“...Etibarnamə Azərbaycanda da ləğv olunacaq” - NƏ VAXT ? 

“Amma alternativ mexanizmlər yaradılmalıdır ki, çox rahat şəkildə avtomobillə bağlı əməliyyatlar icra olunsun”

“Hələlik, indiki qanunvericilimiz etibarnamənin aradan qalxmasına imkan vermir” 



“Uzun müddətdir ki, Azərbaycan cəmiyyətində, müxtəlif ekspert dairələrində etibarnamənin ləğv olunub-olunmaması ətrafında müzakirələr gedir”. 
Bu barədə “Sherg.az”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib. 
A.Allahverənov bildirib ki, bu mövzuda müəyyən diskusiyalar da açılıb: 

“Təbii ki, müzakirələr zamanı beynəlxalq təcrübəyə də nəzər salınır, yerli spesifik vəziyyət də öyrənilir, reallıq nədən ibarətdirsə, ona da baxılır. Etibarnamənin ləğvi məsələsi birmənalı qarşılanmır. Çünki bu polemikanın arxasında duran bəzi həlledici məqamlar müzakirə açan tərəflərə lehinə və ya əleyhinə öz təsirlərini göstərmiş olur. Bilirik ki, bu gün etibarnamə təkcə avtomobilin idarəolunması hüququnu verən bir sənəd deyil. Hörmətli deputatın çıxışında qeyd olunan məsələ daha çox avtomobilin idarə olunması ilə bağlı hüquqa əsas yaradan sənədlə bağlıdır. Amma reallıq ondan ibarətdir ki, bugün Azərbaycanda etibarnamənin digər təyinatları da var. Həmin sahələrdə etibarnamənin olması mütləqdir. Əksər vətəndaşımız avtomobili texniki şəhadətnaməni öz adına rəsmiləşdirmədən etibarnamə vasitəsi ilə idarə edirlər”. 

Ekspert vurğulayıb ki, 1 milyon 400 min avtomobilin böyük bir qismi etibarnamə ilə idarə olunur: 

“Birdən-birə bunların hamısını dövriyyədən çıxarırıq və dərhal avtomobilin texniki şəhadətnaməsinin bu və ya digər şəxslərin adına rəsmiləşdirmək barədə qərar veririk. Yəni etibarnamə olmursa, yalnız texniki şəhadətnamənin rəsmiləşdirilməsi ilə sahiblik hüququ təsdiq olunmuş olur. Belə halda sual yaranır ki, bəs avtomobili digər şəxsə vermək hansı hüquqi vəziyyətlərin yaranmasına gətirib çıxarır? Avtomobillə bağlı bəzi məsələlər, məsələn - texniki baxış, sığorta şəhadətnaməsi və digər məsələlər baş etibarnamə üzərindən həyata keçirilir”. 

Azər Allahverənov qeyd edib ki, düşünürəm ki, etibarnamənin ləğv olunması sadə texniki məsələ deyil: 

“Bununla bağlı çox ciddi müzakirələrin və mütləq mənada bütün tərəflərin iştirakının olması, rəylərinin öyrənilməsi vacibdir. Əlbəttə, nə zamansa etibarnamə Azərbaycanda da götürüləcək. Amma ona qədər sadaladığım məsələlər qanunvericilikdə öz əksini tapmalıdır. Alternativ mexanizmlər yaradılmalıdır ki, çox rahat şəkildə avtomobillə bağlı əməliyyatlar icra olunsun. Hələlik, indiki qanunvericilimiz etibarnamənin ləğvinə imkan vermir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu