerlərin nə vaxtdan işə salınmasıdır. Saytımıza müraciət edən sərnişinlərin bəziləri Bakı Nəqliyya Agentliyinə məxsus avtobuslarda kondinsionerlə bağlı üzləşdikləri problem haqda məlumat veriblər. Onların sözlərinə görə, sərnişinlərin çox və havanın isti olduğu vaxt sürücüdən kondinsioneri işə salmasını xahiş edəndə bu cavabı eşidiblər: "Rəhbərlik koronavirusa görə kondinsioner işlətməyə icazə vermir".

Qurum rəsmisi bununla bağlı bildirib ki, vəziyyətdən asılı olaraq, avtobuslarda sərinləndirmə sistemləri işə salınacaq:

“Kondisionerlərin işə salınması, adətən yay mövsümü başlayanda olur. Bu da bizdə iyunun 15-də başlayır. Hələ ki yay mövsümü başlamayıb. Digər tərəfdən, bir neçə gündür özünüz də görürsünüz ki, havalar küləkli və sərin keçir. Dözülməz istilər də yoxdur, pəncərələri açmaqla salonda normal havalandırmanı təmin etmək olur. Təbii ki, vəziyyətə baxılacaq. Keçən il havalar isti keçdiyi üçün mayın ortalarından kondisionerləri işə saldıq. Yenə belə hal olarsa, onlar işə salınacaq. Sərnişinlər müraciət etsələr belə, “BakuBus”un sürücüsü sərinləndirmə sistemini qoşa bilməyəcək. Çünki həmin sistem ancaq qarajda işə salınır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu