Həkimdən SOS: “Bu xəstəliyi olanların yoluxma riski iki-üç dəfə artacaq” - Necə qorunmalı ? 

"Böyrək, ürək çatışmazlığı, yüksək qan təzyiqi olan, şəkərli diabetdən əziyyət çəkənlər vaxtlı-vaxtında dərmanlarını qəbul etməli, özlərini izolyasiya etməlidirlər” 

“Bu virus da əsasən immun sistemi zəif olan insanları risk altında qoyur”



"Koronavirus həmişə olub, bundan sonra da olacaq. Bizim bədənimizdə milyardlarla mikrob var. Necə ki biz bu günə qədər onlarla yaşamağı öyrənmişik. Bundan sonrakı mərhələdə də koronavirusla yaşamağı öyrənəcəyik.  Amma etiraf edim ki, öyrənmə  proses bizim üçün çətin və ağrılı olacaq. İstənilən halda yoluxanlar və rəhmətə gedənlər olacaq". Bu sözləri Sherg.aza tibb üzrə fəlsəfə doktoru Vasif  İsmayıl   deyib. 
İsti havalarda virusların yayılma sürətinin  aşağı düşəcəyi ilə bağlı ehtimalı dəyərləndirən tibb eksperti deyib ki,  bu real müşahidədir. Amma  virusun yayılma sürəti məhz  havaların istiliyi ilə bağlı aşağı düşmür: 

"İstilik virusu məhv edir yanaşması yanlışdır.  Virusun fəaliyyətini deaktivasiya edən temperatur  60-65 dərəcədir.  Dünyanın hansı nöqtəsində  havanın temperaturu 60 dərəcə yüksəlir.  Virusu öldürən istilik deyil,  günəş şüasıdır. Günəşin tərkibindəki ultrabənövşəyi  şüalar virusun zülalını denaturasiyaya uğradır.  Bu zaman da belə bir sual ortaya çıxır:  Biz gündəlik həyatımızda günəş şüası ilə nə qədər təmasda oluruq. 

İnsan həyatında günəşdən qorunma faktoru çox yüksəkdir.  Biz maksimum dərəcədə  günəş şüası ilə az  təmasda olmağa çalışırıq. Bu səbəbdən ya aylarında virus məhv olacaq gözləntimiz özünü doğrultmayacaq. Koronavirus başlayanda Brazilyada yay idi, amma orda  yoluxma sayı pik həddə qədər yüksəldi. Mənim fikrimcə yay mövsümündə yoluxmanı azaldan mühüm faktor təbii qidalardan istifadə ilə bağlıdır.

Meyvə tərəvəz çox yeyirik deyə immun sistemimiz xəstəliyə qarşı dözümlü olur və virusun sürəti aşağı düşür. Eyni zamanda isti aylarda  gündüz saatları daha çox olduğundan insanlar daha çox hərəkət edirlər, özlərini daha yaxşı hiss edilər ki, bu da onların immun sistemini möhkəmləndirir". 

V.İsmayıl yoluxma hallarının artmasını nəzərə alaraq, virusdan qorunma ilə bağlı indiyə qədərki tövsiyələrə ciddi şəkildə əməl edilməsinin vacibliyini bir daha vurğulayıb:

“Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək. Ona görə də insanlar mütləq şəkildə sosial məsafəni qorumalı və gigiyenik qaydalara əməl etməlidirlər. İnsanlar həmçinin düzgün qidalanmalı, mütləq şəkildə meyvə-tərəvəz balansına fikir verməlidirlər. Çoxlu su içmək isə həmişə məsləhətlidir”.

Koronavirus pandemiyası ilə bağlı  əhalinin inamsızlığına gəldikdə isə V. İsmayıl deyib ki, bu laqeydlik  insan xarakterindən irəli gələn məsələdir və "universal görüntü" daşıyır:

"Dünyanın hər yerində belə adamlar var.  Virusun mövcudluğuna inanmayanlar  kifayət qədər yaxşı qorunur". 

Həkimin sözlərinə görə, böyrək, ürək çatışmazlığı, yüksək qan təzyiqi olan, o cümlədən də şəkərli diabetdən əziyyət çəkən xəstələrin xüsusi risk qrupuna daxil olduğu üçün virusa asanlıqla yoluxa bilirlər:

" Bu virus da əsasən immun sistemi zəif olan insanları risk altında qoyur. Sadalanan xəstəlikləri olanlar, eləcə də şəkər xəstələri vaxtlı-vaxtında dərmanlarını qəbul etməli, ilk növbədə özlərini izolyasiya etməlidirlər. Əgər belə xəstələr özlərini qorumasalar, onların yoluxma riski iki-üç dəfə artacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu