Trampın növbəti hədəfi – “ANTİFA”

“Donald Tramp “ANTİFA” hərəkatını terror təşkilatı adlandırdı və bununla da növbəti dəfə dünya ictimaiyyətini və Amerika xalqını şoka saldı. Ona görə növbəti dəfə ifadəsini işlətməyi zəruri hesab edirik ki, Tramp özünə qədər olan ABŞ Prezidentlərinin bu və ya digər səbəbdən həyata keçirməyə cürət etmədiyi bir sıra  regional və qlobal məsələləri həyata keçirməyə səy göstərib. Bununla da dünya ictimaiyyətini təəccübləndirib”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq qeyd edib ki,  “Antifa” Amerikada baş verən münaqişə və mitinqlər fonunda Trampın tez-tez təkrar etdiyi kimi qrup ya təşkilat deyil, amorf bir hərəkatdır:



“Faşizm əleyhinə hərəkat kimi formalaşan “ANTİFA”  1960-cı ildə Avropada meydana gəlib. Hərəkatın ideyası ondan ibarətdir ki, insanlar ciddi mübarizə aparsaydılar onlar vaxtında faşizmin meydana gəlməsinin qarşısını ala bilərdilər. Faşizmin və ona bənzər quruluşun bundan sonra meydana gəlməsinin qarşısını almaq lazımdır. “ANTİFA” bu məsələni bir vəzifə kimi qarşısına qoyub. Hansı ölkədə yarana biləcəyindən asılı olmayaraq “ANTİFA” bu quruluşun yaranmasına imkan verməyəcək. ABŞ-da isə 1970-ci illərdən sonra bu hərəkatın baş qaldırması haqqında məlumatlar mövcuddur”.

Ə.İbrahimov bildirib ki, Amerikada Trampa qədər hakimiyyətdə olan bütün prezidentlər bu ölkədə mövcud olan təşkilatların terror təşkilatları siyahısına salınmasının əleyhinə olublar. Bu gün terror qrupları arasında Amerika təşkilatı mövcud deyil:

“Bu da Amerika Konstitusiyasına edilmiş birinci düzəlişdən irəli gəlir. Bu düzəlişə görə bu təşkilatlarda üzvlük söz azadlığının həyata keçirilməsi hüququ ilə bağlıdır. Amerika vətəndaşı bu təşkilatlarda fəaliyyəti zamanı qanun pozuntusuna yol verərsə, o hüquqi məsuliyyətə cəlb olunacaq. Əks təqdirdə ona bu və ya digər təşkilatda fəaliyyətinə görə rəsmi ittiham irəli sürülə bilməz.
Xarici terror təşkilatlarına münasibət Amerika qanunvericiliyində tamamilə fərqlidir. Milli Antiterror Mərkəzinin tərtib etdiyi siyahıya nəzər saldıqda orada Amerika təşkilatlarının mövcud olmadığını görürük. 
 Trampın “ANTİFA”- hərəkatını terror qruplaşması adlandırması və bununla əlaqədar hüquqi addımlar atılacağı  halda Amerika vətəndaşları xarici terror qruplarında iştirak etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunduqları kimi, Amerikada da inanclarına görə cinayət məsuliyyətinə cəlb olunacaq və 20 ilə qədər həbsxanalara atılacaqlar”. 

Analitik vurğulayıb ki, “ANTİFA” hərəkatının yeni dalğası ABŞ-da 2017-ci ilin avqustuna təsadüf edir:

“Bu vaxt hərəkat iştirakçıları sağ ekstremist qrupları ilə qarşıdurmaya girmişdilər. Hərəkatın təşkil etdiyi nümayişlərin dinc xarakter daşımasına baxmayaraq, bəzən qanun pozuntularına yol verilirdi. Bu gün “ ANTİFA”  fəalları yenə də sağ təmayüllü qruplaşmalarla qarşı-qarşıya dayanıb. Onlar öz konsepsiyalarına yeni əlavələr edərək Prezident Trampa qarşı mübarizəni də qarşılarına məqsəd qoyublar. Eyni zamanda hüquq mühafizə orqanları, xüsusilə polis qüvvələri hərəkat iştirakçılarının hədəflərindəndir. Onlar hesab edirlər ki, polis qüvvələri ABŞ-da faşizmin və ağ irqçiliyin qorunmasına xidmət edirlər”.

Ə.İbrahimovun sözlərinə görə, Tramp administrasiyasının ciddi cəhdinə baxmayaraq “ANTİFA”-nın terror təşkilatı adlandırılması Amerika ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb:

“Artıq Prezidentin bu qərarına qarşı səslər yüksəlməkdədir. Hüquqşünaslar Konstitusiyaya edilmiş dəyişikliyi əsas gətirərək ABŞ Prezidentinin buna səlahiyyətinin çatmadığını iddia edirlər.
ABŞ-ın  Ədliyyə Departamentinin keçmiş əməkdaşı Mary McCord  Tramp və onun ətrafındakıların “ANTİFA”-nı terror təşkilatı adlandırmasına baxmayaraq, “ Amerikada mövcud olan təşkilatları terror təşkilatı adlandıra biləcək heç bir qüvvə mövcud deyil”- deyərək buna qarşı çıxıb”. 

Politoloqun fikrincə, Trampın qarşısını alan qüvvə də hələ görünmür:

“Onun bu addımı qarşıdan gələn prezident seçkilərində nüfuzunun artmasına səbəb olacaqsa, Tramp heç nədən çəkinməyəcək. Əks halda bu təşəbbüs də Trampın bəzi təşəbbüsləri kimi anons olaraq qalacaq. Amma görünən budur ki, Tramp administrasiyası indi vəziyyəti dramatikləşdirməkdən qaçır. Hadisələr çox sürətlə və indiki hakimiyyətin arzu etmədiyi istiqamətdə inkişaf edir. Amerikada bu gün hər dəqiqənin bir hökmü var”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu