"Meyxanadan uzaqlaşmışam, bundan sonra Allahı düşünmək lazımdır" - Elşən Xəzər

"Yazarların irad tutduğu meyxanalarda da qüsurlar olur. Amma aqressiya  ilə çıxış etmək ki, efirə çıxmasınlar, bu səhvdir!"

 2000-ci illərdə istər estrada, istərsə də meyxana janrı sahəsində duetlərin sayı xeyli artdı. Düzgün tərəf müqabili ilə çıxış edənlər uğur qazanaraq uzun müddət  xalqın sevimlisi oldular.

Həmin duet ortaqlarından biri də  Elşən Xəzər və Aqşin Fatehdir. İki dost meyxanaçı illərlə duet mahnılar ifa edərək heyranlarının rəğbətini qazandılar. Lakin sonralar dostlar yollarını ayrmış, hər kəs fərqli ifa tərzi ilə özlərini göstərmişdi. 

“Sherg.az” mövcud vəziyyəti nəzərə alaraq meyxanaçı Elşən Xəzərlə həmsöhbət olub. Müsahibəni təqdim edirik.

- Əvvəlki kimi duetlər oxumaq fikriniz varmı? 
 
- 7 ildir ki, meyxanadan uzaqlaşmışam.  İldə bir dəfə, iki dəfə  ilahi nəğmələr oxuyuram.  Duet  fikrim də yoxdur... 

-Bəs, Aqşin Fatehlə dostluğunuz davam edirmi?

-Bəli. Amma əvvəlki kimi sıx əlaqəmiz yoxdur. Çünki qabaqlar bir yerdə işləyirdik, indi toydan-toya, bayramdan-bayrama görüşürük. Münasibətimiz qalıb... 

-Dediniz ki, meyxanadan uzaqlaşmışam, səbəbi nədir?

- Bundan sonra Allahı düşünmək lazımdır.  Yaşımız keçib, meyxananı  cavanlığımızda deyirdik. Amma yaş artıq sözünü deyir. Bundan sonra bəzi şeylər var ki, olmur. 

-Uzaqlaşmış olsanız da izləyərsiz hər halda,  yeni nəsilin, meyxanaçıların fəaliyyətini necə dəyərləndirirsiniz?

-Sözün açığı çox da izləmirəm.  Meyxana yaxşı olan vaxtı yaxşı, pis olan vaxtı pisdi deyirik.  Meyxananın yazılmamış qayda - qanunları var. Onlarla deyiləndə gözəldir, kənar və ya yenilik olanda da bəyənilir. Yersiz  şəkildə ifa ediləndə  isə xoşa gəlmir.  

-Meyxana janrı zaman-zaman tənqidlərə məruz qalır, ən çox da yazıçıların iradları ilə üzləşir. Hətta çoxları efirdə belə görmək istəmir.  Bunlara münasibətiniz necədir?
  
-Yazarların işi yazmaqdır... Onlar da hər şeyi düz yazmırlar ki... Keçmiş yazıçılarla indikilərə baxsaq görərik ki, aralarında yerdən- göyə qədər fərq var. Bir-birlərinə irad tuta bilərlər.

- Demək olar incəsənətin bütün sahələrində vəziyyət  belədir, gözümüz keçmişi axtarır...

 -Bəli, məsələn hanı Şövkət Ələkbərova, Müslüm  Moqomoyev, Rəşid Behbudov, Xan əmimiz? – Yoxdur!  Bir şeyi pis görürsüzsə,  sənət pisdir mənasına gəlmir. Xeyir,  sənət deyil, ola bilər pis ifaçılar olsun. Ona görə nə deyə bilərəm? Hər nə  söyləsəm də, yaxşı çıxmaz. Yazarların özlərində də qüsurlar olur. Onların irad tutduğu meyxanalarda da həmçinin,  bəzi sözlərində haqq var. Amma aqressiya  ilə çıxış etmək ki, efirə çıxmasınlar, bu səhvdir! Meyxana fəxr etdiyimiz  folklor növüdür.  Çünki dünyanın heç bir yerində yoxdur, Azərbaycana məxsusdur.  Ona görə əks mübarizə aparmayaq. Pis varsa onu sıradan  çıxarmaq lazımdır ki,  yaxşısını daha kamil şəkildə millətimizə  təqdim etsinlər.  Doğrusu budur...

-Bir də görürsüz meyxanada gəncləri kriminala sövq edən ifadələr işlədilir. Bu olmalıdırmı, yoxsa yanlışdırmı?

-Bəzən muğam ifaçılarının, estrada müğənnilərin ifalarında da olur. Məsələn türk mahnılarından biri “ Kafama sıkar giderim.” Özüdə Türkiyədə çox sevilən, mərhum  müğənni Ahmet Kaya oxuyurdu. Belə  sözlər olur... Elə “ Kafama sıkar giderim” də təbliğatdır axı, yəni  insanlar sevgilisindən ayrılıbsa, başına güllə vursun ölsün? Repdə söyüşlər var.  Bu yaxınlarda bir muğam ifaçısı  muğamın üstündən “ Dolya Vorovskaya” oxudu. Bu şeylər baş verir. O aləmin də özünün  adamları var. Hamı həkim olmayacaq ki.. Hərə özü üçün bir peşə, sənət, yol seçir.  Bəzən onların da toyları məclisləri, ad günləri olur. Meyxanaçılardan da xahiş edirlər ki, mənim üçün bu sözü de... Belə mənzərəni tək meyxananın üzərində görmək doğru deyil.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu