Həcc ziyarəti olmayacaq: İndiki dövrdə İslam söz haqqını təbiblərə, həkimlərə həvalə edir


 Builki Həcc ziyarəti ilə bağlı hələ də konkret qərar qəbul edilməyib. O cümlədən  azərbaycanlı zəvvarların da Həcc ziyarətində iştirak edib-etməyəcəyi məlum deyil. Koronavirus pandemiyası səbəbiylə bu il Həcc ziyarəti ümumiyyətlə keçirilməyə bilər. 

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumatda qeyd olunur ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana hələ heç bir bildiriş gəlməyib və əgər cavab olmasa, deməli bu il Həcc ziyarəti təşkil edilməyəcək:
"Həcc ziyarəti müəyyən prosedur əsasında baş tutur, yəni sənəd qəbulu, aviareyslərin təşkili və s. Bütün bunlar vaxt tələb edən məsələlərdir. Əgər bu ay ərzində Səudiyyə Ərəbistanından bildiriş gəlsə və sənəd qəbulu bərpa olunsa, Həcc ziyarəti baş tuta bilər, ancaq növbəti ay gec olur. Qurban bayramı ildə bir dəfə olur və o zaman Həcc ziyarəti baş tutmalıdır".
Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.
Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.
Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.
Bəs Həcc ziyarətinin ləğvi ilə bağlı dində hökm nədir? 

İlahiyyatçı Aga Hacıbəyli “Şərq”ə açıqlamasında qeyd etdi ki, Həcin hökmü Quranla sabitdir: 

- “Qurani-Kərim”də bir neçə yerdə həccdən bəhs edilir. “Ali-İmran” surəsi 97 - ci ayədə buyrulur. " ...yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib o evi ( Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur...." Hacılar Rəhmanın müsafirləridir. O evdə Rəbbə qonaq olmaq hər insanın ən dəyərli arzusudur. Bu ibadət zilhiccə ayında gerçəkləşir. Bu il isə koronavirusla bağlı qaydaların dəyişməsi vacibdir. Əks halda, 4-5 milyon müsəlmanı təhlükəyə atmaqla yenidən yoluxma şəraiti yaranar. Odur ki, müqəddəs məkana ziyarəti ümumbəşəri dəyərlər konteksindən dəyərləndirmək lazımdır. Xəstəliyin tüğyan etdiyi bir dövrdə İslam söz haqqını təbiblərə, həkimlərə həvalə edir. Həmin zaman həkim sözü, müctəhid sözündən daha məqbuldur. 
Şərti olaraq da bəzən haramlar, anına görə halal ola bilir. İnsan həyatı islamda müqəddəsdir. O, bir əmanətdir. Can yalnız can sahibi yolunda, əmrləri çərçivəsində veriləbilər. Ümid edirik ki, dünyamızın seyrini dəyişən bu müsibətə - koronaya həm peyvənd həm də dərman ən qısa zamanda tapılar. Həccə niyyətli olan müsəlmanlar da rahatca öz ibadətlərini yerinə yetirər. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu